ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Avtomobil sifarişi adı ilə vətəndaşların aldadılması ilə bağlı xəbərlər müzakirələrə səbəb olub. Bildirilir ki, bəzi hallarda alıcılar müəyyən məbləğdə ödəniş etdikdən sonra sifariş etdikləri avtomobili əldə etməkdə çətinlik çəkirlər. Bu kimi vəziyyətlər vətəndaşların hüquqlarının necə qorunması və ödənilmiş vəsaitin geri qaytarılması məsələsini gündəmə gətirir. Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən vəkil Elvin Əliyev bildirib ki, Azərbaycanda avtomobil sifarişi adı ilə vətəndaşların aldadılması halları son vaxtlar daha çox müzakirə olunan problemlərdən biridir. Belə hallarda adətən vətəndaş müəyyən məbləğdə ödəniş etdikdən sonra avtomobilin gətirilməsi gecikir, ümumiyyətlə təqdim olunmur və ya sifarişi qəbul edən şəxslə əlaqə saxlamaq çətinləşir.
"Hüquqi baxımdan bu cür vəziyyətlər ya müqavilə öhdəliyinin yerinə yetirilməməsi, ya da birbaşa dələduzluq kimi qiymətləndirilə bilər. Əgər vətəndaş avtomobil sifarişi verib və ödəniş edib, lakin avtomobili ala bilmirsə, ilk növbədə bütün mümkün sübutları toplaması vacibdir. Bunlara bağlanmış müqavilə və ya sifariş sənədi, ödəniş qəbzləri və bank köçürmələri, elektron yazışmalar, reklam və elan məlumatları, həmçinin sifarişi qəbul edən şirkət və ya şəxsin əlaqə məlumatları daxildir. Bu materiallar sonradan hüquqi müraciətlər zamanı əsas sübut kimi istifadə oluna bilər".Vəkil bildirib ki, belə hallarda vətəndaş hüquqlarını qorumaq üçün hüquq-mühafizə orqanlarına müraciət edə bilər. "Əgər pulun alınması əvvəlcədən aldatma niyyəti ilə həyata keçirilibsə, məsələ Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsinə uyğun olaraq dələduzluq kimi qiymətləndirilə bilər. Bu halda vətəndaş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq polis orqanlarına müraciət edərək hadisə ilə bağlı araşdırma aparılmasını tələb edə bilər. Araşdırma nəticəsində cinayət işi başlanıla, məsul şəxslər barəsində hüquqi tədbirlər görülə və zərərçəkmiş şəxslərin vəsaitinin geri qaytarılması məsələsi qaldırıla bilər. Bəzi hallarda isə problem daha çox müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı olur. Belə vəziyyətlərdə vətəndaş mülki qaydada məhkəməyə müraciət edərək müqavilənin ləğvini, ödənilmiş məbləğin geri qaytarılmasını və dəymiş ziyanın ödənilməsini tələb edə bilər. Bu cür mübahisələr Azərbaycan Respublikasının Mülki Məcəlləsi əsasında həll olunur və məhkəmə qərarı ilə şirkət və ya fiziki şəxs ödənişi geri qaytarmağa məcbur edilə bilər".Onun sözlərinə görə, əgər xidmət rəsmi şəkildə fəaliyyət göstərən bir şirkət tərəfindən təqdim olunubsa, vətəndaş istehlakçı kimi də şikayət etmək hüququna malikdir. "Bu məqsədlə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmək mümkündür. Həmin qurum şirkətin fəaliyyəti ilə bağlı yoxlama apara, qanun pozuntusu aşkar edilərsə inzibati tədbirlər görə və istehlakçı hüquqlarının qorunmasına kömək edə bilər. Ümumilikdə vəsaitin geri qaytarılması praktikada bir neçə yolla mümkündür: cinayət işi çərçivəsində istintaq nəticəsində ziyanın ödənilməsi, məhkəmə qərarı ilə pulun geri qaytarılması və bəzi hallarda ödəniş bank kartı ilə edilibsə bank vasitəsilə geri qaytarma prosedurlarının tətbiqi. Eyni hadisədən zərər çəkmiş şəxslərin çox olması hallarında kollektiv şəkildə şikayət və ya birgə məhkəmə iddiası qaldırılması da prosesi daha effektiv edə bilər".Elvin Əliyev bildirib ki, belə halların qarşısını almaq üçün vətəndaşlara avtomobil sifariş edərkən yalnız rəsmi müqavilə bağlamaq, şirkətin hüquqi qeydiyyatını və VÖEN məlumatlarını yoxlamaq, böyük məbləğləri əvvəlcədən tam ödəməmək, ödənişləri bank vasitəsilə həyata keçirmək və avtomobilə aid sənədləri, xüsusilə VIN kodunu əvvəlcədən yoxlamaq tövsiyə olunur. Bu kimi tədbirlər potensial dələduzluq risklərini xeyli azalda bilər.Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.