AZ

Yaxın Şərqdə müharibə - dünya enerji sınağı ilə üz-üzə qalıb

Fevralın 28-dən başlayan ABŞ-İsrail-İran müharibəsinin ağır fəsadları yalnız bu üç ölkədə hiss olunmur. Müharibənin uzanmasından və arealının genişlənməsindən bütövlükdə dünya təsirlənir.

Xüsusilə də tistehsal-təchizat zəncirinin pozulması, beynəlxalq sularda üzən gəmilərin və  logistika məntəqələrinin təhdid altına düşməsi qlobal enerji bazarında təlatümlər yaradıb. Bunun da yan təsirləri kifayət qədər böyükdür. Ciddi narahatlıq doğuran proseslər izlənilir. İqtisadiyyatın drayveri sayılan enerji sektorunda tədarükün azalması, qiymətlərin artması yeni, istehlak bazarını da əhatə edəcək daha genişmiqyaslı qlobal böhranın anonsu kimi dəyərləndirilir.

Hörmüz boğazında artan gərginlik

Müharibə ilə əlaqədar qlobal enerji bazarında vəziyyətin kəskinləşməsini şərtləndirən ən mühüm amillərdən biri qismində  Hörmüz boğazında artan gərginlik çıxış edir. Məlumat üçün bildirək ki, qlobal neft tələbatının təxminən 70 faizi, yəni, gündə 100 milyon bareldən çoxu Malakka boğazı və Hörmüz boğazı kimi strateji dəniz yolları, eləcə də alternativ gəmiçilik marşrutu olan Cənubi Afrikanın Ümid burnu ətrafından nəql olunur. Bu marşrutlar beynəlxalq ticarətdə mühüm rol oynayan qlobal dəniz yolları boyunca dar keçidlər olan dəniz tıxacları kimi tanınır. Bu dəhlizlərdən böyük həcmdə xam neft, neft məhsulları, mayeləşdirilmiş təbii qaz (LNG) və digər mallar keçir. Dəniz marşrutlarında fasilələr təchizat gecikmələrinə və qlobal qiymətlərin artmasına səbəb ola bilər.

Burada Hörmüz boğazının önəmi, bəlkə də, alternativsizliyi ilə xüsusi diqqət çəkir. Ayrı-ayrı dəniz keçidlərində yarana biləcək gərginlik və tıxaclar bəzi alternativ marşrutlar vasitəsilə azaldıla bilsə də, bunu Hörmüz boğazı barəsində demək mümkün deyil. Hörmüz boğazı qlobal enerji sisteminin “dar keçid” nöqtəsi kimi səciyyələndirilir. Uzunluğu təxminən 150 kilometr olan bu boğaz bəzi yerlərdə cəmi bir neçə on kilometr enə malikdir və bu xüsusiyyət onu qlobal enerji nəqliyyatının ən həssas nöqtələrindən birinə çevirir. Fars körfəzini Oman körfəzi və Ərəbistan dənizi ilə birləşdirən Hörmüz boğazı körfəz ölkələrinin enerji resurslarının daşınması üçün ən optimal marşrut sayılır. Ötən ilin birinci yarısında bu boğazdan neft axını gündə orta hesabla 20,9 milyon barel təşkil edib. Bu həcm qlobal neft istehlakının təxminən 20 faizini və dəniz neft ticarətinin təxminən dörddəbirini təşkil edib. Eyni zamanda, dünya üzrə mayeləşdirilmiş təbii qaz təchizatının beşdə biri Hörmüz boğazı vasitəsilə təmin edilir. Hörmüzdən keçən neftin təxminən 80 faizi Asiya bazarlarına göndərilir. Çin burada ən böyük istehlakçılardan biridir. Müharibə tərəfi olan Amerika Birləşmiş Ştatları da Hörmüz vasitəsi ilə daşınan enerji daşıyıcılarının istehlakçıları sırasında yer alır. Bu ölkə ötən ilin birinci yarısında Hörmüz boğazı vasitəsilə Fars körfəzi ölkələrindən gündə orta hesabla 400 min barel xam neft və neft məhsulları idxal edib ki, bu da Amerikanın xam neft və kondensat idxalının 7 faizini təşkil edir. Körfəz regionunda yerləşən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər, İraq və İran kimi ölkələrin enerji ixracı böyük ölçüdə bu marşrutdan asılıdır. Bu səbəbdən Hörmüz boğazında baş verə biləcək hər hansı gərginlik və ya nəqliyyatın məhdudlaşdırılması qlobal enerji bazarlarına və qiymətlərə dərhal təsir göstərir.

Hazırda da dünya məhz buna şahidlik edir. Deyə bilərik ki, indi Hörmüz boğazı tərəflər arasında strateji bir silaha çevrilib. İran coğrafi yerləşməsinə əsaslanmaqla boğazı tamam bağlamaqla hədələyir. Eyni zamanda, birləşmiş ABŞ-İsrail qüvvələri sarsıdıcı zərbələr vurmaqla İran donanmasına aid çoxlu sayda gəmini sıradan çıxarıb. Lakin bu, nəzarətin bütünlüklə İranın əlindən çıxması anlamında qəbul edilməməlidir. Ərazinin çətin relyefə malik olması Tehrana öz planlarını həyata keçirməsi üçün fürsətlər yaradır. Keçid sularının minalanması da ehtimallar sırasındadır. Belə gərginlik fonunda Hörmüz boğazı faktiki olaraq bağlanıb və bunun da əks təsirləri həm istehsalçı ölkələrdə, həm də Asiyanın və Avropanın istehlak bazarlarında özünü kəskin şəkildə biruzə verir.

Avropada enerji böhranı dərinləşir

Yaxın Şərqdə baş verən istənilən hərbi əməliyyat qlobal bazarlara güclü təsir göstərir, çünki region neft və qazın hasilatı və ixracında həlledici rol oynayır. Məhz buna görə investorlar və hökumətlər vəziyyətin inkişafını diqqətlə izləyərək enerji daşıyıcılarının tədarükü və dünya iqtisadiyyatının sabitliyi üçün mümkün riskləri qiymətləndirirlər.

Böhranın ilk siqnallarından biri enerji bazarlarının reaksiyası olub. Neftin qiyməti sürətlə artmağa başlayıb, Avropanın təbii qaz bazarında da nəzərəçarpan dəyişkənlik müşahidə olunub. Analitiklərin fikrincə, bu, daha çox mövcud tədarük problemləri ilə deyil, gələcəkdə yarana biləcək çətinliklər fonunda gözləntilərlə əlaqədardır. Bazarlarda logistika zəncirlərinin pozulması riski nəzərə alınır, çünki qlobal tədarükün böyük hissəsi regionun əsas nəqliyyat marşrutlarından keçir.

Hazırda qlobal bazarları neft şoku qorxusu bürüyüb. Avropada səhmlərin satışı məhdudlaşdırılıb. Seulda rekord bir eniş müşahidə edilib, çünki investorlar Yaxın Şərqdə genişlənən müharibənin neft şokuna səbəb olacağı, inflyasiyanın daha da artıracağı və faiz dərəcələrinin aşağı salınmasını gecikdirəcəyi qorxusu ilə çip istehsalçılarının səhmlərini satıblar “Reuters” agentliyinin məlumatına görə, dünyanın müxtəlif dərəcəli aktivlərinin treyderlər tərəfindən sürətli satışı bəzən uzun müddət davam edən yüksək enerji qiymətlərinin nəticələrini anlamağa çalışarkən, xaosa düşmək təhlükəsi yaradır.

Avropanın onsuz da çətin olan gələn qış mövsümü üçün qaz ehtiyatlarını təmin etmək vəzifəsi daha da riskli və bahalı hala gəlib. ABŞ və İsrailin İrana qarşı müharibəsi mayeləşdirilmiş təbii qaz istehsalı və təchizatını pozur, bazar təklifini azaldır, qiymətlərin kəskin şəkildə artmasına səbəb olur.

“Kpler” analitiklərinin fikrincə, Avropadakı alıcılar bu yay anbarları doldurmaq üçün təxminən 700 mayeləşdirilmiş təbii qaz yükünə və ya 67 milyard kubmetrə bərabər miqdarda mayeləşdirilmiş təbii qaza ehtiyac duyurlar ki, bu da ötən illə müqayisədə təxminən 180 yük və ya 17 milyard kubmetr artım deməkdir.

Perspektivlə bağlı proqnozlar ürəkaçan deyil. “Goldman Sachs Group”un analitikləri cari ilin aprel ayı üzrə Avropada təbii qaz qiymətləri ilə bağlı proqnozlarını meqavat-saat üçün 36 avrodan 55 avroya yüksəldiblər.

Yaxın Şərqdəki gərginlik fonunda Avropada təbii qaz qiymətlərində kəskin artım davam edir. Köhnə qitədə mavi yanacağın fyuçers qiymətləri ötən həftənin sonundan etibarən 60 faizdən çox bahalaşıb. Bu, 2023-cü ilin avqustundan bəri qeydə alınan ən böyük artım göstəricisidir, eyni zamanda, 2022-ci ilin enerji böhranından bu vaxtadək müşahidə olunan ən kəskin qiymət dalğalanmasıdır.

Ekspertlərin fikrincə, Avropada təbii qazın qiymətləri Yaxın Şərqdəki gərginliyin qlobal enerji təchizatında ciddi fasilələrə səbəb olacağı ilə bağlı narahatlıqlar, Hörmüz boğazından tankerlərin hərəkətinin dayandırılması və İranın pilotsuz uçuş aparatı (PUA) ilə hücumu nəticəsində hədəfə alınan “QatarEnergy” şirkətinin mayeləşdirilmiş təbii qaz (LNG) qurğusunun bağlanması və buradan ixracının nə qədər müddətə dayandırılacağının təchizata təsiri ilə bağlı qeyri-müəyyənlik fonunda artır. Bu vəziyyət dörd il əvvəl Rusiya-Ukrayna gərginliyinin qlobal enerji ticarətinə təsirindən bəri təbii qaz bazarları üçün ən ciddi şok yaratmaq riskini daşıyır. Əgər Hörmüz boğazından daşınmalar bir ay dayandırılarsa, Avropada təbii qazın qiyməti iki dəfədən çox arta bilər.

Qiymətdəki artım tendensiyasının qlobal miqyasda da davam edəcəyi, təbii qaz anbarlarının doluluq nisbətinin aşağı olması səbəbindən bu vəziyyətin Avropa bazarına təsirinin daha hissedilən olduğu bildirilir. Çünki Avropa qış fəslinin son mərhələlərinə qədəm qoyur və böyük təbii qaz ehtiyatları tükənir ki, bu da qarşıdan gələn saxlama mövsümündə qlobal axınlar üçün rəqabəti gücləndirə bilər. Təchizat təhlükəsizliyinin Avropa üçün yenidən problemə çevrilə biləcəyi də qeyd olunur.

Artıq biznes dairələri həyəcan təbili çalırlar. Fransa Sahibkarlar Təşkilatı - MEDEF İsrail və ABŞ-ın İran üzərində həyata keçirdiyi hava zərbələrinin iqtisadi təsirlərindən narahatlığını ifadə edib. Təşkilatın prezidenti Patrik Martən yerli mətbuata açıqlamasında bu gərginliyin bir çox sahələrə təsir göstərdiyini deyib.

Martən qeyd edib ki, qazın qiyməti 40 faizdən çox, neftin qiyməti isə 20 faizdən çox artıb və bu, şirkətlərin rentabelliyinə birbaşa təsir edə bilər. Patrik Martən əlavə edib ki, Yaxın Şərqdəki böhran, Ukrayna müharibəsi və Çin-ABŞ ticarət gərginlikləri bir araya gəldiyi indiki vəziyyətdə şirkət rəhbərləri ciddi gərginlik yaşayır.

Atom enerjisinə qayıdış gündəmdə

Belə çətin vəziyyətdə Avropa İttifaqı (Aİ) İran münaqişəsi səbəbindən mümkün təchizat problemlərini həll etmək üçün konkret addımlar atmağa başlayıb. Avropa Komissiyası Brüsseldə keçirilən xüsusi iclasdan sonra Ursula Fon der Lyayenin rəhbərliyi ilə üzv ölkələrlə birlikdə enerji böhranı üzrə qərargahın yaradılacağını açıqlayıb. Məqsəd münaqişə nəticəsində neft və qazın qiymətlərinin sürətlə artmasına adekvat cavab verməkdir. Aİ, həmçinin dəniz və hava nəqliyyatında, xüsusilə Hörmüz boğazı və Qırmızı dəniz ətrafında yaranan riskləri yaxından izləməyi planlaşdırır. Hava yolları, gəmiçilik şirkətləri və milli orqanlarla daha sıx koordinasiyanın həyata keçirilməsi nəzərdə tutulub.

Bu arada “köhnə qitə”də atom enerjisinə qayıdış gündəmə gəlib. “Avropa İttifaqının atom energetikasının payının azaldılması Avropa üçün strateji səhv olub”. Bu barədə Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen  Fransada keçirilən nüvə energetikası üzrə sammitdə bildirib. “1990-cı ildə Avropada elektrik enerjisinin üçdəbiri atom elektrik stansiyalarında istehsal olunurdu. Hazırda bu göstərici təxminən 15 faizdir. Atom energetikasının payının azaldılması düşünülmüş seçim idi və geriyə baxdıqda demək olar ki, Avropanın etibarlı və əlçatan aşağıkarbonlu enerji mənbəyindən imtina etməsi strateji səhv olub”, - deyə o bildirib.

Fon der Lyayenin sözlərinə görə, Avropa Komissiyası kiçik modul reaktorlarla bağlı yeni Avropa strategiyası təklif edir. Bu reaktorların Avropada ən geci 2030-cu illərdə istismara verilməsi nəzərdə tutulur. Aİ rəsmisi bildirib ki, kiçik modul reaktorlar ənənəvi nüvə reaktorları ilə yanaşı “çevik, təhlükəsiz və səmərəli” Avropa enerji sistemində əsas rol oynamalıdır. Bu, həmçinin Aİ-nin fosil yanacaq idxalından asılılığını azaltmalıdır.

Bundan əlavə, Avropa İttifaqı innovativ nüvə texnologiyalarına investisiyaları dəstəkləmək üçün 200 milyon avro məbləğində zəmanət təqdim edəcək.

Neft-qaz hasilatında kəskin azalma

Hörmüz boğazından keçidin faktiki olaraq dayanması Yaxın Şərq və körfəz ölkələrinin neft istehsalına ciddi təsir göstərib. Neft ixracının mümkün olmamasının anbarların tutumlarına mənfi təsir göstərməsi region ölkələrini hasilatı azaltmağa məcbur edib. Belə ki, İraqın gündəlik neft istehsalının təxminən 2,9 milyon barel azaldığı bildirilir. Bu göstərici ilə İraq regionda neft hasilatını ən kəskin azaldan ölkədir. Səudiyyə Ərəbistanı sutkalıq neft istehsalını 2-2,5 milyon barel, Birləşmiş Ərəb Əmirlikləri 500-800 min barel, Küveyt isə təxminən 500 min barel azaldıb.

Analiktiklərin fikrincə, 12-dən çox ölkəni əhatə edən regional münaqişə və Hörmüz boğazının bağlanması Yaxın Şərqdəki enerji infrastrukturuna mənfi təzyiq göstərməyə davam edir. Bu, eyni zamanda, yeni nəqletmə marşrutlarının müəyyənləşdirilməsi istiqamətində səyləri artırmağa vadar edir.

Səudiyyə Ərəbistanının “Aramco” şirkətinin baş icraçı direktoru Amin Nasserin sözlərinə görə, Hörmüz boğazının uzun müddət bağlı qalması neft bazarları üçün fəlakətli nəticələrə səbəb ola, əhəmiyyətli potensial pozuntu yarada və qlobal iqtisadiyyata ciddi ziyan vura bilər. Münaqişənin başlamasından bu vaxtadək qlobal miqyasda 180 milyon bareldən çox neft tədarükündə fasilələrin yarandığı bildirilir.

Eyni zamanda,  “Qatar Energy” şirkəti fors-major elan edib. Bu addım mayeləşdirilmiş təbii qazın və onunla əlaqəli məhsulların istehsalının dayandırılmasından sonra atılıb.

Qətər mayeləşdirilmiş təbii qazın ixracına görə dünyada ikinci yeri tutur (qlobal bazarın təxminən 20 faizi). 2022-ci ildən sonra Avropaya, həmçinin Asiyaya (Çin, Yaponiya, Hindistan) bu məhsulun əsas tədarükçülərindən biridir. Fors-major halı bərpa dövrü ərzində şirkəti müqavilə öhdəliklərindən azad edir.

Qeyd edək ki, martın 2-də şirkət Ras Laffan və Museyid ərazilərindəki obyektlərinə edilən hücumlar səbəbindən LNG və əlaqəli məhsulların istehsalını dayandırdığını elan edib. Martın 3-də isə qaz emalı məhsullarının, o cümlədən karbamid, metanol və polimerlərin istehsalının da dayandırıldığı açıqlanıb.

Həmçinin Bəhreyn Krallığında enerji sektorunun transformasiyasına rəhbərlik edən “Bapco Energies B.S.C” qrupu neft emalı üzrə fors-major elan edib.

Verilən məlumatda bildirilir ki, bu addım qrupun tərkibinə daxil olan şirkətin neft emalı zavodunun bölmələrindən birinin raket hücumuna məruz qalmasından sonra atılıb.

Şirkət qeyd edib ki, qabaqlayıcı planlara uyğun olaraq, yerli bazarın bütün tələbatı tam şəkildə təmin edilib və bu, tədarüklərin fasiləsiz davam etməsinə və daxili tələbin heç bir təsir olmadan qarşılanmasına zəmanət verir.

Ölkələr enerjiyə qənaət çağırışları edirlər

Dünya enerji bazarında yaranan təlatümlər fonunda ölkələr qənaət rejiminə keçid etməklə bağlı çağırışlar edirlər. Pakistanın Baş naziri  Şahbaz Şərif xalqa müraciətində enerjiyə qənaət tədbirlərini açıqlayıb. O bildirib ki, zəruri xidmətlərdə çalışanlar istisna olmaqla, dövlət sektorunda çalışanların 50 faizi məsafədən işləyəcək və banklardan başqa digər dövlət idarələri həftədə dörd gün fəaliyyət göstərəcək. Bu həftənin sonundan etibarən bütün məktəblər iki həftə ərzində bağlanacaq, ali təhsil müəssisələri isə onlayn rejimdə işləməyə davam edəcək.

Baş nazir bildirib ki, rəsmi nəqliyyat vasitələri üçün yanacaq müavinətləri iki ay müddətində yarıya endiriləcək, dövlət nəqliyyat vasitələrinin 60 faizi isə yoldan çıxarılacaq. Federal kabinet də eyni dövrdə maaşlardan imtina edəcək.

Əlavə tədbirlərə parlamentarilərin maaşlarının 25 faiz azaldılması, dövlət xərclərinin minimuma endirilməsi, onlayn iclasların keçirilməsi, nəqliyyat vasitələrinin alınmasının qadağan edilməsi və vacib olmayan xarici səyahətlərin məhdudlaşdırılması daxildir.

Bu arada, Hindistanın Neft və Təbii Qaz Nazirliyi neft emalı zavodlarına yanacaq tədarükündə mövcud geosiyasi pozuntular və mayeləşdirilmiş qaz tədarükündəki məhdudiyyətlər səbəbindən LPG istehsalını artırmağı əmr edib. Nazirlik bildirib ki, ev təsərrüfatlarına daxili mayeləşdirilmiş qaz tədarükü prioritet olaraq təyin edilib, idxal edilən mayeləşdirilmiş qaz isə xəstəxanalar və təhsil müəssisələri kimi vacib sektorlara yönəldiləcək.

Macarıstan mövcud böhrana ən həssas ölkələr sırasında yer alır. Regiondakı gərginliyin enerji bazarlarına və nəticə etibarilə Macarıstanın iqtisadi perspektivlərinə təsir göstərməsi üçün cəmi bir həftəsonu kifayət edib. Analitiklərin fikrincə, Yaxın Şərqdə münaqişə uzanarsa, mərkəzi banklar yüksək faiz dərəcələrini daha uzun müddət saxlamalı olacaq. Bu isə kreditləşmə və investisiya artımı üçün şəraiti pisləşdirəcək.

Macarıstan üçün bu məsələ xüsusi əhəmiyyət daşıyır. Çünki ölkə iqtisadiyyatı investisiyalardan və ixracyönümlü sahələrdən ciddi dərəcədə asılıdır. Yüksək faiz dərəcələri iqtisadi fəallığı zəiflədə və artım tempini azalda bilər.

Mövcud böhran uzanarsa, Macarıstan iqtisadiyyatı üçün nəticələr bir neçə istiqamətdə özünü göstərə bilər: iqtisadi artımın zəifləməsi, inflyasiya artımı, maliyyə bazarlarında qeyri-sabitliyin artması, kreditlərin bahalaşması və əhalinin alıcılıq qabiliyyətinin azalması.

Uzunmüddətli perspektivdə bu proses investisiya mühitinə və ölkənin iqtisadi dinamikasına təsir göstərə bilər. Macarıstan iqtisadiyyatı Avropa və qlobal ticarət sisteminə sıx inteqrasiya olunduğundan xarici şoklar daxili vəziyyətə sürətlə təsir edir. Buna görə də hazırda bu ölkədə də enerji məhsullarından qənaətlə istifadə edilməsi ən aktual çağırışlardan birinə çevrilib.

Mübariz ABDULLAYEV

Seçilən
74
1
yeniazerbaycan.com

2Mənbələr