AZ

“CHARACTERS 2026” pyes müsabiqəsinin qalibi: Azərbaycan teatrlarının afişalarında yeni adlar görünməlidir

Bakı, 11 mart, AZƏRTAC

10 Mart - Milli Teatr Günündə “CHARACTERS” Müasir Dram Hərəkatı “EURODRAM” - Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçirilən müsabiqənin yekun nəticələrini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, “CHARACTERS 2026” müsabiqəsinin qalibi dramaturq Jalə İsmayıl olub. O, agentliyin müxbiri ilə söhbətində layihədə iştirak etməklə bağlı təəssüratlarını bölüşüb və müsabiqədə qələbənin onun üçün nəyi ifadə etdiyindən danışıb.

“Açığı, mənim üçün belə bir müsabiqənin keçirilməsi və orada iştirak etməyin özü, yəni, bütövlükdə proses daha vacibdir. Əlbəttə, hamı birinci olmaq istəyir. Qalib olmaq sevincini sözlə ifadə etmək çətindir. Müsabiqə yarış deməkdir və sən finişə mütləq birinci çatmaq istəyirsən. Rəqiblərin nə qədər güclüdürsə, qələbə də bir o qədər zövq verir. Odur ki, bu gün çox xoşbəxtəm”, – deyə həmsöhbətimiz bildirib.

Dramaturq bu cür layihələrdə iştirakın müasir müəlliflər üçün nə dərəcədə vacib olmasından da danışıb.

“Ondan başlayaq ki, bu gün pyes yazanların sayı azdır. Təbii ki, həmişə az olub. Dram medalın bir üzüdür, o biri üzü isə teatrdır. İlk baxışda, teatr səhnəsinə çıxmayacaq mətnlərə vaxt və enerji sərf etmək çox da ağıllı qərara oxşamır. Amma müəllif gördüyü işdən zövq alırsa, ağıllı görünməməsi onu narahat etmir”, – deyə J.İsmayıl vurğulayıb.

Onun sözlərinə görə, bu gün müəllifin çox güclü həvəsini teatrın imkanları ilə birləşdirmək vaxtıdır.

“Əslində belə müsabiqələri teatrlar təşkil etməlidir. Səhnəsini yeniləmək, repertuarını zənginləşdirmək istəyən teatr yeni dram əsərlərinin yazılmasında maraqlı olmalıdır. Azərbaycan teatrlarının afişalarına yeni adlar yazılmalıdır. Tamaşaçı səhnədə yeni xarakterlər görməlidir. Teatrlar dram müsabiqələrini dəstəkləməsə, proses çox ləngiyəcək. Müəllifin mükafatı nədir? Ayda bir dəfə öz əsərini səhnədə görmək. Bu, yeni müəlliflər üçün çox ciddi motivasiya ola bilər. Yeni əsərlər yeni rejissor nəsli yetişdirəcək. Axı dram janrının inkişafı teatrın tərəqqisi deməkdir”, – deyə həmsöhbətimiz hesab edir.

Dramaturqun fikrincə, bu mənada “CHARACTERS” müsabiqəsi müəllif həvəsinin əsl məhsuludur.

“Mən təşkilatçılara, münsiflər heyətinə çox minnətdaram. Müsabiqəni canlandıran iştirakçılara isə ayrıca təşəkkür etmək istəyirəm. Gələcəkdə daha çox müəllifi cəlb edə biləcək ciddi mükafat fondu arzu edirəm. Bu müsabiqə ölkəmizdə teatr hərəkatına elə böyük töhfədir ki, onun dəyəri barədə illər sonra daha əminliklə danışa biləcəyik. Bir gün “mən də oradaydım” deyə biləcəyim üçün çox qürurluyam. Bir yazıçı daha nə istər?! ”, – deyə J.İsmayıl əlavə edib.

Anara Axundova

Seçilən
9
1
azertag.az

2Mənbələr