“İsrailin müharibənin episentri olan Hayfa şəhərindəki “erməni soyqırımı meydanı” (dırnaqlar bizimdir – red.) üçün qurulmuş lövhə vandalizmə məruz qalıb və sökülüb”.
Bunu İsraildə yaşayan erməni jurnalist Geqham Balyan X dəki mikrobloqunda yazıb.
Bildirilir ki, lövhənin açılışı və quraşdırılması mərasimi 20 mart 2023-cü ildə baş tutub.
Qeyd edək ki, İsrail rəsmən saxta genosidi tanımayıb. O zaman cəmi üç il öncə ölkənin hansısa meydanına bu adın verilməsi, üstəlik də orada tanınma lövhəsi qoyulması kimin fəaliyyətinin nəticəsi ola bilər? Qardaş Türkiyəyə qarşı fakt nədən xəbər verir?

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Musavat.com-a təəssüfləndiyini dilə gətirdi:
“İsrailin iri şəhərlərindən biri olan Hayfada qondarma erməni soyqırım lövhəsinin qoyulması və eyni adda meydanın olması təbii ki, özfəaliyyət deyil. Təl-Əviv rəsmən “erməni soyqırımı”nı tanımasa da, ötən il Baş nazir Benyamin Netanyahu bununla bağlı fikirlər səsləndirib, Türkiyəni ittiham edib. Eyni zamanda, müxtəlif rəsmi şəxslər və bəzi mətbuat orqanları saxta iddiaları səsləndirib”.
Politoloqa görə, Türkiyənin İsrailin işğalçı müharibələrinə qarşı çıxması və əzilənin yanında durması, beynəlxalq hüquqa söykənməsi İsraildə bəzi ultrasağçı, şovinist qüvvələri qəzəbləndirir:
“Ona görə də Ankaradan qisas almaq üçün əl atdıqları cılız vasitələrdən biri də qondarma erməni soyqırımıdır. Halbuki Ermənistan rəsmən bu əsassız iddialardan imtina edir. Paşinyan "genosid" məsələsinin imperialistIərin, ələlxüsus da, SSRİ-nin Türkiyəyə təzyiq üçün yalan olduğunu dəfələrlə açıq şəkildə bəyan edib.
Təəssüflər olsun ki, İsrail bir tərəfdən Türk dünyası ilə əməkdaşlığa və dostluğa önəm verdiyini deyir, amma praktik olaraq buna əngəl olan hallara əl atır. Saxta erməni soyqırımı təkcə Türkiyəyə olan düşmənçilik və qərəz deyil, bütün türk dünyasının hədəfə alınması deməkdir”.
Cavanşir ABBASLI,
Musavat.com