AZ

Odessalı kamikadze və əks cəbhədə olan döyüş yoldaşı

ain.az bildirir, Oxu.az portalına istinadən.

Bütün küçələr boyu dəmir barrikadalar düzülmüşdü. Sanki 2022-ci ilin martı yox, 1942-ci ilin martındakı Odessadır.

Ümumiyyətlə, qəfil gələn müharibə, şərqi Avropanın ən müasir ölkəsi olan Ukraynanın şəhərlərini cəmi bir gecənin içində çox dəyişmişdi.

Barrikadaların arası ilə, fasilə verməyən hava həyəcan siqnallarının və artilleriya zərbələrinin altında, məni əldən salan əynimdəki 8 kiloqramlıq "bronjilet"lə irəliləyib mərkəzi küçəyə çıxdım. Demək olar ki, heç kim gözə dəymirdi. Bir anlıq içimə vahimə doldu. Çünki "Telegram" kanalları dayanmadan Rusiya hərbi donanmasının Qara dəniz istiqamətindən Odessaya çatdığını yazırdı. Ümumiyyətlə, Odessaya yaxın zərbələr də elə dənizdəki hərbi donanmadan, uzaq zərbələr isə Krımdan buraxılan raketlərlə endirilirdi. Vahimə içində bir az əvvəl Moldovadan olan jurnalistlərdən ayrılmağıma təəssüflənməyə başladım. Bu gün səhər şəhərə yaxın neft zavodunu ruslar vurmuşdular. Zavodun yaxınlığında Moldovadan olan jurnalist Olqanın qrupu ilə birgə çəkiliş etdik. Çəkilişi digər ərazilərdə davam etdirsələr də, onlara qoşulmadım. Daha doğrusu, jurnalist marağı eksklüzivlik hərisliyini qabartdı, bu gün görüşəcəyim zabiti əldən vermək istəmədim. Amma cəmi bir saat sonra, dənizdən artilleriya zərbələri ilə üz-üzə boş Odessa küçələrində bu inadın mənə baha başa gələcəyi vahiməsinə düşmüşdüm.

- Cavan oğlan! - amiranə səslə paralel maşın tormozu və birnəfəsə siqnalına geri döndüm. Köhnə bir "cip" maşınında beş-altı metr kənarda sükan arxasında 55-60 yaşlarında hərbçi formasında silahlı kişi papirosunu yandırıb, məni yanına çağırdı.

- Bəli. Siz kimsiniz?

- Gözlədiyiniz adam. Vovanın dostu. Tez əyləş maşına. Parkda gəzmirsən, rus artilleriyası cəmi 15-20 kilometrlikdədir.

Yükümü maşının arxasına qoyub, keçib yanında əyləşdim. "Bronjilet"imi çıxarmaq istəyəndə qoymadı ki, məsləhət deyil.

Bu, Konstantindir. Odessa üzrə dəstələrdən birinin komandiri. Onu mənə Jitomir cəbhəsində tanış olduğum komandir Vova (Volodimir) məsləhət görmüşdü. Əvvəldən də zəng edib ona, məni qarşılamağı və çəkiliş üçün bələdçilik etməsini xahiş etmişdi.

Sürətlə Odessa küçələrində maşınla irəliləyirdik. Qısa tanış olduq. Amma hara getdiyimizi soruşmadım. Yaxasında kamikadze sözünü gördüm.

- Niyə kamikadze?

- "Pozıvnoyum"dur (Ukrayna Silahlı Qüvvələrində hərbçilərin özlərinə seçdiyi müvafiq ləqəblərə deyirlər).

- Niyə axı kamikadze?

- Mən 1988-ci ilə qədər Əfqanıstanda döyüşmüşəm. Orada belə adlandırırdılar. O vaxtdan da belə qalıb. Təəccüblənəcəksiniz yəqin, bu ləqəbi mənə verən Əfqanıstandakı zabit yoldaşım, indi Nikolayev-Xerson istiqamətindən bizə qarşı döyüşən diviziyanın komandiridir. Bu günlərdə eşitdim.

- Maraqlıdır. Birdən döyüşdə rastlaşdınız?

- Zənn etmirəm. Amma çox istərdim.

- Əgər rastlaşsanız, yəqin ki, öldürərdiniz?

- Bilmirəm...

Yolboyu söhbətindən məlum oldu ki, 1992-ci ilə qədər əvvəlcə SSRİ ordusunda desant birləşmələrində, ardınca Rusiya ordusunda xidmət edib. 1992-ci ildən müstəqil Ukrayna ordusunda öz vətənində xidmətini davam etdirib. Peşəkar paraşütçü-desantçı olub. Rütbəsi polkovnikdir. Ardıcıl olaraq desant bölüyü və batalyonların komandiri kimi Əfqanıstanın Pakistanla sərhəd rayonlarında, ən qaynar nöqtələrdə xidmət edib. Söhbətimizin bu məcrada irəliləməsinə baxmayaraq, fikrim onun "kamikadze" ləqəbində qalmışdı. Bütün Ukrayna hərbçiləri kimi Konstantin də Rusiyanın Ukraynaya qəfil hücumundan bərk qəzəbli idi. Əksər ukraynalı hərbçilərin Rusiyada keçmiş ya zabit, ya da əsgər yoldaşı var. Amma bu onların Rusiya ordusunun hücumuna münasibəti dəyişmirdi. İndi Konstantindən qarşı tərəfdəki məhz o rusiyalı diviziya komandirinə qəzəb tərəddüdü, təbii ki, məndə maraq oyatdı. Və yenidən o mövzuya qayıtdım:

- Bağışlayın. Amma marağımı boğa bilmirəm. Keçmiş hərbçi yoldaşınız olsa da, bu gün sizə hücum edən Rusiya ordusunda diviziyaya komandiri o zabitə qarşı tərəddüdünüz diqqətimi yaman çəkdi, - sözümü bitirməyə qoymadı:

- Bilirsən, Mübariz. İstənilən Rusiya hərbçisi indi Ukraynada mənim üçün işğalçıdır. İşğalçıya qarşı münasibət də qətidir. Sadəcə o diviziya komandiri ilə bağlı başqa tarixçə var. Və mən çox təəssüf edirəm ki, o, indi Ukrayna cəbhəsində məhz bizim istiqamətdədir...

- Nədir o xüsusi məqam? - sualıma bir az gülüb üzümə çevrildi:

- Vaxtı gələndə danışaram. İndi bunu danışsam, sən də götürüb yazsan, yaxşı görünməyəcək.

- Cənab polkovnik, müharibə rejimindəyik. Nəyin nə vaxt gələcəyini biz müəyyən edə bilmirik, təəssüf ki. Odur ki, gəlin, siz danışın. Mən söz verirəm ki, siz həyatda ikən bunu heç harada, hətta danışmayacağam, - dilimdən çıxandan sonra sonuncu cümləmdən xəcalət çəkdim. Adama dolayısı ilə tezliklə ölüm arzulamış oldum. Amma heç üzr istəməyimə də imkan vermədi. Əksinə şaqqanaq çəkib güldü. Əlindəki sükanı bir az da bərk sıxıb davam etdi:

- Bilirəm. Siz qafqazlıların verdiyi söz imzalı sənəd kimidir.

Növbəti döngədən burulub, şəhərkənarına doğru bir yola düzəldik. Mövzu o qədər maraq çəkmişdi ki, hara getdiyimizi heç soruşmurdum. Yan pəncərəni azacıq açıb, bir papiros yandırdı:

- Mən onunla Əfqanıstanda 3 il eyni bölükdə, daha sonra batalyonda çiyin-çiyinə döyüşmüşəm. Daha doğrusu, o, komandir olub, mən də onun müavini. Mənə kamikadze ləqəbini də o qoyub.

- Necə?

- Bizim xidmətimiz Əfqanıstanda kəşfiyyat bölüyü idi. Ən çətin tapşırıqlara gedirdik. Üç dəfə ölümdən dönüb təsadüfən sağ qalmışam. 1986-cı ilin yayı idi. Pakistanla sərhəddə bir kənddə yaraqlıların gizləndiyi xəbərini aldıq. 12 nəfərlik qrupla ora yollandıq. Kəndə girən kimi ilk şübhələndiyim daxmaya özümü saldım. Üç əfqan yaraqlısı ilə üz-üzə gəldim. Əl qumbarası çəkib atdılar qabağıma. Sürətlə götürüb onlara tərəf atıb qapıdan bayıra tullandım. 2-3 saniyə qumbaranın gec partlaması mənim yox, yaraqlıların ölümü ilə nəticələndi. Bundan sonra o məni kamikadze adlandırmağa başladı.

- Bəs sonra nə oldu?

- Elə ondan yarım il sonra, yenə Pakistanla sərhəddə kəndarası yolda onunla UAZ markalı maşınla şütüyürdük. Kəndin çıxışında tam təsadüfən 3-4 metrlikdə qabağımızda səyyar mina gözümə dəydi. Maşını saxlamağa, harasa döndərməyə, hətta ona nəsə deməyə belə macal olmadı. Qapını təpiklə vurub onu qucaqlayıb maşından sıçradım. Maşın partladı biz sağ qaldıq. Nə isə. Belə hadisələrimiz çox olub.

Əfqanıstandan sonra mən, hətta onun evində yaşadım. Rostov vilayətində həyat yoldaşından ayrılıb anası ilə yaşayırdı. Son vaxtlara qədər məktublaşıb, zəngləşirdik də. 2014-cü ildə Donbas münaqişəsi başlayandan sonra nə o axtardı məni, nə də mən onu... Bu müharibə başlayandan bir-iki həftə sonra, elə ötən həftə kəşfiyyatın uşaqlarından bu istiqamətdəki Rusiya ordusunun qurudan həmlə edən diviziya komandirinin kimliyini öyrənəndə gördüm odur...

- Əgər indi haradasa rastlaşsanız, o sizi vurar? Yaxud onun diviziyası sizi əsir götürsə... - sualımı yarıda kəsdi:

- İnanmıram ki, o mənə əl qaldırar. Elə buna görə çox istərdim, nə vaxtsa onunla rastlaşım... Mən əminəm ki, Rusiyada Ukrayna ilə bu rüsvayçı müharibədən xəcalət çəkənlər var... bunu deyib, maşını əsas yoldan köməkçi yola burdu. Başımı qaldırdım ki, şəhərdən çıxmışıq artıq...

Şəhər kənarında bir qəsəbəyə yeni raket - zərbəsi endirilmişdi. Məni ora isti hadisə arxasınca gətirmişdi ki, çəkim. Çəkilişimi edib, növbəti gün Kiyevə döndüm. Amma Konstantinlə əlaqəni kəsmədim. Arada "Facebook" üzərindən yazışırdıq.

Təxminən ilyarım zaman keçdi. Ukrayna Xerson vilayətinin bir hissəsini geri qaytarmışdı artıq. "Facebook"da gördüm ki, Konstantin o istiqamətdədir. Xerson şəhərində Dnepr çayı boyunca təmas xəttində olduğunu dedi. Elə mən də o istiqamətə iki-üç günlük çəkilişə hazırlaşırdım.

Xerson şəhərində 200-300 metrlik eni olan Dnepr çayının sağ sahili Ukrayna, solu isə Rusiya ordusunun nəzarətindədir. Üzbəüz döyüşlərdən savayı, əsl diversiya toqquşmaları da daha çox bu istiqamətdə olurdu.

Xersona çatıb, ona xəbər edəndə, dərhal mesencerdən zəng vurdu:

- Xoş gəlmisən Xersona, Mübariz. Mən indi, demək olar ki, qarşı tərəflə sıfır məsafədəyəm, çox danışa bilmirəm. Neçə gün buradasan?

- İki-üç gün...

- Lap yaxşı. Sabah şəhərə geri qayıdacağam. Elə orada görüşərik. Baxım görüm səni mümkün qədər təhlükəsiz, maraqlı mövzu olan hara apara bilirəm.

Vədələşib, sağollaşdıq. Ertəsi gün əlaqə qura bilmədim. Çıxıb Xerson şəhərinin özündə reportajlar etdim. Ertəsi gün səhəri özü zəng etdi. Üzrxahlıq etdi ki, qəfil döyüşlərə düşdüyünə görə, geri çıxa bilməyib:

- Çalışacağam bu gün axşama şəhərə gəlim. Yeri gəlmişkən, xatırlayırsan mənim "əfqan" keçmiş zabit yoldaşımı? - deyib, gülərək xatırlatdı.

- Əlbəttə xatırlayıram. Necə məgər?

- Heç nə. Elə onun diviziyasıdır sol sahildən bizimlə vuruşan. O artıq bilir ki, mən də döyüşürəm burada və elə buradan Xersondan. Nə isə. Görüşüb ətraflı söhbət edərik, - deyib ayrıldı.

Amma ertəsi gün, hətta ondan sonra iki-üç gün yenə Konstantinlə əlaqə qura bilmədim. Təbii ki, çox gözləyə bilməyib Kiyevə döndüm. Təxminən bir həftə sonra özü mesencerdə yazıb, yenə dərindən üzr istədi ki, ardıcıl döyüş tapşırıqları olduğundan vaxt tapa bilməyib..

2025-ci ilin payızı idi. Bir gün gördüm ki, "Facebook"da Konstantinin fotoları paylaşılır. Əvvəl elə bildim ölüb. Sonra aydın oldu ki, itkin düşüb, iki həftədir tapılmır.

Bir neçə gün keçdi. Oradakı dostumuz Vovadan zəng gəldi. Qısa salamlaşmadan sonra dedi:

- Konstantini xatırlayırsan? Səni o vaxt Odessaya onun yanına göndərmişdim.

- Əlbəttə. Oxudum ki, itkin düşüb, - sözümü bitirməyə qoymadı:

- Dnepr çayında şəhərə yaxın balaca adada meyiti tapılıb, qolları arxadan bağlı. Alnından vurulub. Əclaflar yəqin tələyə salıb tutublar. Sonra vurublar onu, - dedi.

Ardınca nəsə danışdı Vova. Amma mənim fikrimi soruşmadı. Sonuncu telefon danışığımızda Konstantin sanki nəsə tapmış kimi deyirdi ki, rusiyalı keçmiş zabit dostu yenə üzbəüz orduya komandirlik edir.

Mən, əslində, bu barədə yazmalı idim. Ancaq Konstantin artıq yaşamırdı.

Mübariz Aslanov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
77
oxu.az

1Mənbələr