AZ

Gənc tədqiqatçılar Azərbaycan Universitetində elmi nəticələrini təqdim ediblər

Bakı, 11 mart, AZƏRTAC

Martın 11-də Azərbaycan Universitetində Gənc tədqiqatçıların IX respublika elmi konfransı keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, konfransın işi informasiya-kommunikasiya texnologiyaları və tətbiqləri; humanitar elmlər; iqtisadiyyat; sosial elmlər və təbiət elmləri olmaqla 5 istiqamət üzrə təşkil olunub, bölmə iclaslarında 200-dən çox məruzə dinlənilib.

Tədbirin açılışında elmi işlər üzrə prorektor riyaziyyat elmləri doktoru Yusif Qasımov konfransın universitetin Elm şöbəsi ilə Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi tərəfindən birgə təşkil olunduğunu diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycanda ziyalı, alim və tədqiqatçı olmaq bu gün böyük məsuliyyət tələb edir. Müasir, müstəqil, güclü və suveren Azərbaycan artıq öz ərazisinin hər qarışına tam nəzarəti təmin edib və bu şəraitdə ölkənin elmi ictimaiyyətinin üzərinə mühüm vəzifələr düşür. Prorektor bildirib ki, tədbirin işində Qarabağ Universitetinin gənc tədqiqatçıları da fəal iştirak edirlər. Bu fakt göstərir ki, işğaldan azad olunmuş ərazilərdə elm və təhsil ənənələri də bərpa olunur.

Rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru dosent Nüşabə Quliyeva konfransın 2018-ci ildən başlayaraq hər il keçirildiyini diqqətə çatdırıb. O deyib ki, konfransa təqdim edilən tədqiqat işlərinin sayı ildən-ilə artır, həmçinin coğrafi əhatə dairəsi genişlənir. Tədbir gənc tədqiqatçıların diqqətini cəlb edib və onlar üçün mühüm platformaya çevrilib.

Konfransın qonaqları – Bakı Dövlət Universitetinin Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, bu ali məktəbin “İlin gənc alimi” müsabiqəsinin təbiət və texnika elmləri üzrə son 3 il ərzində ardıcıl olaraq qalibi Lalə Qəhrəmanlı, Xüsusi Tibb Xidməti Xüsusi Müalicə - Sağlamlıq Kompleksinin Lor cərrahı, tibb üzrə fəlsəfə doktoru Aydın Talışınskinin çıxışları dinlənilib. Qonaqlar yeni elmi nəticələrini təqdim edib, öz həyat hekayələrini tədbir iştirakçıları ilə bölüşüblər. Bildirilib ki, hər bir ölkənin elmi göstəriciləri onun ümumi inkişaf səviyyəsinin və gələcək tərəqqisinin əsas ölçüsüdür. Elmi fəaliyyət prosesində qarşıya çıxan çətinliklər və səhvlər onları ruhdan salmamalıdır. Elmə, etik prinsiplərə, mənəvi dəyərlərə söykənən vətənpərvər və məsuliyyətli vətəndaşların yetişməsi ölkənin dünyada söz sahibi olmasına mühüm töhfə verə bilər.

Elmi konfransın işi 7 bölmə iclasında davam edib. Gənc tədqiqatçılar tarix, hüquq, filologiya, iqtisadiyyat, sosiologiya, tədris, mədəniyyət, təbiət və texniki elmlər kimi sahələrin aktual mövzularına həsr olunmuş məruzə və təqdimatlarla çıxış ediblər. Məruzə və təqdimatlar ətrafında aparılan müzakirələrdən sonra konfransın işinə yekun vurulub.

Qeyd edək ki, konfransın keçirilməsində məqsəd Azərbaycanın müxtəlif universitetlərində, müxtəlif təhsil səviyyələrində təhsil alan, elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçılara öz elmi nəticələrini təqdim etmək üçün platforma təqdim etməkdir. Konfransın materialları PDF formatında universitetin saytında yerləşdirilib.

Seçilən
47
4
azertag.az

5Mənbələr