AZ

Media: ABŞ Cənubi Koreyadakı THAAD sistemlərini Yaxın Şərqə köçürür

Pekin, 11 mart, AZƏRTAC

ABŞ mediası Birləşmiş Ştatların Şərqi Asiya ölkəsindəki THAAD (Terminal High Altitude Area Defense) raketdən müdafiə sistemlərini Yaxın Şərqə köçürəcəyini yazır.

AZƏRTAC xəbər verir ki, “The Washington Post” qəzetinin “Pentaqon”dakı mənbəyə istinadla yaydığı məlumata görə, THAAD sistemləri tezliklə ABŞ nəqliyyat təyyarələri ilə Yaxın Şərqə aparılacaq. Nəşr ABŞ-nin Cənubi Koreyadakı qüvvələrinin balansında olan “Patriot” zenit-raket komplekslərinin artıq müharibənin qızışdığı Yaxın Şərqə köçürdüyünü bildirib.

Cənubi Koreyanın Prezidenti Li Cemyön Nazirlər Kabinetinin iclasında məsələni etiraf edərək bildirib ki, rəsmi Seul öz narahatlığını ifadə edib. Bununla belə, o, ABŞ hərbi avadanlığının yerdəyişməsinin ölkəsinin Şimali Koreyaya qarşı mübarizə imkanlarına təsir etməyəcəyini deyib.

Qeyd edək ki, raketdən müdafiənin üst təbəqəsini təşkil edən THAAD sistemi 2017-ci ildə Cənubi Koreyanın Soncu şəhərindəki ABŞ bazasında yerləşdirilib. Bu sistem daha yüksək hündürlüklərdə (40-150 kilometr arasında) ballistik raketləri ələ keçirmək üçün nəzərdə tutulub. Cənubi Koreyanın özünün raketdən müdafiə sistemləri əsasən aşağı və orta hündürlükdə uçan raketləri ələ keçirmək imkanına malikdir. Seul bu boşluğu 2030-cu illərin əvvəllərində L-SAM kimi tanınan uzun mənzilli yer-hava raket sisteminin yerləşdirilməsi ilə doldurmağı planlaşdırır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
63
1
azertag.az

2Mənbələr