BAKI, 12 mart. TELEQRAF
Dünyada ziddiyyətlərin və hərbi münaqişələrin artdığı bir vaxtda Bakıda keçirilən XIII Qlobal Bakı Forumu fərqli baxışların bir araya gəlməsi üçün xüsusi əhəmiyyət kəsb edir.
Teleqraf xəbər verir ki, bu barədə Latviyanın sabiq prezidenti (1999–2007), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqa XIII Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.
Vayra Vike-Frayberqa qeyd edib ki, bir neçə il əvvəl Nizami Gəncəviyə həsr olunmuş kiçik bir tədbirlə başlayan bu təşəbbüs, Prezident İlham Əliyevin dəstəyi və təklifi ilə bu gün qlobal miqyaslı böyük bir platformaya çevrilib.
O, Azərbaycanın bu mötəbər tədbirə artıq 13-cü dəfə ev sahibliyi etməsini və dövlət başçısının bu prosesdəki rolunu yüksək qiymətləndirib.
Sabiq prezident müasir dünyanın qarşılaşdığı təhlükələrdən danışarkən vurğulayıb ki, fikir ayrılıqlarının hərbi əməliyyatlara, ölüm və dağıntılara çevrildiyi bir dövrdə parçalanmış dünyanı birləşdirmək əsas hədəf olmalıdır.
Onun sözlərinə görə, təkcə insan itkiləri deyil, həm də sivilizasiyaların və tarixi binaların məhv edilməsi böyük narahatlıq doğurur.
Çıxışında İkinci Dünya müharibəsindən sonrakı dövrə və Birləşmiş Millətlər Təşkilatının prinsiplərinə toxunan V.Vike-Frayberqa bildirib:
"Bir çoxları qaydalara əsaslanan dünya düzəninin və beynəlxalq prinsiplərin nüfuzunu itirməsindən təəssüflənir. Bu qaydalar əsrlər boyu böyük müqavimətlərə rəğmən inkişaf etdirilib. Unutmamalıyıq ki, İkinci Dünya müharibəsinə qədər Avropa heç də sülh və firavanlıq nümunəsi deyildi. Mən uşaqlığımda, müharibədən sonra Almaniyadakı qaçqın düşərgələrində aclıq və ehtiyac içində yaşadığımız illəri yaxşı xatırlayıram”.
Vayra Vike-Frayberqa forumun dünyanın müxtəlif yerlərindən gələn diplomatları, elm adamlarını və beynəlxalq qurumların rəhbərlərini bir araya gətirərək bu mürəkkəb dövrdə həll yolları axtarmaq üçün unikal imkan yaratdığını diqqətə çatdırıb.