"Football-plus.az" xəbər verir ki, çempionluq uğrunda mübarizəni davam etdirən “Real” “Selta” ilə oyunu aktivinə yaza bilməz. Əlbəttə, komanda 3 xal qazandı – bu yaxşıdı. Ancaq oyunun axarını və sonluğunu nəzərə alanda məntiqdən yox, bəxtin gətirməsindən danışmaq lazımdı. İlk yarı xaotik təsir bağışladı. “Real” erkən qol vursa da, “Selta” əks-hücumda hesabı bərabərləşdirdi. Viqolular 1:1-dən sonra bir qədər də ruhlandı. 2-ci hissədə də meydan sahiblərinin real qol vəziyyətləri qonaqlarla müqayisədə daha çox idi. Hər şey ədalətli heç-heçəyə doğru apararkən son dəqiqələrdə səkən top “Real”a qələbə qazandırdı.
Kubokda mübarizəni dayandıran “Atletik” və “Barselona” motivasiya baxımından əziyyət çəkmədi, onların dueli maraqlı keçdi. Kataloniyalılar növbəti dəfə Bilbao klubunu məğlub edə bildi. Ancaq bu dəfə darmadağın qeydə alınmadı. Artıq 1-ci dəqiqədə Kanselo az qala avtoqola səbəbkar olacaqdı. 10-cu dəqiqədə isə basklar məcburi dəyişikliyə əl atdı – zədələnən Qomes meydanı yalnız həkimlərin köməyi ilə tərk etdi. Bundan sonra meydanda daha ehtiyatlı oyun getdi. Fasiləyə yaxın komandalar yenidən canlandı. 42-ci dəqiqədə İnyaki Uilyams hətta qol da vurdu. Ancaq bu qol ofsayd üzündən sayılmadı. Fasilədən sonra gözlənilən oldu: “Barsa” təzyiqi artırdı. Simon Reşfordun zərbəsini dəf etdi, Kubarsi “çərçivə”yə düşmədi.
Ardından Xoan Qarsiya 5 dəqiqə ərzində iki dəfə Sansetin təhlükəli zərbələrinin qarşısını aldı. 2-ci hissənin ortalarında Yamal növbəti dəfə səhnəyə çıxdı. Gənc istedad cərimə meydançasının sağ küncündə rəqibin oyunçularını işsiz qoyub, topu uzaq “9-luğ”a vurdu. Bu qol oyunda yeganə oldu. “Barsa” sonda bilərəkdən “iki nömrə” rolu ilə kifayətləndi, “Atletik”in oyunçuları çox çalışdılar, hətta Navarra uzatma dəqiqələrində bərabərlik qolunu vurmağa yaxın oldu. Vacib qələbə qazanan kataloniyalılar yenidən “Real”la xal fərqini 4-ə çatdırdı, “Atletik” isə “Selta”ya yaxınlaşmaq imkanını qaçırdı.
Ölkə futbolunun digər nəhəngi “Atletiko” “Real Sosyedad”ın müqavimətini qırdı. Kubokun finalçıları oyuna kəşfiyyatsız başladı. Sörlot artıq 5-ci dəqiqədə sabiq komandasının qapısına yol tapmaqla “hindular”ı irəli çıxardı. Basklar əlini yanına salmadı, Soler dərhal hesabı bərabərləşdirdi. Ardından “hindular” Remironun qoruduğu qapıya hücum dalğası təşkil etdi. Sadəcə, hücumları qolla tamamlayan yox idi. Fasilədən sonra da oyunun axarı dəyişmədi. “Atletiko”nun üstünlüyü 2-ci qolda əksini tapdı. Bu qolu sonradan oyuna qoşulan Qonsaleslə Qrizmann təşkil etdi. Mataratsonun məşqçi bacarığı da göründü. Onun 56-cı dəqiqədə meydana buraxdığı Oyarsabal az sonra hesabı bərabərləşdirdi. Hər halda, bu oyunda məhz “Atletiko” qələbəyə layiq idi. 81-ci dəqiqədə hava mübarizəsində Erreraya qalib gələn Qonsales topu tora göndərdi. “Hindular”ın çempionatda qələbə seriyası 3 oyuna çatdı. “Real Sosyedad” isə Mataratsonun dönəmində yalnız Madriddə uduzur. Basklar “Selta”nın büdrəməsindən yararlana, “avrokubok zonası”na yaxınlaşa bilmədi.
Turun qalan oyunlarına gəlincə, “Vilyarreal” “Elçe”yə qalib gəlməklə 3-cü yerə iddiasını davam etdirdi. “Real”ın ardından “Betis”i də məğlub edən “Xetafe” hamını təəccübləndirdi. “Espanyol” da “avrokubok zonası”na yaxınlaşa bilərdi. Ancaq “tutuquşular” evdə turnir cədvəlinin sonuncusu “Ovyedo” ilə heç-heçə etdi. Həftənin ortasında təxirə salınan oyunda elə həmin “Ovyedo”nu darmadağın edən “Rayo Valyekano” hesabat turunda səfərdə “Sevilya” ilə bərabərə qaldı. 1:1 hesabı “Levante” – “Jirona” oyununda da qeydə alındı. “Osasuna” – “Malyorka” oyununda komandalar hərəyə iki qol vurdu. “Valensiya” “Mestalya”da “Alaves” üzərində əzmkar qələbə qazandı, qonaqlar oyunu 9 nəfərlə bitirdi.
27-ci tur
Selta – Real 1:2
İqlesias, 25 – Çuameni, 11. Valverde, 90+4. (22048)
Real: Kurtua, Mendi, Rüdiger, Asensio, Aleksander-Arnold, Pitarç (Anxel, 90), Çuameni, Valverde, Vinisius, Gülər (Palasios, 65), Dias (Q.Qarsiya, 77).
Atletik – Barselona 0:1
Yamal, 68. (50629)
Barselona: X.Qarsiya, Kanselo, Martin, Kubarsi, E.Qarsiya, Bernal (Pedri, 46), Kasado (Arauxo, 78), Olmo (Lopes, 62), Reşford (Rafinya, 62), Yamal, Torres (Levandovski, 62).
Atletiko – Real Sosyedad 3:2
Sörlot, 5. Qonsales, 67; 81 – Soler, 9. Oyarsabal, 68. (60788)
Atletiko: Oblak, Molina, Ximenes, Hantsko, Ruceri, Mendosa (Lyorente, 46), Koke (Kardoso, 61), Simeone (Alavares, 53), Almada (Qonsales, 54), Lukman (Qrizmann, 53), Sörlot.
Vilyarreal – Elçe 2:1
Byukenen, 31. Mourinyo, 41 – A.Silva, 83. (16301)
Osasuna – Malyorka 2:2
Barxa, 89. Budimir, 90+4 – Muriqi, 35; 61. (19746)
Xetafe – Betis 2:0
Femenya, 28. Satriano, 45+1. (8757)
Levante – Jirona 1:1
Espi, 50 – Roka, 90+4. (18552)
Sevilya – Rayo Valyekano 1:1
Adams, 13 – Espino, 50. (37178)
Valensiya – Alaves 3:2
Gerra, 47. Comərt, 90. Duro, 90+9-p. – Boye, 3-p.; 71. (41512)
Espanyol – Ovyedo 1:1
K.Qarsiya, 36 – Reyna, 8. (24807)
1. Barselona 27 22 1 4 72-26 67
2. Real 27 20 3 4 56-23 63
3. Atletiko 27 16 6 5 46-25 54
4. Vilyarreal 27 17 3 7 50-32 54
5. Betis 27 11 10 6 42-34 43
6. Selta 27 10 10 7 37-30 40
7. Espanyol 27 10 7 10 34-40 37
8. Real Sosyedad 27 9 8 10 40-41 35
9. Xetafe 27 10 5 12 23-29 35
10. Atletik 27 10 5 12 30-37 35
11. Osasuna 27 9 7 11 32-32 34
12. Valensiya 27 8 8 11 30-41 32
13. Rayo Valyekano 27 7 10 10 27-33 31
14. Sevilya 27 8 7 12 35-42 31
15. Jirona 27 7 10 10 28-43 31
16. Alaves 27 7 6 14 25-37 27
17. Elçe 27 5 11 11 35-41 26
18. Malyorka 27 6 7 14 31-44 25
19. Levante 27 5 7 15 29-45 22
20. Ovyedo 27 3 9 15 17-44 18
Bombardirlər: Mbappe (Real) - 23, Muriqi (Malyorka) – 18, Yamal (Barselona) – 14, Budimir (Osasuna) – 13, Torres (Barselona) – 12.
Növbəti turun oyunları martın 13-16-sı aralığında keçiriləcək: Alaves – Vilyarreal, Jirona – Atletik, Atletiko – Xetafe, Ovyedo – Valensiya, Real – Elçe, Malyorka – Espanyol, Barselona – Sevilya, Betis – Selta, Real Sosyedad – Osasuna, Rayo Valyekano – Levante.
Turun rəqəmi
50 – Yamal 18 yaş 237 günlüyündə rəsmi yarışlarda qol sayını bu həddə (44-nü “Barselona”nın, 6-nı İspaniya yığmasının heyətində) çatdırdı. Maraqlıdı ki, Lionel Messi 50-ci qolu 20 yaş 315, Kriştiano Ronaldo isə 21 yaş 297 günlüyündə vurub.
Turun ulduzu
Nikolas Qonsales (Atletiko) – zədəsini sağaldan futbolçu dubl etməklə komandasına qələbə qazandırdı. Əvvəlcə Qrizmanna ötürmə verdi, aldı və qol vurdu, ardından Rucerinin dəqiq ötürməsindən yararlandı.
Turun sitatı
Santyaqo Kanisares, “Real”ın və “Valensiya”nın sabiq qapıçısı:
“Selta” ilə oyunda heç-heçə ən ədalətli nəticə olardı. Qələbəyə baxmayaraq, “Real”ı çempionluq uğrunda mübarizədə “Barselona”ya rəqib saymıram”.
Oyundan sonra
Alvaro Arbeloa, “Real”ın baş məşqçisi:
“Dünyanın ən yaxşı klubunun 124 illiyini qeyd etməyin hamı ilə və hamıya qarşı döyüşməkdən yaxşı yolu yoxdu. “Selta” ilə oynamağın necə çətin olduğunu bilirik, həmişə belə olub. Bura heyətdəki böyük itkilərlə gəlmişdik. Akademiyamızı və futbolçuların göstərdiyi xarakteri qeyd etmək lazımdı. Həmişə olduğu kimi, yenə də qələbə üçün oynadıq. La Liqada uzun yolumuz var, hələ çox xal toplamalıyıq. Hər oyun savaş olacaq. Bugünkü oyuna görə tərifi haqq edirik. Gülər bura gələn gündən bəri ona ən çox inanan məşqçi mənəm. Bilmirəm, başqa kimsə onun üçün bu qədər imkan yaradıbmı... Ondan çox razıyam. La Liqanı qazansaq, bu qələbəni xatırlayacağıq. “Real” inanan və döyüşən komandadı”.
Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:
“Əlbəttə, həmişə oyunçularla qürur duyuram. Ancaq komanda daxilindəki atmosferi daha yüksək dəyərləndirirəm. Bu gün əsəbləşmədim. Oyunçuları “Atletiko” üzərindəki qələbədən sonra gördüm, onlara əmin idim. Bu gözəl stadionda, əla komanda ilə oyunda qələbə qazanmağın çətin olacağını bilirdik. Burda qələbə qazanmaq möhtəşəmdi”.