AZ

Sərhəddə 8 mininci oyun: Getmək zamanı çoxdan çatıb

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Avropa İttifaqının müşahidəçiləri Ermənistan-Azərbaycan sərhədində 8000-ci patrul missiyasını qeyd ediblər. 

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanmasından 7 ay ötdükdən sonra Avropa İttifaqı missiyasının iki ölkənin şərti sərhədində hansı atəşkəs rejiminin monitorinqini apardıqları sual doğurur. 

Faktiki olaraq, həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi şərti sərhəddə atəşkəs rejiminə tam əməl edildyini və sülh şəraitinin hökm sürdüyünü dəfələrlə bəyan edib. 

Azərbaycanla Ermənistan arasında tranzit yüklərin daşınması və birbaşa ticarətin bərpasını bura əlavə etsək, avropalı müşahidəçilərə, ümumiyyətlə, ehtiyac qalmır. Son günlər Azərbaycan Ermənistana növbəti 1984 ton və ya 31 vaqon dizel yanacağı göndərib. 

Rusiya isə Azərbaycan dəmir yolları vasitəsilə Ermənistana 135 ton gübrə və 11 vaqon taxıl ixrac edib. Bu baxımdan, müşahidə missiyasının bu gün Ermənistanda fəaliyyət göstərməsi Avropa İttifaqına əlavə xərcdən başqa heç nə gətirmir. Sözügedən missiyanın Azərbaycanın hərbi mövqelərini 8000-ci dəfə binoklla izləməsi sanki bölgədə yenidən münaqişə axtarmaq cəhdindən xəbər verir. 

Qeyd edək ki, Ermənistan konstitusiyasının yeni mətni hazırdır və yaxın günlərdə dərc olunacağı gözlənilir. Əgər Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan konstitusiyanın preambula hissəsinin mətndən çıxarıldığı məlum olarsa, o halda Azərbaycanla Ermənistan arasında aprel ayında sülh müqaviləsi imzalana bilər. 

Avropa İttifaqı isə müşahidə missiyasını hələ Ermənistanda saxlamaq niyyətindədir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan fevralın 13-də verdiyi açıqlamada Avropa İttifaqının mülki missiyasının qalmaqda davam etməsini istədiklərini deyib. Bu da öz növbəsində “Ermənistan sülh istəyirsə, müşahidə missiyasını saxlamağa ehtiyac varmı?” sualını doğurur. 

Yaxud yaxın aylarda Azərbaycan və Ermənistan arasında sülh imzalanarsa, belə çıxır ki, tərəflər arasında yekun sazişin əldə olunmasına baxmayaraq, Avropa İttifaqı yenə monitorinqlər aparmaqda davam edəcək. 

Belə müşahidələr regionda sülhü və sabitliyi şübhə altına almaq, Azərbaycan-Ermənistan şərti sərhədində təhlükəsizliyin əsas təminatının xarici müşahidəçilərdən asılı olduğunu göstərmək niyyəti güdür. 

Halbuki, Ermənistan rəsmiləri sülh müqaviləsi imzalandıqdan sonra Avropa İttifaqının müşahidə missiyasının fəaliyyətinə xitam veriləcəyini dəfələrlə bəyan edib. Əgər sülh yaxındadırsa, müşahidəçilərin də Ermənistanı tərk etməsi üçün hazırlaşmaq vaxtı çatıb. 

Müşfiq Abdulla 

“Cebheinfo.az”

Açar sözlər:

Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədi

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
47
1
cebheinfo.az

2Mənbələr