Neftin qiyməti yenidən kəskin şəkildə yüksəlir.
"Yeni Sabah" Interfax-a istinadla xəbər verir ki, bu gün səhər London "ICE Futures" Birjasında may ayı üçün "Brent" fyuçersləri 6,09 dollar (6,62%) artaraq 1 barel üçün 98,07 dollara çatıb. Sessiyanın əvvəlində "Brent" yenidən barel üçün 100 dolları keçmişdi.
Nyu-York Ticarət Birjasında (NYMEX) aprel ayı üçün WTI fyuçersləri bu vaxta qədər 5,29 dollar (6,06%) artaraq 1 barel üçün 92,54 dollara çatıb.
İran dövlət televiziyası IRIB-in məlumatına görə, İranın sualtı pilotsuz təyyarəsi gecə Fars körfəzində 2 neft tankerinə hücum edib. Daha əvvəl Bəsrədəki İraq təhlükəsizlik mənbəyi CNN-ə bildirib ki, partlayıcı maddələrlə dolu gəmi hər iki tankeri vurub.
Yanğın Malta bayrağı altında üzən "Zefyros" və Marşal adaları bayrağı altında üzən "Safesea Vishnu" gəmilərində baş verib. "Safesea Vishnu" Amerika şirkəti "Safesea Transport Inc." kimi qeydiyyatdan keçib, "Zefyros" isə Yunanıstana məxsusdur.
İraq Limanları İdarəsinin rəhbəri Fərhan əl-Fərtusinin sözlərinə görə, yanğından sonra İraqın neft limanlarında əməliyyatlar dayandırılıb. O, bir nəfərin öldüyünü və 38 nəfərin xilas edildiyini bildirib.
"Bloomberg"in məlumatlı mənbələrə istinadən verdiyi məlumata görə, Oman gəmilərə ehtiyat tədbiri olaraq Mina əl-Fəhal ixrac terminalını tərk etməyi əmr edib. Kpler-in məlumatına görə, terminal gündə təxminən 1 milyon barel neft ixrac edib.
Bir müddət əvvəl İran ordusunun sözçüsü bildirib ki, dünya neftin barelinin qiyməti 200 dollara hazırlaşmalıdır, çünki yanacaq qiymətləri regional təhlükəsizliyə bağlıdır və İsrail və ABŞ öz hərəkətləri ilə bu təhlükəsizliyi pozublar.
Telegram kanalımız