Genetik nümunələrin təxminən 63%-də qohumluq əlamətləri müşahidə olunur.
QHT.az xəbər verir ki, arxeoloqlar İspaniyanın şimalında yerləşən Las Qobas mağaralarında 7–11-ci əsrlər arasında yeraltında yaşamış təcrid olunmuş cəmiyyətin izlərini aşkar ediblər. “Science Advances” jurnalında dərc olunan araşdırmaya görə, qazıntılar zamanı 33 nəfərə aid insan qalıqları tapılıb. Genetik araşdırmalar göstərib ki, qalıqların təxminən 63 faizində qohumluq əlamətləri var. Bu isə icma üzvlərinin uzun illər yaxın qohumlarla evləndiyini və cəmiyyətin xarici dünya ilə az əlaqədə olduğunu göstərir.
Tədqiqatçılar bəzi skeletlərdə qılınc zərbələrindən yaranan yaralar və sınıqların da aşkar edildiyini bildiriblər. Bu fakt icma daxilində münaqişələrin mövcud olduğunu ehtimal etməyə əsas verir. Qalıqlarda həmçinin çiçək xəstəliyinin izləri də müəyyən edilib. Alimlərin fikrincə, bu mağara icması XI əsrin sonlarında resurs çatışmazlığı, xəstəliklərin yayılması və dövrün siyasi dəyişiklikləri səbəbindən tərk edilmiş ola bilər.
R.İmanov