Azərbaycan kinosunun tarixinə və inkişaf mərhələlərinə həsr olunmuş ilk geniş ensiklopedik nəşr ictimaiyyətə təqdim edilib. Dörd cilddən ibarət olan “Azərbaycan Kinosu. Yığcam ensiklopediya” adlı yeni nəşr 1898–2025-ci illəri əhatə edir və milli kinematoqrafiyanın inkişaf yolu haqqında bu günədək hazırlanmış ən əhatəli mənbələrdən biri hesab olunur.
AzPost xəbər verir ki, nəşr bp Azərbaycan şirkətinin təşəbbüsü ilə ictimaiyyətə təqdim olunub. Ensiklopediyanın müəllifi tanınmış kinoşünas Aydın Kazımzadədir. Elmi-tədqiqat əsərində Azərbaycan kinematoqrafiyasının yaranması, formalaşması və müxtəlif dövrlərdə keçdiyi inkişaf mərhələləri geniş şəkildə araşdırılıb.
Məlumata görə, ensiklopediyada geniş arxiv materiallarına əsaslanaraq filmlər, kino xadimləri, studiyalar və Azərbaycanda kino sənayesinin təşəkkülünə təsir göstərmiş tarixi və mədəni mühit haqqında məlumatlar toplanıb. Nəşrdə həmçinin ölkədə kino yaradıcılığının müxtəlif istiqamətləri və bu sahədə fəaliyyət göstərmiş şəxslər barədə ətraflı məlumat verilir.
Tədqiqat çərçivəsində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, digər studiyalarda, kino şirkətlərində və televiziya kanallarında 1898–2025-ci illərdə istehsal olunmuş filmlər də araşdırılıb.
Ensiklopediyaya tammetrajlı və qısametrajlı bədii filmlər, televiziya filmləri, animasiya filmləri, həmçinin 1898–2018-ci illərdə çəkilmiş məşhur “Mozalan” satirik kinojurnalları da daxil edilib.
Nəşrin ilk iki cildində Azərbaycan kinosunun tarixinin ensiklopedik təsviri təqdim olunur. Qalan iki cild isə “Tammetrajlı bədii və animasiya filmlərinin əlifba göstəricisi” və “Kinorejissorların adlar göstəricisi” bölmələrindən ibarətdir.
Ensiklopediyada müəllifin şəxsi araşdırmaları ilə yanaşı, ilk kino yaradıcılarının və müxtəlif dövrlərdə kino sənayesinin inkişafına töhfə vermiş şəxslərin şəxsi arxivlərində qorunan nadir fotoşəkillər də yer alıb. Bununla yanaşı, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxiv şöbəsinin və Azərbaycan Dövlət Film Fondunun materiallarından da istifadə edilib.
bp şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, Azərbaycan kinosunun 1898-ci ildə yaranmasından bu günə qədər keçdiyi tarixi yol ölkənin mədəni inkişafının mühüm hissəsidir. Onun sözlərinə görə, bir əsrdən artıq tarixi əhatə edən kino yaradıcılığını sənədləşdirən bu nəşr milli mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır.
Qeyd olunub ki, ensiklopediya kino mütəxəssisləri, tarixçilər, tədqiqatçılar, müəllimlər, televiziya və mədəniyyət sahəsində çalışan şəxslər, eləcə də Azərbaycan kinosunun yaranma və inkişaf tarixilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.