AZ

Başdan-ayağa Azərbaycana qarşı QƏRƏZ

Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyinin Təşviqi Platforması tərəfindən dərc olunmuş Avropada mətbuat azadlığının vəziyyətinə dair 2025-ci il üzrə illik hesabatda Azərbaycanın media mühiti ilə bağlı birtərəfli, qərəzli mülahizələrə yer verilib. 

Medianın İnkişafı Agentliyi (MEDİA) bildirib ki, hesabatda “Media haqqında” Qanuna edilən dəyişikliklərlə bağlı yanaşmalar birtərəfli xarakter daşıyır və ölkədə jurnalist fəaliyyətinə hər hansı məhdudiyyət mövcud deyil. 

“Cebheinfo.az”-a açıqlamasında Mətbuat Şurasının İdarə heyətinin üzvü Hacıbəy Heydərli bildirib ki, hesabat çox qərəzli və birtərəfli hazırlanıb. O qeyd edib ki, Azərbaycanda son illər çox ciddi media islahatları aparılır:

“Azərbaycan mediası yeni dönəmə qədəm qoyub. Xüsusən də Medianın İnkişafı Agentliyinin yaradılması, “Media haqqında” Qanunun qəbul edilməsi, Media Reyestrinin formalaşdırılması Azərbaycan mətbuatının saflaşmasına gətirib çıxarır. Artıq Azərbaycanda “Kimdir jurnalist?” sualına da aydınlıq gətirilib. 

Təbii ki, hansısa sayt “Media haqqında” Qanunun tələblərinə riayət etmirsə, onun bloklanması hallarına da şahid oluruq. Amma bu, birgünlük proses deyil, uzun illərdir Azərbaycanda var. Xüsusən də “Media haqqında” Qanun qəbul ediləndən sonra saytlara bu tələblərə uyğunlaşmaları üçün müəyyən möhlət də verilmişdi”. 

Hacıbəy Heydərli vurğulayıb ki, bu cür hesabatları hazırlayan qurumlar və şəxslər hər zaman birtərəfli münasibət göstərirlər: 

“Onlar Azərbaycanda fəaliyyəti qanunla qadağan edilən bəzi media qurumlarını ön plana çıxarırlar. Bu isə çox üzücü bir məqamdır. Azərbaycan cəmiyyəti də həmin media qurumlarının hansı mövqedə olduğunu çox yaxşı bilir və onlara qarşı öz münasibətini açıq şəkildə ifadə edir. 

Düşünürəm ki, bu, başdan-ayağa Azərbaycana qarşı qərəzli bir hesabatdır və Azərbaycanın beynəlxalq siyasətdə qazandığı uğurları qəbul etməyən şəxslər tərəfindən hazırlanıb. Azərbaycanda internet azadlığı dünyada nümunə ola biləcək səviyyədədir. 

Bütün sosial şəbəkələr azad şəkildə fəaliyyət göstərir. Eyni zamanda, “Media haqqında” Qanunun tələblərinə riayət edən media subyektləri də normal şəkildə fəaliyyətlərini davam etdirirlər”. 

H.Heydərli əlavə edib ki, Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyinin Təşviqi Platformasının hazırladığı hesabat qəbuledilməzdir:

“Sözügedən platforma yenə də öz məkrli siyasətinə uyğun olaraq belə bir hesabat hazırlayıb. 

Biz bunu qəbuledilməz adlandırırıq və düşünürük ki, bu kimi hallardan çəkinməlidirlər. Çünki belə olan təqdirdə onlar Azərbaycan kimi ciddi və etibarlı bir tərəfdaşını itirə bilərlər. Eyni zamanda, Azərbaycan dövləti və cəmiyyəti də onlara qarşı layiq olduqları münasibəti göstərir”. 

Seçilən
47
cebheinfo.az

1Mənbələr