AZ

Paşinyandan sonrakı Ermənistan...

İran necə uranı zənginləşdirib dünyanı sarsıdacaq silaha sahib olmaq istəyirsə, Ermənistandakı  qüvvələr də o iddiadadırlar ki, hakimiyyəti ələ keçirib bölgəni yenidən qan gölünə çevirsinlər

Bölgəmizdə – həm Ermənistan, həm Azərbaycan sərhədində İranla müharibə davam edərkən Nikol Paşinyanın dərdinə düşmək bir az qəribə görünə bilər. Amma Ermənistanda üç ay sonra keçirilməsi gözlənilən parlament seçkilərinin Azərbaycan üçün önəminin də xüsusi izahata ehtiyacı yoxdur. Əgər Ermənistanda da qonşu dövlətdəki kimi varislik sistemi olsaydı, narahatlığa ehtiyac qalmazdı. Paşinyan gedib yerinə başqa bir yoldaşı gələrdi, əvvəlki kursu davam etdirərdi. Amma yaranmış vəziyyət elədir ki, Paşinyan seçkini uduzub dağlara çəkilsə, Ermənistanda hakimiyyəti ölkənin gələcəyini fərqli səmtə yönəltmək istəyənlər tuta bilər.

Bu o qüvvələrdir ki, 2018-ci il inqilabından üzübəri Paşinyanı Ermənistanda “bütün xəyanətlərə bais” hesab edirlər. Şərt deyil ki, Ermənistanda əksəriyyətin nifrətini qazanmış, amma hələ də müəyyən faiz tərəfdarları olan Köçəryan və ya Sərkisyan baş nazir olsun. Onlar deyirlər ki, Paşinyan olmasın, kim olursa-olsun. Və ya indi əsas namizəd kimi göstərilən Karapetyanın özünün seçkidə iştirakı və baş nazir olması üçün hüquqi əngəllər mövcuddur, amma o da Paşinyanın yerinə keçməyə adamını tapacaq. Yəni bu qüvvələr Paşinyanı yıxmaq üçün şeytanla da anlaşmaya hazırdırlar.

Mən seçki ilə bağlı respondent rəylərinə o qədər də inanmıram, ona görə Ermənistanda son açıqlanan reytinq sorğuları da gerçəyi əks etdirməyə bilər. Amma inanmaq olar ki, əksəriyyət iyunun 7-dəki seçkilərdə kimə(hansı partiyaya) səs verəcəyini hələ müəyyənləşdirməyib. Paşinyan stabil 25–30 faizlə yenə də öndə görünsə belə, aşkar üstünlüyə malik deyil. Bu isə çox riskli vəziyyətdir. Paşinyanın zəif nəticələrlə, məsələn, koalision hökumətin baş naziri olması özü artıq həm sülh prosesinə, həm də bölgədəki vəziyyətə risk demək olacaq...
Erməni toplumu bizim düşündüyümüz qədər sülhə hazır deyil. Ümumiyyətlə, bu dövlətin varlığı uzun illər ancaq qonşuları ilə – “hayes, türkes?” ideologiyası üzərində qurulub. ABŞ-nin Beynəlxalq Respublikaçılar İnstitutunun Ermənistanda keçirdiyi sorğunun nəticələrinə əsasən, rəyi soruşulanların 80 faizi Azərbaycanı, 69 faizi isə Türkiyəni Ermənistana ən təhlükəli düşmənlər kimi göstəriblər. Buna inanmaq olar, çünki söhbət ermənilərdən gedir.

Picture

Gənc və orta nəsil Ermənistanın normal dövlət olacağına az ümid edirlər, ona görə də ölkədən gedirlər, xoşbəxtliklərini qürbət ölkələrdə axtarmağa üstünlük verirlər. Sorğunun nəticəsi revanşist qüvvələrin hələ də Ermənistan dövlətinin “yadrosunu”(əsasını) təşkil etdiyini göstərir. İran necə uranı zənginləşdirib dünyanı sarsıdacaq silaha sahib olmaq istəyirsə, Ermənistandakı bu qüvvələr də o iddiadadırlar ki, hakimiyyəti ələ keçirib ermənizmi, türk düşmənçiliyini yenidən hərəkətə gətirsinlər, bölgəni qan gölünə çevrilsinlər.

Erməni toplumu bu radikallığı istəyirmi? Biz onların gününə baxıb “yox” deyirik, çünki zənn edirik ki, işğalçı əməllərinə görə ağır cəzalandırılan ölkə bir daha bizə çəpəki baxmaz. Biz doğru düşünürük, amma ermənilər görünür ki, elə düşünmür. Çünki bu düşmənçilik genetikdir, genetikadan gələn xəstəliyin qarşısını isə müasir tibb belə almaqda acizdir.

Picture

Paşinyan yenə hakimiyyətdə qalacağı, Avropa İttifaqının Ermənistana böyük vəsait qoyduğu və onun batmasına imkan verməyəcəyi kimi rəylər var. Bu fikirlər haqsız da sayılmaz. Amma görünən odur ki, Paşinyan dəbdəbəli bəyanatlarına baxmayaraq, erməni cəmiyyətində olan limitini artıq xərcləyib. Üstəlik, bütün “ilan və arı yuvalarına” – məsələn, kilsəyə – çomaq soxub ki, bu da ona qarşı düşmənçilik edən qüvvələrin əhatə dairəsini artırıb.

Paşinyanın qarğıdalı və peraşki yeməklə Ermənistan siyasətində xal toplaması mümkündür, amma onların “enerjisi” ilə hakimiyyətdə qalmaq asan olmayacaq. Paşinyan Ermənistan üçün çox böyük siyasi fiqurdur. Özünü son vaxtlar siyasi “dəmşalaq” yerinə qoyması isə bəlkə də erməni bicliyidir, hakimiyyətdən müsbət tonlarla getmək istəyir.

Picture

Paşinyandan sonrakı Ermənistan yaxşı heç nə vəd etmir. Amma “cəhənnəmə ki...” demək də olmur. Çünki sülh müqaviləsini biz hakimiyyətdəki adamlarla deyil, məhz Ermənistanla imzalamaq istəyirik. Yəni erməni cəmiyyəti özü islah olunmalı, pisliklərdən imtina etməli, normal qonşuluq münasibətləri qurmağı öyrənməlidir.

 

Nazim SABİROĞLU
Musavat.com

 
Seçilən
50
musavat.com

1Mənbələr