AZ

Uşaq olandan sonra niyə sevgi bitir ? AÇIQLAMA

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Uşaq dünyaya gəldikdən sonra ailə münasibətlərində müəyyən psixoloji və emosional dəyişikliklərin baş verməsi tez-tez müşahidə olunan hallardan biridir. Bəzi qadınlarda bu dövrdə həyat yoldaşına qarşı yaxınlıq və emosional bağlılığın azalması kimi hallar ortaya çıxa bilər. Bu dəyişikliklər hormonal proseslər, yorğunluq, gündəlik məsuliyyətlərin artması və psixoloji adaptasiya kimi müxtəlif amillərlə bağlı ola bilər. Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən psixoloq Sibel Piriyeva bildirib ki, uşaq dünyaya gətirən qadınlarda doğuşdan sonra bəzi hallarda postpartum depressiya müşahidə olunur. "Postpartum depressiya doğuşdan sonra yaranan depressiv vəziyyətdir. Bu hal adətən doğuşdan sonra ilk həftələrdə başlayır və bir neçə həftə davam edə bilər. Lakin bəzi hallarda aylarla davam etdikdə artıq müalicə və psixoloji terapiyaya ehtiyac olduğunu göstərir. Bu dövrdə qadınlarda yorğunluq, şişkinlik, enerjisizlik, özünü dəyərsiz hiss etmə, motivasiyanın azalması kimi hallar müşahidə olunur. Eyni zamanda, bəzi analar körpə ilə emosional bağ qurmaqda çətinlik çəkirlər. Bəzən uşağı qucağa almaqdan çəkinir, hətta mövcud vəziyyətlərinə görə özlərini və ya körpəni günahkar hesab edə bilirlər. Bu hallar əsasən hormonal dəyişikliklərlə bağlıdır. Doğuşdan sonra estrogen və progesteron hormonlarının səviyyəsi kəskin şəkildə aşağı düşür və bu da psixofizioloji dəyişikliklərə səbəb olur".Psixoloq bildirib ki, əgər bu vəziyyət aylarla davam edərsə, mütləq şəkildə psixoloji dəstəyə və terapiyaya ehtiyac yaranır:"Belə psixoloji vəziyyətdə olan qadının həyat yoldaşı ilə emosional və ya fiziki yaxınlıq göstərməsi də çətinləşir. Çünki bu dövr qadın üçün son dərəcə həssas sayılan lohusalıq mərhələsidir. Bu səbəbdən həyat yoldaşına qarşı diqqətin azalması müəyyən qədər təbii hal kimi qiymətləndirilə bilər. Əslində hamiləlik və uşaq planlaşdıran cütlüklərin bu prosesə əvvəlcədən hazırlaşması vacibdir. Bir çox ölkələrdə cütlüklər planlı şəkildə valideyn olmağa hazırlaşır, mütəxəssis dəstəyi alır və valideynlik məsuliyyətləri barədə əvvəlcədən məlumatlandırılır. Bəzi böyük və tanınmış hospitallarda doğuşdan əvvəl cütlüklər üçün maarifləndirici görüşlər keçirilir və onlara doğuşdan sonrakı dövrdə qarşılaşa biləcəkləri psixoloji vəziyyətlər izah olunur. Lakin bu təcrübə daha çox özəl tibb müəssisələrində mövcuddur və dövlət tibb müəssisələrində geniş şəkildə tətbiq olunmur".Onun sözlərinə görə, bu dövrdə kişilərin anlayışlı olması və həyat yoldaşlarına daha çox dəstək göstərməsi xüsusilə vacibdir:"Zahılıq mərhələsində qadının həm həyat yoldaşının, həm də ailə üzvlərinin dəstəyinə ehtiyacı olur. Kommunikasiya problemi isə adətən tərəflər bir-birini dinləmədikdə və anlamadıqda yaranır. Əgər cütlüklər arasında anlayış və empatiya varsa, ünsiyyət prosesində ciddi çətinliklər yaşanmır. Lakin bəzi hallarda, xüsusilə Azərbaycanda bəzi kişilərin doğuşdan sonra qadına münasibəti dəyişir. Onlar həyat yoldaşlarını artıq daha çox ana rolunda görür və nəticədə münasibətdə emosional və fiziki yaxınlıq azala bilir. Bu isə doğru yanaşma deyil. Qeyd etmək lazımdır ki, bu fikir bütün kişilərə aid deyil, lakin müəyyən hissəsində belə yanaşma müşahidə olunur".Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
90
demokrat.az

1Mənbələr