AZ

ABŞ aviaşirkətlərinin yanacaq xərcləri 11,6 milyard dollar artacaq » AzadMedia.az

ABŞ




ABŞ-ın aparıcı aviaşirkətlərinin xərcləri İranla bağlı münaqişə fonunda neft qiymətlərinin artması səbəbindən kəskin yüksələcək. Bu barədə Financial Times qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, əlavə yanacaq xərcləri səbəbindən ölkənin böyük aviaşirkətləri 2026-cı ildə ümumilikdə 11,6 milyard dollar artıq vəsait xərcləməli olacaqlar.

Bildirilir ki, American Airlines, Delta Air Lines, United Airlines və Southwest Airlines kimi şirkətlər neft qiymətlərində kəskin dalğalanmalara qarşı həssas vəziyyətdə qalıblar. Buna səbəb isə onların təxminən on il əvvəl gələcək yanacaq alışlarını hedcinq etməmək – yəni qiymət risklərini sığortalamaq qərarı vermələri olub. Şirkətlər hesab edirdilər ki, bu praktikanın uzunmüddətli xərcləri qısamüddətli faydaları üstələyir.

Lakin hazırda yüksək enerji qiymətləri səbəbindən aviaşirkətlər həftəlik olaraq təxminən 280 milyon dollar əlavə aviasiya yanacağı xərci ilə üzləşirlər.

Qeyd olunur ki, daha əvvəl Brent markalı neftin qiyməti bir barel üçün 119 dollara qədər yüksəlib.

Eyni zamanda ABŞ-da aviasiya yanacağının qiyməti də kəskin artıb. Məlumata görə, Hörmüz boğazında gəmiçilik böhranı başlayandan bəri avia yanacağının qiyməti təxminən 60 faiz bahalaşaraq, ötən həftənin sonunda bir gallon üçün 3,95 dollara (təxminən 4 litr) çatıb.

Hesablamalara görə, bu qiymət artımı nəticəsində qeyd olunan dörd aviaşirkətin əlavə xərcləri 2026-cı ildə 11,6 milyard dollar təşkil edəcək.

Mütəxəssislər bildirirlər ki, yanacaq aviaşirkətlər üçün ən böyük xərclərdən biridir və normal şəraitdə onların ümumi xərclərinin təxminən dörddə birini təşkil edir.

Barclays bankının aviasiya sektoru üzrə analitiki Endryu Lobbenberq qeyd edib ki, yanacaq bazarında vəziyyət qeyri-müəyyən olaraq qalır. Onun sözlərinə görə, qiymətlərin nə vaxt və hansı səviyyədə pik həddə çatacağını, həmçinin yüksək səviyyənin nə qədər davam edəcəyini proqnozlaşdırmaq çətindir.

Seçilən
58
50
azadmedia.az

10Mənbələr