AZ

Neftin bahalaşması: Kiçik xeyir, böyük ziyan | TƏHLİL

ABŞ ilə İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda neftin dünya bazar qiymətləri həftəmizin birinci günü “Brent” markası üzrə 26% bahalaşaraq 119 dollara çatdı. Bu, 1988-ci ildən sonra ən sürətli yüksəliş idi. Belə qiymət səviyyəsi heç 2022-ci ildə Rusiya Ukraynaya qarşı əməliyyatlara başlayanda da qeydə alınmamışdı.

Ümumiyyətlə, ABŞ ilə İsrailin İrana hücum əməliyyatı başlayan gündən neftin qiyməti 50% artıb. Səbəb bəllidir: Hörmüz boğazında yaranan vəziyyət, əsas neft hasilatçısı olan ölkələrin infrastruktura dəyən zərbələr, daşımaların divara dirənməsidir və s. Bəzi analitiklər qiymətlərin 150-200 ABŞ dollarınadək yüksələcəyini iddia edirlər. Çünki müharibənin nə vaxt bitəcəyi bəlli deyil. Hər keçən gün ərzində regionda neft hasilatı infrastrukturu ilə xammalın mənzil başına çatdırılması prosesi daha böyük zərbəyə məruz qalır və dalana dirənir.


ABŞ-nin senarisində bu cür al çox az ehtimal edilirdi. Çünki ABŞ 10 illik fasilədən sonra neft bazarında qiymətlərə nəzarəti yenidən ələ almışdı. 2016-cı ilədək dünyanın neft bazarlarında qiymətlər ABŞ tərəfindən, başqa sözlə desəm, Vaşinqtonun diqtəsi ilə idarə və müəyyən olunurdu. Çünki Səudiyyə Ərəbistanı onun dedikləri ilə "durub-otururdu".

2016-ci ildən sonra bu "izdivac" pozuldu. O səbəbdən ki, başda Səudiyyə Ərəbistanı olmaqla bütün neft ölkələri üçün ucuzlaşmanın bir döşəmə həddi var. Bu, 55-60 ABŞ dolları arasıdır. Odur ki, 2016-cı ilin ikinci yarısından etibarən aparıcı neft hasilatçısı ölkələri OPEC+ çətiri altında birləşərək bazara nəzarəti özləri ələ aldılar. Və ortaq şəkildə hasilatı azaltmaq, yaxud artırmaq haqda müvafiq qərarlar qəbul etmək yolu ilə qiyməti 60 dollar, hətta bundan da bir az da yuxarı civarda möhkəmləndirdilər. Bu səbəbdən də son 10 ildə gəliri neft satışından asılı olan ölkələrdə sabitlik hökm sürürdü.

Bəli, neftin bahalaşması sözügedən ölkələrə, o cümlədən bizə xeyirdir. Ölkəmizin dövlət gəlirləri bu məhsulun xaricə satış qiymətindən asılıdır. Cari il üzrə dövlət büdcəmizdə orta illik qiymət 65 dolla səviyyəsində götürülüb. Lakin ABŞ ilə İsrailin regionda apardıqları müharibə iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına maneələr törədəcək. Əgər, müharibə uzun müddət davam edərsə bunun acı nəticələrini əyani hiss etməyə başlayacağıq. Təkcə bu faktın müqabilində qlobal neft qiymətləri tutaq ki, 50% deyil, lap 100% də bahalaşsa, bundan Azərbaycanın dövlət büdcəsinə gündəlik milyonlarla dollar əlavə gəlir gəlsə də, xeyirdən çox zərər görəcəyik.

Bunu yaxın keçmişimiz də yaxşı sübut edir. Neft baha olarkən bank sektorumuz böyük zərbə aldı. Ölkədə ikirəqəmli inflyasiya ən çox məhz həmin illərdə baş verib. İdxal ixracı daha güclü şəkildə üstələyib. Xərclər üzrə funksionallıq və təyinatlılıq ən çox məhz bu zaman pozulub.

Neftin qiymətlərinin yüksək olması dünyada enerjidaşıyıcılarının bahalaşması deməkdir. Bu isə bir sıra istehlak mallarının və xüsusən ərzağın, yeyinti məhsullarının dəyərinin artacağı deməkdir. Azərbaycanın isə daxili istehlak bazarı idxaldan asılı vəziyyətdədir.

Yeri gəlmişkən, 1 barel neft indiyədək məsələn, “Brent” markası üzrə ən baha olaraq 2008-ci ilin iyulunda 147,50 ABŞ dolları həddində qeydə alınıb. Ən kəskin ucuzlaşma 2020-ci ilin aprelində, pandemiya zamanı baş verib. “Brent” qısa müddət çərçivəsində 9,33 dollar olmuşdu. Tarixi ən aşağı göstəricisi isə 1998-ci ilin dekabrında 9,12 dollar səviyyəsində qeydə alınıb. Ölkəmiz üçün 55-60 ABŞ dolları ən məqbul həddir.


Pərviz Heydərov
Azvision.az üçün
Seçilən
66
2
azvision.az

3Mənbələr