AZ

Azərbaycan ehtiyatlı diplomatiyası ilə geosiyasi tarazlığın mühüm aktorlarından birinə çevirilib - ŞƏRH

Bakı, 11 mart, AZƏRTAC

Son illərdə beynəlxalq sistem getdikcə daha kövrək və qeyri-stabil xarakter alarkən, Avrasiya coğrafiyası da ard-arda baş verən böhranların əsas mərkəzlərindən birinə çevrilib. Yaxın Şərqdə dərinləşən münaqişələr, enerji təhlükəsizliyi ilə bağlı müzakirələr və qlobal ticarət yollarının yenidən formalaşması ölkələrin geosiyasi mövqelərini yenidən müəyyənləşdirməsinə səbəb olub. Bu geniş mənzərə daxilində Cənubi Qafqaz artıq yalnız regional rəqabət meydanı deyil, Avropa ilə Asiya arasında strateji əlaqə nöqtələrindən biri kimi qiymətləndirilir.

Bu sözləri AZƏRTAC-a açıqlmasında “Kıbrıs Raporu” Xəbər Agentliyinin Baş redaktoru, siyasi şərhçi Mert Özdeş deyib.

O qeyd edib ki, rəsmi Bakının son illərdə həyata keçirdiyi balanslı xarici siyasət, enerji və nəqliyyat layihələrinə etdiyi investisiyalar və regional böhranlarda nümayiş etdirdiyi ehtiyatlı diplomatiya ölkəni Avrasiyadakı geosiyasi tarazlığın mühüm aktorlarından birinə çevirib. Son illərdə Azərbaycanın ön plana çıxan ən mühüm xüsusiyyətlərindən biri Avrasiyada nəqliyyat və logistika şəbəkələrinin əsas mərkəzlərindən biri olmasıdır. Xəzər dənizi vasitəsilə Orta Asiyaya, Qafqaz üzərindən Türkiyə və Avropaya uzanan nəqliyyat xətləri Azərbaycanı qlobal ticarət üçün strateji keçid nöqtəsinə çevirir. Lakin Azərbaycanın əhəmiyyəti yalnız ticarət marşrutları ilə məhdudlaşmır. Ölkə eyni zamanda böhran dövrlərində təhlükəsiz lojistik imkanları ilə ön plana çıxır. Avropa, Orta Asiya və Yaxın Şərq arasında qurduğu balanslı diplomatiya sayəsində Bakı müxtəlif aktorların ünsiyyət qura bildiyi nadir platformalardan biridir. Bu səbəbdən Azərbaycanın oynadığı rol yalnız tranzit ölkə olmaqdan daha artıqdır, o, regional sabitliyi dəstəkləyən “geosiyasi körpü” funksiyasını daşıyır.

Ekspertin fikrincə, Qarabağ Zəfərindən sonra Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıq regionun uzun illər davam edən münaqişə dövründən çıxa biləcəyinə dair mühüm siqnallar verir. Azərbaycan ilə Ermənistan arasında aparılan diplomatik təmaslar və nəqliyyat xətlərinin açılması istiqamətində atılan addımlar regional inteqrasiya baxımından yeni bir imkan yaradır. Nəqliyyat dəhlizlərinin açılması yalnız iki ölkə arasındakı münasibətləri normallaşdırmaqla kifayətlənməyəcək, eyni zamanda Orta Asiya, Türkiyə və Avropa arasında yeni iqtisadi əlaqələrin qurulmasına da töhfə verəcək.

“Bu səbəbdən, Cənubi Qafqazda sülh prosesi ilə iqtisadi əlaqələndirmə layihələri bir-birindən ayrılmaz iki element kimi qiymətləndirilməlidir. Bu gün Cənubi Qafqazın gələcəyi əsasən əlaqələndirmə layihələri, iqtisadi inteqrasiya və diplomatik dialoq üzərində qurulur. Türkiyə ilə Azərbaycan arasındakı strateji uyğunluq isə bu yeni geosiyasi memarlığın ən güclü sütunlarından biri kimi ön plana çıxır”, - deyə Mert Özdeş əlavə edib.

Seçilən
56
2
azertag.az

3Mənbələr