AZ

Dərman və aromatik bitkilərin qlobal əhəmiyyəti

Dərman və aromatik bitkilər həm insan sağlamlığının qorunmasında, həm də ekoloji tarazlığın saxlanılmasında mühüm rol oynayır. Dünyanın müxtəlif bölgələrində insanlar xəstəliklərin müalicəsi və profilaktikası məqsədilə bu bitkilərdən geniş şəkildə istifadə edirlər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, xüsusilə inkişaf etməkdə olan ölkələrdə əhalinin təxminən 70–95%-i ilkin tibbi yardım üçün ənənəvi təbabətə müraciət edir və bu təbabətin əsasını dərman bitkiləri təşkil edir.

Dərman və aromatik bitkilər yalnız ənənəvi tibbdə deyil, eyni zamanda müasir farmaseptika sənayesində də mühüm əhəmiyyətə malikdir. Bir çox dərman preparatlarının aktiv maddələri birbaşa və ya dolayı yolla təbii bitki mənşəli mənbələrdən əldə edilir. Kimya sahəsində böyük inkişafa baxmayaraq, təbii bitkilər hələ də tibbin əsas resurslarından biri olaraq qalır.
Bu bitkilərlə əlaqəli mikroorqanizmlər və genetik resurslar kosmetika, qida sənayesində də geniş istifadə olunur. Bundan əlavə, dərman və aromatik bitkilər ekosistemlərin qorunmasında mühüm rol oynayır. Onlar torpağın sabitliyini təmin edir, biomüxtəlifliyin qorunmasına töhfə verir və arılar, kolibrilər kimi tozlandırıcı canlılar üçün vacib qida mənbəyi yaradır.
Dünya üzrə təxminən 50 000–70 000 növ dərman və aromatik bitkidən istifadə olunur. Onların təxminən 1500 növü CITES konvensiyasının əlavələrinə daxil edilmiş, 800-dən çoxu isə II əlavədə qorunan növlər siyahısına salınmışdır. Eyni zamanda, Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin (IUCN) Qırmızı Siyahısına əsasən, dərman və aromatik məqsədlərlə istifadə edilən bitki növlərinin 20%-dən çoxu yox olma təhlükəsi ilə üz-üzədir. Bu vəziyyətin əsas səbəbləri həddindən artıq yığım, yaşayış mühitinin itirilməsi, iqlim dəyişiklikləri və nəzarətsiz beynəlxalq ticarətdir.
Seçilən
64
ekologiya.az

1Mənbələr