AZ

İtaliyanın baş naziri Minabda məktəbə zərbəyə görə məsul şəxslərin cəzalandırılmasına çağırıb

Corcia Meloni İranda məktəbli qızların ölümünü pisləyərək Yaxın Şərqdə münaqişənin diplomatik yolla həllini dəstəklədiyini bildirib...

Poliqon xəbər verir ki, İtaliyanın baş naziri Corcia Meloni İranın cənubundakı Minab şəhərində qızlar məktəbinə endirilən zərbə nəticəsində məktəbli qızların həlak olmasını qəti şəkildə pisləyib. Bu barədə Politico nəşri məlumat yayıb.

Meloni bəyan edib ki, Minabda baş verən hadisə ciddi beynəlxalq narahatlıq doğurur və günahkar şəxslərin məsuliyyəti müəyyən edilməlidir. “İranın cənubundakı Minab şəhərində qızların məktəbində baş verən kütləvi qətli qətiyyətlə pisləyirəm”, deyə İtaliya hökumətinin başçısı bildirib.

Baş nazir vurğulayıb ki, baş verənlərə görə məsuliyyət daşıyan şəxslər müəyyənləşdirilməli və mülki əhalinin, xüsusilə uşaqların təhlükəsizliyi təmin olunmalıdır. O, həmçinin həlak olan məktəbli qızların ailələrinə həmrəyliyini ifadə etdiyini qeyd edib.

Meloni əlavə edib ki, İtaliya ABŞ və İsrailin İrana qarşı apardığı müharibəni dəstəkləmir və münaqişənin yalnız diplomatik yollarla həllinin tərəfdarıdır. Onun sözlərinə görə, hazırda dünya beynəlxalq sistem üçün ciddi böhran mərhələsindən keçir.

İtaliya hökumətinin başçısı bildirib ki, beynəlxalq təhlükəsizlik mühiti getdikcə daha narahatedici xarakter alır və beynəlxalq hüququn əsas prinsiplərini pozan birtərəfli hərbi müdaxilələrin sayı artır. Meloni qeyd edib ki, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi kampaniya da məhz bu kontekstdə qiymətləndirilməlidir.

Xatırladaq ki, Minab şəhərində qızlar məktəbinə zərbə fevralın 28-də – ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının ilk günündə endirilmişdi. Martın 3-də İranda həmin məktəbin şagirdlərinin dəfn mərasimi keçirilib. İran hakimiyyəti baş verən hadisəyə görə ABŞ və İsraili məsuliyyət daşımaqda ittiham edib.

ABŞ müdafiə naziri Pit Heqset isə hadisə ilə bağlı açıqlamasında bildirib ki, ABŞ Silahlı Qüvvələri heç vaxt mülki obyektlərə qəsdən zərbə endirmir.

Poliqon.info

Seçilən
50
poliqon.info

1Mənbələr