AZ

Pandemiyanın altı ili tamam oldu Koronavirus dünyada və Azərbaycanda hansı izləri qoydu?

ain.az bildirir, Oxu.az portalına istinadən.

Bu gün koronavirusun pandemiya elan olunmasından altı il ötür.

Oxu.Az xatırladır ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 11 mart 2020-ci ildə COVID-19-un yayılmasını pandemiya elan edib.

Həmin vaxt dünyada 114 ölkədə 118 mindən çox yoluxma, 4 291 ölüm qeydə alınmışdı. ÜST bununla bağlı yaydığı bəyanatda son iki həftədə Çin xaricində yoluxmaların 13 dəfə artdığını, virusun yayıldığı ölkələrin sayının isə üç dəfə çoxaldığını bildirmişdi.

COVID-19-a ilk yoluxma halı Azərbaycanda 2020-ci il fevralın 28-də qeydə alınıb. Operativ Qərargahın məlumatına görə, ilk yoluxan şəxs İrandan Azərbaycana gələn Rusiya vətəndaşı olub. Azərbaycanda koronavirusdan ilk ölüm faktı isə 2020-ci il martın 12-də qeydə alınıb.

Pandemiyanın ilk illərində Azərbaycan hökuməti bir sıra məhdudiyyətlər tətbiq etmiş, Operativ Qərargah yaradılmış, sərhədlər bağlanmış, xüsusi karantin rejimi elan olunmuşdu. Sonrakı mərhələdə kütləvi vaksinasiya, modul tipli xəstəxanaların qurulması və xüsusi qaydalarla sosial həyatın tənzimlənməsi pandemiya ilə mübarizənin əsas istiqamətlərinə çevrilmişdi. Ölkədə qısa zamanda 13 modul tipli və bir daimi xəstəxana tikilmiş, COVID xəstələrinin müalicəsi üçün ayrılan çarpayı sayı 10 mini ötmüşdü.

Azərbaycanda son açıq rəsmi statistikaya görə, 2024-cü il martın 1-dək ölkədə koronavirusa yoluxanların ümumi sayı 835 144 nəfər, sağalanların sayı 824 602 nəfər, ölənlərin sayı isə 10 428 nəfər olub. Həmin tarixədək ölkədə 7 762 507 test aparılmışdı.

Dünya üzrə vəziyyətə gəlincə, ÜST-nin 24 dekabr 2024-cü il tarixli epidemioloji yeniləməsinə əsasən, pandemiyanın başlanğıcından 2024-cü il noyabrın 10-dək dünyada 776.8 milyondan çox təsdiqlənmiş yoluxma və 7 milyondan çox təsdiqlənmiş ölüm qeydə alınıb. ÜST-nin ən son icmalında isə bildirilir ki, 2026-cı il yanvarın 26-dan fevralın 22-dək olan 28 günlük dövrdə 64 ölkə üzrə 48 729 yeni yoluxma, 38 ölkə üzrə isə 1 540 yeni ölüm barədə məlumat verilib. ÜST, eyni zamanda, vurğulayır ki, bir çox ölkədə test və hesabatlılıq azaldığı üçün real göstəricilər rəsmi statistikadan daha yüksək ola bilər.

Qeyd edək ki, ÜST 2023-cü il mayın 5-də COVID-19-la bağlı qlobal fövqəladə vəziyyət rejiminin başa çatdığını elan etsə də, təşkilat virusun tam aradan qalxmadığını və onun qlobal sağlamlıq üçün risk olaraq qaldığını bildirib.

Beləliklə, altı il əvvəl pandemiya elan edilən COVID-19 artıq əvvəlki miqyasda gündəmdə olmasa da, həm dünyada, həm də Azərbaycanda səhiyyə sisteminə, iqtisadiyyata, təhsilə və insanların gündəlik həyatına təsiri ilə yadda qalan ən böyük qlobal böhranlardan biri kimi tarixdə yerini qoruyur.

Məhərrəm Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
63
oxu.az

1Mənbələr