AZ

Aliment fondu yaradılarsa, ödənişlər necə həyata keçiriləcək? – Hüquqşünas açıqladı

Azərbaycanda aliment fondunun yaradılması məsələsi gündəmə gəlib. Bununla bağlı təklif Milli Məclisdə səsləndirilib. Təklifin əsas məqsədi aliment ödənişləri ilə bağlı yaranan problemlərin aradan qaldırılması və uşaqların sosial müdafiəsinin gücləndirilməsidir. Bəs, görəsən fondun əhəmiyyəti nə olacaq və fəaliyyəti necə tənzimlənəcək?

Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Missiya.Az-a açıqlamasında bildirib ki, bir sıra ölkələrdə aliment fondları ilə bağlı uğurlu təcrübələr mövcuddur.

"Belə fondların əsas məqsədi aliment hesabına böyüyən uşaqların həyat və sağlamlığı üçün zəruri olan xərclərin təmin edilməsidir. Bəzi hallarda valideynlərin sosial və maddi vəziyyəti səbəbindən aliment ödənişləri vaxtında həyata keçirilmir və ya ümumiyyətlə ödənilmir. Belə hallarda aliment fondu həmin vəsaiti müvəqqəti olaraq ödəyir. Daha sonra isə aliment ödəməyə borclu olan şəxsdən bu məbləğin geri qaytarılması tələb olunur",- deyə o qeyd edib.

R.Süleymanovun sözlərinə görə, bir çox ölkələrdə aliment fondlarının maliyyələşdirilməsi dövlət hesabına həyata keçirilir.

"Bəzi hallarda isə bu fondlar dövlət tərəfindən yaradılan təsisat kimi fəaliyyət göstərir və müxtəlif ianələr hesabına da formalaşa bilir. Lakin bu ianələr valideynləri aliment öhdəliyini yerinə yetirməkdən azad etmir. Aliment fondunun yaradılması üçün mütləq qanunvericilik bazası formalaşdırılmalıdır. Həmin qanunda fondun fəaliyyəti, maliyyələşmə mexanizmi və icra qaydaları dəqiq şəkildə müəyyən edilməlidir. Fondun fəaliyyətinə nəzarət və icra məsələləri Nazirlər Kabineti, Ədliyyə Nazirliyi və ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi qurumlara həvalə oluna bilər",- deyə hüquqşünas əlavə edib.

Seyranə Quliyeva

Missiya.Az

Seçilən
83
missiya.az

1Mənbələr