AZ

"Tramp müharibəni dayandırmaq niyyətindədir"

ABŞ Prezidenti Donald Tramp gah bildirir ki, İranla müharibə yaxın günlərdə sonlanacaq, gah da deyir ki, proses hələ uzun müddət davam edəcək. Rəsmi Tehran isə vurğulayır ki, müharibənin gedişatı əsasən İrandan asılıdır.

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Xəyal Bəşirov qeyd etdi ki, Donald Tramp hakimiyyətə gəldikdən sonra bütün qlobal proseslərlə münasibətdə ziddiyyətli fikirlər səsləndirdirir:

"Zaman-zaman bir fikrin arxasınca növbəti mərhələdə tamamilə fərqli fikirlər səsləndirməsi artıq bizdə təəccüb doğurmur, beynəlxalq ictimaiyyətdə də təəccüb doğurmur. İrana münasibətdə də, əslində, buna qədər də dəfələrlə fərqli fikirlər səsləndirib. Məsələn, ən əhəmiyyətli bir ziddiyyət onunla bağlı olub ki, keçən il iyun ayında 12 günlük müharibə zamanı İranın bütün nüvə obyektlərinin sıradan çıxarıldığını və yenidən İranın bu nüvə potensialını bərpa etmək üçün ona illər, onilliklər lazım olduğunu deyən Donald Tramp, bir neçə ay sonra yenidən İrana nüvə obyektlərinin məhv edilməsi, nüvə arsenalının məhv edilməsi, zənginləşdirilmiş urandan İranın məhrum edilməsi üçün əməliyyata başladığını iddia edib. Əgər keçən il iyun ayında 12 günlük müharibə zamanı İranın bütün nüvə potensialı, arsenalı məhv edilmişdisə, yenidən nüvə silahı bəhanəsi ilə İrana hücum edilməsi, təbii ki, ziddiyyətli fikirdir. Amma hər bir halda Donald Tramp bütün bu ziddiyyətli fikirlərə rəğmən İrana hücum etdi. Fikirlər var idi ki, o hücum olmayacaq, Donald Tramp sadəcə görüntü xatirinə, güc nümayiş etdirmək xatirinə bu addımı atır, amma hücum baş verdi.

Həmin hücumdan sonra indi 12-ci gündür ki, müharibə davam edir və bu müharibənin gedişatında çox ciddi proseslərin şahidi olmuşuq. İranın bütün siyasi-hərbi rəhbərliyi demək olar ki, sıradan çıxarıldı. İrana 37 il rəhbərlik etmiş şəxs öldürüldü. İranın nüvə obyektləri daxil olmaqla bütün strateji obyektləri vuruldu, hərbi imkanları məhdudlaşdırıldı və məhv edildi. İranın donanmasına ciddi zərbələr vuruldu. Əsas məqsəd İrandakı rejimi devirməkdir. Donald Tramp hələ ki, buna nail ola bilməyib. Ona görə də Tramp bu müharibəni İsraillə birlikdə davam etdirir. Bu fikirlərin səsləndirilməsi, əslində, Donald Trampın İranla müharibədən daha çox ölkə daxilindəki vəziyyətə görə ona olan rəğbətin ciddi şəkildə zəifləməsinə görə, qarşıda gələn aralıq seçkilərində nəticələrə görə narahat olması ilə bağlıdır".

Müsahibimiz düşünür ki, Donald Tramp müharibəni dayandırmaq niyyətindədir:

"Ancaq burada İsrail faktoru var və İsrail Donald Trampın bu fikirdən yayınmasına çalışır. Hələ ki, proseslər davam edir və ümid edək ki, bu dəhşətli müharibə növbəti bir fazaya qədəm qoymayacaq. Söhbət hansı fazadan gedir? Digər dövlətlərin bu prosesə qarışması artıq üçüncü dünya müharibəsinin reallaşmasına gətirib çıxaracaq. Hələ ki, bunun qarşısı müəyyən formalarda alınıb və yaxud da bəzi dövlətlər buna getməyə cəsarət etmir. Bu mərhələdə prosesin dayandırılması daha yaxşı olardı, münaqişə və ya müharibə daha da alovlanmasa yaxşıdır. Çünki bu müharibənin fəsadlarını artıq görürük. Düzdür, qonşu region olsaq da, hələ ki, Cənubi Qafqazda sabitlik və təhlükəsizlik var, amma bu o demək deyil ki, gələcəkdə digər dövlətlər, məsələn, ərəb ölkələri, Mərkəzi Asiyadan Pakistan, Avropa dövlətləri bu prosesə qarışsa, vəziyyət eyni şəkildə davam edəcək. Bu baxımdan düşünürəm ki, tərəflər bir-birlərini hələ də təhdid edir. İran özünün müharibəni bitirəcəyi ilə bağlı fikirlər səsləndirsə də, raket arsenalı, silah arsenalı və digər imkanları gündən-günə tükənir. Digər tərəfdən Amerika Birləşmiş Ştatları və İsrail öz gücünü, üstünlüyünü diktə etməyə çalışır. Onların, eləcə də İsrailin ərazisində kifayət qədər ciddi dağıntılar var. Bununla bağlı məlumatlar azdır, amma atılan raketlərin sayı və dalğalarından müəyyən təsəvvür əldə etmək mümkündür".

Nuriyyə NATİQQIZI

Seçilən
71
1
redaktor.az

2Mənbələr