AZ

Rəqəmsal təhsil və müasir pedaqogika… - MÜSAHİBƏ

İnformatika və rəqəmsal bacarıqlarla şagirdlərin yaradıcılıq və analitik düşüncə qabiliyyətini gücləndirir

Pərvanə Çopsiyeva: Əsas hədəfim təhsilimiz üçün faydalı müəllim olmaq, innovasiyalarla ayaqlaşmaq və şagirdlərimdə daha yaradıcı və analitik düşüncə qabiliyyəti formalaşdırmaqdır

Müəllimlik insan həyatında ən təsirli peşələrdən biridir. O, yalnız bilik ötürmür, eyni zamanda, şagirdlərin düşüncə, yaradıcılıq və davranış bacarıqlarını formalaşdırır. Bu peşə səbir, empati və davamlı öyrənmə tələb edir. Bu xüsusiyyətlər müasir təhsil dövründə daha da vacibdir, çünki innovasiya və texnologiyaları düzgün istifadə edə bilən müəllimlər gənc nəsillərin uğurunun əsas açarıdır.

Bakının Suraxanı rayonundakı Etibar Cəfərov adına 118 nömrəli tam orta  məktəbdə və Kimya-Biologiya Təmayüllü Respublika Liseyində informatika, rəqəmsal bacarıqlar və STEAM fənlərini tədris edən Pərvanə Çopsiyeva da məhz belə müəllimlərdəndir. Onun sözlərinə görə, bilginin paylaşdıqca artması və gəncləri düzgün istiqamətləndirmək bu peşənin ən vacib tərəflərindəndir. Bu baxımdan, onunla müsahibəmizdə müəllimlik missiyası, şagird uğuru, rəqəmsal təhsil, STEAM yanaşması, süni intellektin tədrisə təsiri və müasir pedaqoji metodlar barədə ətraflı söhbət apardıq.
Onun sözlərinə görə, bilginin paylaşdıqca artması və gəncləri düzgün istiqamətləndirmək bu peşənin ən vacib tərəflərindəndir. Bu baxımdan, onunla müsahibəmizdə müəllimlik missiyası, şagird uğuru, rəqəmsal təhsil, STEAM yanaşması, süni intellektin tədrisə təsiri və müasir pedaqoji metodlar barədə ətraflı söhbət apardıq.

-Özünüzü oxucularımıza necə təqdim edərdiniz? Pedaqoji fəaliyyət istiqamətləriniz və əsas prioritetləriniz nələrdir?

– Mən Pərvanə Çopsiyeva. Hazırda 118 saylı tam orta məktəb və Kimya-Biologiya Təmayüllü Respublika Liseyində fəaliyyət göstərirəm. İnformatika, Rəqəmsal Bacarıqlar və STEAM fənnini tədris edirəm. 5 illik pedaqoji fəaliyyətimdə əsas hədəfim təhsilimiz üçün faydalı müəllim olmaq, innovasiyalarla ayaqlaşmaq və şagirdlərimi daha yenilikçi formada yetişdirməkdir.
Artıq 2 ildir ki, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) tərkibində Gənc İnformatika Müəllimləri Birliyinin sədriyəm. Bu müddət ərzində peşəkar müəllimlərlə birgə gənc müəllimlərə dəstək məqsədli yüzlərlə təlim və vebinar təşkil etmişik. Eyni zamanda müəllimlərin sertifikasiyası zamanı “Hər həftə – bir sınaq” marafonuyla sertifikatlaşdırma prosesinə dəstək göstərmişik. Birliyimiz yalnız İnformatika sahəsində deyil, STEAM sahəsində də bir çox fəaliyyətlər həyata keçirmiş, müxtəlif önəmli qurumlarla əməkdaşlıq edərək birgə təlimlər təşkil etmişdir.
Fəaliyyətimi Rəqəmsal Bacarıqlar Layihəsi çərçivəsində təlimçi müəllim kimi də davam etdirirəm. Eyni zamanda “Azərbaycan müəllimi” qəzetində bloq-yazar kimi çıxış edir, pedaqoji təcrübəmi və rəqəmsal təhsil istiqamətində fikirlərimi geniş auditoriya ilə bölüşürəm.
Bu illər ərzində şagirdlərimin nailiyyətləri də mənim üçün böyük motivasiyadır: 2022-ci ildə Rəqəmsal Bacarıqlar Layihəsi tərəfindən təşkil olunmuş “Kod Saatı” müsabiqəsində şagirdim Babayev Davud respublika üzrə 3-cü yerə layiq görülmüş, 2025-ci ildə isə şagirdim Səfərov Orxan “Milli Hakaton 2025” müsabiqəsində 300 000 şagird arasından final mərhələsinə yüksəlmişdir.
Artıq 2 ildir ki, “Yaradıcı Müəllim” müsabiqəsində iştirak edirəm: 2024-cü ildə “Təşəkkürnamə” ilə təltif olunmuşam, 2025-ci ildə isə müsabiqədə 3-cü yerə layiq görülmüşəm.
Fəaliyyətimdə əsas məqsədim şagirdlərə yalnız texniki biliklər aşılamaq deyil, onların analitik düşünmə, problem həll etmə və rəqəmsal dünyada düzgün istiqamət seçmə bacarıqlarını formalaşdırmaqdır. Hesab edirəm ki, informatika fənni sadəcə proqramlaşdırma öyrətmir, həm də düşünmə mədəniyyəti yaradır. Prioritetim düşünən, təşəbbüskar və texnologiyanı düzgün məqsədlə istifadə edən şagird yetişdirməkdir.

-Müəllimlik peşəsini seçməyinizə hansı amillər təsir göstərdi?

-Müəllimlik mənim üçün sadəcə peşə deyil, missiyadır. Bilginin paylaşdıqca artdığına inanıram. Xüsusilə texnologiyanın sürətlə dəyişdiyi dövrdə gənclərin doğru istiqamətləndirilməsinə ehtiyac olduğunu düşünürəm və bu məsuliyyət hissi mənim seçimimdə mühüm rol oynayıb.

-Müəllimlik fəaliyyətinizdə qarşılaşdığınız əsas çətinliklər hansılardır?

-Əsas çətinliklərdən biri şagirdlər arasında rəqəmsal savadlılıq səviyyəsinin fərqli olmasıdır. Bəzən motivasiya çatışmazlığı və ailə dəstəyinin zəifliyi də tədris prosesinə təsir edir. Digər bir məsələ isə proqram təminatı və texniki imkanların hər zaman istənilən səviyyədə olmamasıdır.

 -Şagird uğurunun əsas açarı nədir: müəllim motivasiyası, ailə dəstəyi, yoxsa fərdi potensial?

-Məncə bu üç amil bir-birini tamamlayır. Lakin başlanğıc nöqtəsi müəllim motivasiyasıdır. Motivasiyaedici müəllim şagirddə potensialı üzə çıxara və ailə ilə əməkdaşlıq quraraq nəticəni gücləndirə bilər.

 -Uğurlu şagird yetişdirmək üçün müəllim hansı prinsiplərə sadiq qalmalıdır?

- Ədalətlilik, davamlı özünüinkişaf, şəxsiyyətə hörmət, praktiki yönümlü tədris, səbir və empati.

- Şagirdlərdə liderlik və təşəbbüskarlıq bacarıqlarını necə formalaşdırırsınız?

-Layihə əsaslı tapşırıqlar, komanda işi və təqdimat bacarıqlarına yönəlik fəaliyyətlər tətbiq edirəm. Şagirdlərə sərbəst qərar vermək və ideya irəli sürmək imkanı yaradıram. Kodlaşdırma dərslərində problem verib həll yolunu onların tapmasını istəyirəm.

-Müəllim-şagird münasibətlərində etimad mühitini formalaşdırmaq üçün hansı yanaşmanı əsas götürürsünüz?

-Açıq ünsiyyət və qarşılıqlı hörmət. Şagird hiss etməlidir ki, səhv etmək öyrənmə prosesinin təbii hissəsidir. Onların fikirlərini dinləmək və qərarlarda iştirakına şərait yaratmaq etimadı gücləndirir.

 -Tədris prosesində hansı müasir pedaqoji metod və yanaşmalardan istifadə edirsiniz?

- Layihə əsaslı öyrənmə (PBL), problem əsaslı öyrənmə, differensiallaşdırılmış təlim, rəqəmsal alətlərdən aktiv istifadə.

 -Rəqəmsallaşan dünyada informatika müəlliminin rolu necə dəyişir?

-Rəqəmsal dövrdə informatika müəllimi artıq sadəcə proqram öyrədən şəxs deyil. O, şagirdlərə rəqəmsal etik davranış, informasiya təhlükəsizliyi və süni intellektlə düzgün işləmə bacarığı qazandırmalıdır. Müəllim həm də istiqamətverici və mentor rolunu daşıyır.

-STEAM yanaşmasının Azərbaycan məktəblərində tətbiqini necə qiymətləndirirsiniz?

-STEAM yanaşması şagirdlərin yaradıcılıq və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirmək baxımından çox perspektivlidir. Lakin onun effektiv tətbiqi üçün müəllim hazırlığı və maddi-texniki baza daha da gücləndirilməlidir.

 -Süni intellekt və yeni texnologiyalar tədris prosesinə hansı imkanları və riskləri gətirir?

-Süni intellekt fərdiləşdirilmiş öyrənmə, sürətli qiymətləndirmə və resurs bolluğu yaradır. Lakin həddindən artıq asılılıq, akademik dürüstlük problemləri və şagirdlərin düşünmə bacarıqlarının zəifləməsi riski də mövcuddur.

 -Sizin fikrinizcə, yaxşı müəllim necə olmalıdır?

-Yaxşı müəllim yalnız bilik ötürən deyil, yol göstərən, ruhlandıran və şəxsiyyət formalaşdıran insandır. O, daim öyrənən, dəyişən dünyaya uyğunlaşan və hər şagirdin daxilindəki potensiala inanan şəxs olmalıdır.

Müsahibəmizi burada tamamlayır, Pərvanə Çopsiyevaya dərin təşəkkürümüzü bildiririk.

Yaqut Ağaşahqızı, “İki sahil”

Seçilən
7
ikisahil.az

1Mənbələr