BAKI, 12 mart. TELEQRAF
Rusiyanın Krasnodar vilayətində pilotsuz uçuş aparatının (PUA) qalıqlarının düşməsi nəticəsində neft bazasında yanğın baş verib.
Teleqraf xəbər verir ki, bu barədə regionun operativ qərargahı məlumat yayıb.
Məlumata görə, hadisə Krasnodar vilayətinin Tixoretsk rayonunda qeydə alınıb. PUA qalıqları neft bazasının ərazisinə düşdükdən sonra təxminən 150 kvadratmetr sahədə yanğın başlayıb.
Rəsmi məlumatda bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
Yanğının söndürülməsinə 83 nəfər şəxsi heyət və 26 texnika cəlb olunub. Yanğınsöndürmə işlərində Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Krasnodar vilayəti üzrə mütəxəssisləri də iştirak edir.