AZ

Latviyanın sabiq Prezidenti: Azərbaycan münaqişəni həll etdiyi üçün təbrik olunmalıdır

BAKI, 11 mart. TELEQRAF

"Azərbaycan Ermənistanla münaqişəni həll etdiyi üçün təbrik olunmalıdır".

Teleqraf xəbər verir ki, bu barədə Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa Bakıda keçirilən Qlobal Bakı Forumu zamanı bildirib.

Sabiq Prezident vurğulayıb ki, Azərbaycan uzun illər davam edən və “dondurulmuş münaqişə” kimi tanınan problemi qonşusu Ermənistanla həll edə bildiyi üçün təbrik olunmalıdır.

Onun sözlərinə görə, dünyanın ciddi münaqişələrlə sarsıldığı bir dövrdə Azərbaycan sivilizasiya və təhlükəsizlik təqdim edir:

"Region üçün hər şey çox ümidverici görünürdü. Sanki köhnə münaqişələri, nifrətləri, anlaşılmazlıqları geridə qoymaq, ortaq cəhətlərimiz üzərində qurmaq və çoxluğun rifahı üçün işləmək mümkün olacaqdı. Lakin 2026-cı ildə hadisələr yaxşı getmir. Nifrət hissləri yenidən qızışıb və münaqişələr daha çox zorakılıq formasında baş verir".

V. Vike-Frayberqa qeyd edib ki, belə bir çətin dövrdə cəmiyyətlərin hörmət etdikləri dəyərlərə sadiq qalması daha da vacibdir.

O, qanunun aliliyinin, fikir və din azadlığının olduğu cəmiyyətlərin yaradılmasının əhəmiyyətini diqqətə çatdırıb: "Zorla tətbiq olunan teokratiya və ya ideologiya deyil, hər bir vətəndaşın hörmət gördüyü cəmiyyətlər vacibdir".

Sonda sabiq dövlət başçısı bu forumun intellektual müzakirələr üçün əhəmiyyətli məkan olduğunu və burada səslənən ideyaların gələcəkdən narahat olan adi insanlara ümid verəcəyini vurğulayıb.

Seçilən
36
teleqraf.com

1Mənbələr