AZ

Ceyhun Cəlilov Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Görüş zamanı səlahiyyətli nümayəndə Ceyhun Cəlilov qonaqları salamlayaraq onları muxtar respublikada görməkdən məmnun olduğunu bildirib. O, Azərbaycan və Türkiyə arasında dərin tarixi köklərə, ortaq dəyərlərə və qarşılıqlı etimada əsaslanan münasibətlərin dinamik inkişaf etdiyini qeyd edib. Səlahiyyətli nümayəndə vurğulayıb ki, müstəqil Azərbaycan bu gün müzəffər lideri, güclü dövləti, qüdrətli ordusu və vətənpərvər xalqı ilə dünya arenasında fəxrlə addımlayır. "Bir millət, iki dövlət" anlayışı ilə əsrlərə dayanan dostluq və qardaşlıq münasibətlərimiz-siyasi, iqtisadi, hərbi, mədəni və digər sahələrdə dərinləşməkdədir. 

Ceyhun Cəlilov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi dövründə, eləcə də bütün sahələr üzrə Türkiyənin göstərdiyi mənəvi və siyasi dəstək ölkəmizdə yüksək qiymətləndirilir.

Naxçıvan Beynəlxalq Hava Limanının dron hücumuna məruz qalması nəticəsində Naxçıvan–Bakı və əks istiqamətlərdə uçuşların müvəqqəti dayandırıldığı tarixlərə toxunub. Qeyd edib ki, muxtar respublika ilə ölkəmizin əsas hissəsi arasında sərnişin daşımalarının fasiləsizliyini təmin etmək məqsədilə 5-9 mart tarixlərində Bakıdan Türkiyənin İğdır şəhərinə aviareyslərin təşkil olunması qardaş ölkə ilə dostluq və müttəfiqlik münasibətlərimizin əyani ifadəsidir.

Ceyhun Cəlilov həmçinin Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında Sədərək-Dilucu gömrük-keçid məntəqəsi vasitəsilə gediş-gəlişin təmin olunmasında mühüm rol oynayan, bir millət, iki dövlət prinsipinin rəmzinə çevrilən “Ümid” körpüsünün Ümummilli Lider Heydər Əliyev və Türkiyə Respublikasının Baş naziri Süleyman Dəmirəlin iştirakı ilə istifadəyə verildiyini xatırladıb.

Səmimi qarşılanmaya və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı ordu generalı Metin Tokel strateji müttəfiqliyə əsaslanan hərbi əməkdaşlığın daha da genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin əhəmiyyətini xüsusi vurğulayıb. O, Azərbaycan Ordusunun davamlı inkişaf etdiyini və bunun qardaş Türkiyədə böyük məmnunluq doğurduğunu qeyd edib.

Metin Tokel Naxçıvan Muxtar Respublikasında baş verən son hadisələrin üzücü olduğunu diqqətə çatdıraraq, insan tələfatının olmamasını sevindirici hal kimi dəyərləndirib.

Görüşdə Azərbaycan-Türkiyə strateji əməkdaşlığının müxtəlif istiqamətləri müzakirə olunub, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda hədiyyələr təqdim edilib və xatirə fotosu çəkdirilib.

Səbuhi HƏSƏNOV
XQ

Seçilən
11
4
xalqqazeti.az

6Mənbələr