GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Vaşinqtonun Yaxın Şərq siyasətində yanaşmanın dəyişdiyi barədə müzakirələr aparılır. Belə ki, keçmiş ABŞ lideri Corc Buş İraqı demokratiya şüarı ilə işğal edərək bunu “azadlıq” vədləri ilə əsaslandırmışdı. İndi isə Prezident Donald Tramp daha çox terror, nüvə təhlükəsi amillərini qabardaraq İranı bombalayır və əvvəlki kimi “demokratiya pərdəsi” adı altında çıxışlar etmir.
Bu dəyişiklik ABŞ-ın xarici siyasət strategiyasında hansı transformasiyadan xəbər verir?
Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, ABŞ uzun illər insan hüquqları və demokratiya şüarlarından istifadə edərək bir sıra ölkələrin daxili işlərinə müdaxilə edib:
“Hətta bəzi hallarda bu yolla rəngli inqilablar və hakimiyyət dəyişikliklərinə dəstək verib. İraqda da oxşar ssenari tətbiq olunub. Belə ki, 2003-cü ildə Corc Buş İraqa demokratiya və insan hüquqları gətiriləcəyini bəyan etsə də, sonrakı proseslər bu vədlərin reallaşmadığını göstərdi. Həmin dövrdə əsas arqumentlərdən biri İraqda kütləvi qırğın silahlarının mövcudluğu iddiası idi. Lakin sonradan bu iddiaların təsdiqlənməməsi ABŞ-ın regiona müdaxiləsinin arxasında enerji resursları və geosiyasi maraqların dayandığı barədə müzakirələri gücləndirdi.
Hazırda Donald Tramp dövründə də ABŞ-ın Yaxın Şərq siyasətində oxşar yanaşma davam edir. Əsas arqument kimi İranın nüvə proqramı göstərilsə də, məqsədlərdən biri regionda İranın təsir imkanlarını zəiflətmək və geosiyasi balansı ABŞ-ın xeyrinə dəyişməkdir. Eyni zamanda, ABŞ-ın digər regionlarda, o cümlədən Venesuela ilə bağlı siyasəti də bu kontekstdədir”.
Məhəmməd Əsədullazadə
Politoloq bildirib ki, hazırda ABŞ-ın yanaşmasında köklü transformasiya yoxdur:
“Sadəcə müxtəlif dövrlərdə fərqli arqumentlər – bəzən demokratiya, insan hüquqları, bəzən isə təhlükəsizlik və nüvə silahı məsələləri – ön plana çəkilib. Lakin ümumi xətt ABŞ-ın qlobal geosiyasi maraqlarını və təsir imkanlarını qorumaq məqsədinə xidmət edir. Yəni proses eyni siyasi xətt üzrə aparılır”.
Ləman İmran
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.