AZ

"Sualları tərtib edərkən bütün iştirakçılar nəzərə alınmalıdır" -İngilis dili müəllimindən ETİRAZ

Martın 9 da keçirilən 11 illik buraxılış imtahanından sonra həm Azərbaycan dilinin çətin olması, həm də ingilis dili üzrə dinləmə mətnlərində problemlərin olması ilə bağlı narazılıqlar səsləndirilir.

İngilis dili müəllimi Səbinə Babayeva Redaktor.az-a açıqlamasında bildirdi ki, son keçirilən buraxılış imtahanları bir çox şagird və müəllimlər tərəfindən çətin olaraq qiymətləndirilir:

"Xüsusilə Azərbaycan dili üzrə sualların tərtibində vaxt meyarının lazımi səviyyədə nəzərə alınmadığı müşahidə edilib. Bəzi suallar düşünmək və analiz etmək üçün həddindən artıq vaxt tələb edib ki, bu da imtahan müddətinin səmərəli istifadəsini çətinləşdirib. Nəticədə şagirdlər biliklərini tam şəkildə nümayiş etdirməkdə çətinlik çəkiblər.

İngilis dili bölməsində də oxşar problemlər diqqət çəkir. Oxu mətnləri üzrə təqdim olunan cavab variantlarının bir-birinə çox oxşar olması şagirdlərin düzgün cavabı müəyyən etməsi üçün daha çox vaxt sərf etməsinə səbəb olub. Bununla yanaşı, qrammatika sualları da bir çox hallarda sadəcə qaydanı bilməyi deyil, cümləni əvvəlcə tərcümə etməyi tələb edirdi. Bu isə imtahanın daha çox tərcümə bacarığını ölçdüyü təəssüratını yaratdı və şagirdlər üçün əlavə vaxt itkisinə səbəb oldu".

Müsahibimiz vurğuladı ki, dinləmə (listening) hissəsində isə əvvəlki illərdə olduğu kimi problemlərin hələ də qaldığı şagirdlər tərəfindən qeyd olunur:

"Səsin keyfiyyəti, mətnin sürəti və ya ümumi təşkilati məsələlər səbəbindən şagirdlərin məlumatı tam və düzgün qavraması bəzən çətinləşir. Bu məsələ illərdir müzakirə olunsa da, hələ də tam həllini tapmamış görünür. Ümumilikdə imtahanın daha çox 4 və 5 qiymət alan, yəni yüksək nəticə göstərən şagirdlər üçün nəzərdə tutulduğu təəssüratı yaranır. Halbuki buraxılış imtahanı yalnız qəbul prosesinin bir mərhələsi deyil, eyni zamanda bütün şagirdlərin məktəbi bitirməsi üçün vacib olan attestatla da bağlıdır. Bu səbəbdən imtahan sualları tərtib edilərkən yalnız yüksək səviyyəli şagirdlər deyil, müxtəlif bilik səviyyəsinə malik bütün iştirakçılar nəzərə alınmalıdır.

Hər dəfə qeyd edildiyi kimi, bu imtahan ali təhsil müəssisələrinə qəbul prosesinin bir hissəsi olsa da, faktiki olaraq bütün şagirdləri əhatə edir. Attestat almaq üçün hər bir şagird bu imtahanda iştirak edir. Buna görə də imtahanların hazırlanmasında balansın qorunması, vaxt meyarının düzgün hesablanması və müxtəlif səviyyəli şagirdlərin imkanlarının nəzərə alınması vacibdir. Yalnız bu halda buraxılış imtahanları həm ədalətli qiymətləndirmə vasitəsi, həm də şagirdlərin real bilik və bacarıqlarını ölçən obyektiv bir mexanizm ola bilər".

Aytəkin TOFİQQIZI

Seçilən
73
50
redaktor.az

10Mənbələr