AZ

Moskva günlərdir internetsiz qalıb

Moskvada mobil internet bağlantısı ilə bağlı problemlər beş gündür davam edir. 

Şikayətlərin böyük hissəsi şəhərin mərkəzi bölgələrindən gəlir. İstifadəçilər həm mobil internet, həm də Wi-Fi bağlantısında ciddi kəsintilərin yaşandığını bildirirlər. 

Xüsusilə Mərkəzi İnzibati Dairədə internetə çıxışın olduqca məhdud olduğu qeyd edilir. "Cebheinfo.az" xəbər verir ki, şəhərin mərkəzində bəzi bölgələrdə internetə çıxış demək olar ki, tamamilə kəsilib. Mərkəzdən daha uzaq məhəllələrdə isə yalnız müəyyən internet saytlarını açmaq mümkündür. 

Bu saytlar "ağ siyahı" (white list) olaraq adlandırılan məhdud platforma qrupundan ibarətdir. "Kod Durova" portalının “Telegram” kanalının məlumatına görə, oxşar təcrübə bəzi metro xətlərində də tətbiq olunub. Bu xətlərdə sərnişinlər yalnız məhdud sayda xidmətdən istifadə edə bilirlər. 

Xəbərlərə görə, kəsintilərin səbəbi "ağ siyahı" sisteminin genişmiqyaslı sınaqdan keçirilməsi ola bilər. Problemlərin ilk olaraq 5 mart axşamı ortaya çıxdığı, 6 mart sabahı isə Moskva mərkəzində geniş yayıldığı bildirilib. 

Bağlantı bəzi bölgələrdə zaman-zaman tamamilə kəsilir, sonra yenidən bərpa olunur. Bəzi mobil operatorlar da istifadəçilərə göndərdikləri mesajlarda problemin onlardan qaynaqlanmadığını bildiriblər. 

"Kommersant" qəzetinə danışan telekommunikasiya sektoru mənbələri kəsintilərin "xarici məhdudiyyətlərlə" bağlı olduğunu deyiblər. Mənbələrə görə, operatorlardan müəyyən bölgələrdə mobil interneti məhdudlaşdırmaq istənilib. 

Bu səbəbdən zaman-zaman mobil telefon bağlantısında da problemlərin yaşana biləcəyi qeyd olunur. "Roskomnadzor" mövzu ilə bağlı sualların Rəqəmsal İnkişaf Nazirliyinə yönləndirilməli olduğunu açıqlayıb. 

Kreml sözçüsü Dmitri Peskov isə internet və rabitə sahəsindəki bütün məhdudiyyətlərin qanun çərçivəsində tətbiq olunduğunu bildirib. Peskov bu tədbirlərin təhlükəsizliyi təmin etmək məqsədi daşıdığını vurğulayıb. 

Seçilən
89
1
cebheinfo.az

2Mənbələr