
Bu gün Azərbaycanın ixrac coğrafiyası Almaniyadan Suriyaya, Balkanlardan İtaliyaya qədər genişlənirsə, bu o deməkdir ki, Bakı artıq qlobal enerji təhlükəsizliyinin mərkəzi qərargahlarından biridir.
Azərbaycanın qlobal qaz təchizatında liderliyi təsadüfi bir uğur deyil. Bu, on illərlə davam edən sabit siyasətin, nəhəng infrastruktur layihələrinin və çevik diplomatik gedişlərin məntiqi nəticəsidir.
Avropanın enerji nəhənglərinin Azərbaycan qazına üstünlük verməsi, ölkəmizin hasilat və nəql potensialına olan beynəlxalq etimadın ən yüksək zirvəsidir. Hazırda Avropa İttifaqının 12 üzvü (İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Slovakiya, Xorvatiya və s.) Azərbaycan qazından birbaşa asılıdır. Məsələn, Bolqarıstanın illik qaz tələbatının 55-60 faizini məhz Azərbaycan təmin edir.
Azərbaycanın enerji strategiyası yalnız hasilatla məhdudlaşmır. Dövlət Neft Şirkəti SOCAR hazırda beynəlxalq bazarlarda aktiv investor kimi çıxış edir. Türkiyədə 870 meqavatlıq elektrik stansiyasının əldə edilməsi, Serbiya ilə 500 meqavatlıq stansiyanın inşası barədə saziş, İtaliya və Türkiyədəki neftayırma zavodları Azərbaycanın xarici bazarlardakı dayaqlarını möhkəmləndirir.
Xəzər dənizindən Qara dənizin dibi ilə Avropaya uzanacaq 1155 km-lik "Yaşıl Enerji Koridoru" enerji strategiyasının şah əsəridir. Bu layihə təkcə elektrik enerjisi daşımayacaq, həm də daxili qaz istehlakını bərpaolunan enerji ilə əvəzləməyə şərait yaradacaq. 2032-ci ilə qədər 6-8 giqavatlıq bərpaolunan enerji potensialının yaradılması planı ölkəmizi həm də təmiz enerji ixracatçısına çevirəcək.
Könül Süleymanlı
Xarici Dillər Təmayüllü Gimnaziyanın müəllimi