"Yaxın Şərq və Cənubi Qafqazda son günlər baş verən hadisələr regionda geosiyasi qarşıdurmanın yeni mərhələyə keçdiyini göstərir. Azərbaycan və Türkiyə rəhbərlərinin İran Prezidenti ilə telefon danışığı aparması, diplomatik jestlər nümayiş etdirməsi və regionda sabitliyin qorunmasına yönəlmiş mesajlar verməsi fonunda qısa müddət sonra İran ərazisindən Türkiyəyə növbəti raket hücumunun həyata keçirilməsi ciddi suallar doğurur. Bu ziddiyyətli mənzərə onu göstərir ki, regionda görünəndən daha mürəkkəb siyasi proseslər gedir və qərarlar yalnız rəsmi diplomatik kanallarda formalaşmır".
Bu fikirləri Redaktor.az-a Türkiyə hava məkanına atılan raketlərdən danışan politoloq Rəşad Bayramov bildirdi. O, İranın siyasi sisteminin klassik prezident respublikası olmadığını vurğuladı:
"Bu ölkədə təhlükəsizlik və regional siyasət çox vaxt paralel güc mərkəzləri tərəfindən müəyyən edilir. Diplomatik xətt hökumət tərəfindən formalaşdırılsa da, hərbi və təhlükəsizlik strukturları region siyasətində daha sərt və ideoloji yanaşma sərgiləyə bilər. Bu isə bəzən İranın rəsmi diplomatik mesajları ilə sahədə baş verən hadisələr arasında ziddiyyətli görüntü yaradır. Praktik olaraq bu, dövlət daxilində müxtəlif strateji baxışların mövcud olduğunu göstərir. Digər mühüm məsələ İran daxilində regional güc balansına fərqli yanaşmaların mövcudluğudur. Son illərdə Türkiyə və Azərbaycanın siyasi, hərbi və iqtisadi təsirinin artması regionda yeni geosiyasi reallıq formalaşdırıb. Türk dünyasının inteqrasiyası, nəqliyyat dəhlizlərinin açılması və enerji layihələri bəzi dairələr tərəfindən strateji dəyişiklik kimi qiymətləndirilir. İran daxilində müəyyən qruplar bu prosesləri ehtiyatla izləyir və regionda güc balansının dəyişdiyini düşünür. Bu baxımdan, bəzi sərt addımların məqsədi regional təsir balansını qorumaq və strateji mesaj vermək ola bilər".
Müsahibimiz əlavə etdi ki, İran bununla regional strategiya çərçivəsində müəyyən hərbi siqnallar göndərir:
"Yəni başqa sözlə diplomatik fəaliyyəti, telefon danışıqları və s. şəklində dialoqu davam etdirərkən İran paralel şəkildə güc nümayişi taktikasından da istifadə edir. Bu strategiyanın məqsədi həm daxili auditoriyanı konsolidasiya etmək, həm də regiondakı digər aktorlara siyasi və hərbi imkanlarını xatırlatmaqdır. Amma məqsədin nə olmasından asılı olmayaraq atılan raketlər və eləcə də Naxçıvana dron hücumu İran ərazisindən baş verib. Əmri verənin və zərbələrin kimin tərəfindən edildiyinin elə bir önəmi yoxdur. Əgər İran hücumların onlar tərəfindən həyata keçirilmədiyini iddia edirsə, o zaman öz ərazisinə, silahlı birləşmələrinə nəzarət edə bilmədiyini etiraf etsin. Əgər bir dövlət öz ərazisindən qonşu dövlətlərə qarşı həyata keçirilən hücumların qarşısını almaqda acizdirsə bu artıq məğlubiyyətin etirafıdır. Bütün bu amillər göstərir ki, regionda baş verən hadisələr sadə sərhəd insidenti kimi qiymətləndirilə bilməz. Burada daxili siyasi dinamika, regional güc balansı və qlobal geosiyasi rəqabət eyni vaxtda təsir göstərir. Mövcud şəraitdə Azərbaycan və Türkiyənin diplomatik kanalları açıq saxlaması və müharibə ritorikasından uzaq durması regionun daha geniş miqyaslı qarşıdurmaya sürüklənməsinin qarşısını alan ən mühüm faktor kimi qiymətləndirilə bilər".
Nuriyyə NATİQQIZI