AZ

Məktəblərdə təhsil və mədəniyyət birləşdirilməlidir

“Təhsil sistemində müəyyən standartlar, proqramlar və rəsmi sənədlər mövcuddur və bu sənədlər mərhələlər üzrə formalaşdırılmış standartlara əsaslanır. Həmin standartlar çərçivəsində isə müxtəlif dəyərlər müəyyən edilib”.

AzEdu.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Mehriban Vəliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə keçirilən “Məktəb ictimai müzakirədə” layihəsinin “İctimai müzakirə: Məktəb gündəliyi” adlı tədbirində çıxışı zamanı qeyd edib.

Deputat bildirib ki, müəyyənləşdirilən dəyərlər hər bir müəllimin illik fəaliyyət proqramında da öz əksini tapmalıdır. Onun sözlərinə görə, həmin dəyərlərin standartlara uyğun şəkildə müzakirə olunması vacib şərtlərdən biridir.

"Məktəbin funksiyaları çərçivəsində hesabatlılıq, monitorinq sisteminin tətbiqi və digər prinsiplər də nəzərdə tutulur. Müxtəlif sahələr üzrə aparılan müşahidələr isə bu məsələlərin əhəmiyyətini bir daha göstərir.

Bütün bu proseslərin səmərəli həyata keçirilməsi üçün konkret mexanizmlərin hazırlanması vacibdir. Bu mexanizmlər idarəetmə və icra prosesinin düzgün qurulmasına imkan verməlidir".

Deputat bildirib ki, yaxın zamanda hazırlanmış və 2040-cı ilə qədər olan dövrü əhatə edən Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasında da mühüm məsələlər əksini tapıb.

"Bu sənəddə xüsusilə təhsil sahəsi üçün vacib məqamlar yer alır və bu məsələlərə diqqət yetirilmədiyi təqdirdə ciddi nəticələr əldə etmək çətin olacaq. Konsepsiyanın diqqət çəkən tərəflərindən biri mədəniyyət anlayışının yalnız irs kimi deyil, daha geniş məzmunda təqdim olunmasıdır. Belə ki, mədəniyyət düşüncə, davranış və nitq mədəniyyəti kimi anlayışları da əhatə edir".

Deputatın fikrincə, bu yanaşmanın təhsil sisteminə inteqrasiyası vacibdir:

"Prezident İlham Əliyev də çıxışlarında Azərbaycan dilinin inkişafı və kommunikativ mədəniyyətin formalaşdırılmasının xüsusi diqqət tələb etdiyini dəfələrlə vurğulayıb. Ünsiyyət və davranış mədəniyyətinin formalaşdırılması ilk növbədə məktəbdən başlamalıdır. Məhz buna görə də təhsil mədəniyyətinin formalaşdırılması və bu istiqamətdə praktiki addımların atılması diqqət mərkəzində olmalıdır”.

Seçilən
16
1
azedu.az

2Mənbələr