AZ

“Xəzər dənizinin ekoloji vəziyyəti çox ağırdır” – Sadiq Həsənov

"Xəzər dənizinin ekoloji vəziyyəti həqiqətən də çox ağırdır. Çirklənmə səviyyəsi olduqca yüksəkdir. Bu istiqamətdə Qazaxıstan və Rusiya alimlərinin apardıqları tədqiqatlar göstərir ki, son 100 ildə neft-qaz sektorunun inkişafı nəticəsində Xəzər dənizi ciddi şəkildə çirklənib. Xüsusilə son 30 il ərzində çirklənmə səviyyəsi daha da artıb. Qazaxıstanda və Rusiyada neft-qaz hasilatının genişlənməsi, həmçinin Azərbaycanda aparılan işlər dənizin çirklənmə səviyyəsinin yüksəlməsinə təsir göstərib. Əsas problemlərdən biri hasilat zamanı baş verən sızmalardır. Xüsusilə neft və karbohidrogen sızmaları, lay sularının dənizə qarışması, həmçinin daşınma prosesində baş verən qəzalar Xəzərin çirklənməsinə ciddi təsir edir".

Bu fikirləri Aznews.az-a açıqlamasında ekoloq Sadiq Həsənov deyib.

Xatırladaq ki, Xəzər dənizinin ekoloji vəziyyəti son illər region ölkələri üçün ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib. Mütəxəssislər dənizin səviyyəsinin tədricən enməsi, sahil zonalarında baş verən dəyişikliklər və çirklənmə risklərinin artması ilə bağlı xəbərdarlıqlar edir. İqlim dəyişiklikləri, sənaye fəaliyyəti və antropogen təsirlər Xəzər ekosisteminin gələcəyi ilə bağlı narahatlıqları daha da artırır. Digər tərəfdən, dənizdə biomüxtəlifliyin qorunması, balıq ehtiyatlarının azalması və sahilyanı ərazilərin ekoloji tarazlığının pozulması kimi məsələlər də gündəmdədir. Mövcud vəziyyət Xəzərin qorunması istiqamətində region ölkələri arasında əməkdaşlığın və ekoloji nəzarətin gücləndirilməsini zəruri edir.

Ekoloq həmçinin vurğulayıb ki, gəmiçilik fəaliyyəti də Xəzər dənizində çirklənməni artıran mühüm amillərdən biridir.

Seçilən
60
1
aznews.az

2Mənbələr