Araşdırmaya görə, müxtəlif ölkələrdən minlərlə şirkət sanksiyalar altında olan Rusiya müəssisələrinə milyardlarla dollar dəyərində məhsul göndərib...
Poliqon xəbər verir ki, araşdırmaçı jurnalistika platforması The Insider Rusiyanın Hərbi-Sənaye Kompleksinə avadanlıq və texnologiya tədarük edən minlərlə xarici şirkəti müəyyən edib. Nəşr bu nəticəyə Rusiya şirkətlərinin 2024–2025-ci illər üzrə xarici ticarət məlumatlarını geniş şəkildə təhlil etdikdən sonra gəlib.
Araşdırma çərçivəsində yalnız 10 min ABŞ dollarından çox məbləğdə olan tədarüklər nəzərə alınıb. Məlumatların təhlili nəticəsində məlum olub ki, 6 mindən çox xarici şirkət sanksiyalar altında olan Rusiya müəssisələrinə məhsul ixrac edib.
Nəşrin məlumatına görə, bu şirkətlər Rusiyanın müdafiə sənayesi ilə əlaqəli müəssisələrə müxtəlif texniki avadanlıqlar, sənaye komponentləri və istehsalat üçün zəruri olan digər məhsullar göndəriblər. Araşdırmada qeyd olunur ki, həmin tədarüklər Ukraynaya qarşı müharibə fonunda Rusiyanın hərbi istehsal imkanlarını dolayısı ilə dəstəkləyir.
“The Insider”in hesablamalarına əsasən, müəyyən edilən şirkətlərin böyük hissəsi Çindən fəaliyyət göstərir. Belə ki, siyahıya daxil edilən təxminən 4 min şirkət Çin mənşəlidir. Bundan əlavə, təxminən 300 şirkət Türkiyədən, 120 şirkət Birləşmiş Ərəb Əmirliklərindən, 60 şirkət isə Hindistandan olduğu müəyyən edilib.
Araşdırma göstərir ki, bu şirkətlər ümumilikdə Rusiyaya təxminən 7 milyard ABŞ dolları dəyərində məhsul ixrac ediblər. Bu tədarüklər əsasən texniki avadanlıqlar, sənaye komponentləri, elektronika və hərbi istehsal üçün istifadə oluna bilən digər məhsullardan ibarətdir.
Ekspertlər bildirirlər ki, beynəlxalq sanksiyalara baxmayaraq, Rusiyanın hərbi-sənaye kompleksi müxtəlif ölkələrdən vasitəçi şirkətlər və alternativ ticarət kanalları vasitəsilə texnologiya və avadanlıq əldə etməyə davam edir. Bu isə qlobal sanksiya mexanizmlərinin effektivliyi ilə bağlı suallar doğurur.
Analitiklərin fikrincə, belə tədarük zəncirləri Rusiya müdafiə sənayesinin fəaliyyətini davam etdirməsinə imkan yaradır və müharibə şəraitində hərbi istehsalın dayandırılmasını çətinləşdirir.
Poliqon.info