ABŞ, İsrail və İran arasında davam edən qarşıdurma 2026-cı ilin ən təhlükəli geosiyasi böhranlarından birinə çevrilib. Hərbi zərbələr, raket hücumları və iqtisadi sarsıntılar artıq Yaxın Şərqdə yayılmaqdadır. Nəticədə kimin qalib gələ biləcəyi və müharibənin nə qədər davam edə biləcəyi ilə bağlı suallar artır...
Belə bir məqamda müharibənin parlaq qalibinin olması ehtimalı azdır. Son dövrlərin ən parlaq və tam qələbəsi Azərbaycan və Ermənistan arasında 44 günlük Vətən müharibəsi idi. Bu, birmənalı və mübahisəsizdir.
İrandakı müharibədə isə vəziyyət tam fərqlidir. Nəticə hərbi dözümlülükdən, siyasi sabitlikdən və beynəlxalq diplomatiyadan asılı olacaq.
Münaqişə ABŞ və İsrail qüvvələrinin İranın hərbi infrastrukturunu, raket mərkəzlərini və nüvə obyektlərini hədəf alan genişmiqyaslı hava hücumları ilə başladı. İlkin məlumatlara görə, İran hədəflərinə minlərlə zərbə endirilib. İran və onun regional müttəfiqləri tərəfindən raket və pilotsuz təyyarələrlə cavab hücumları edildi. Hazırda da qarşılıqlı hücumlar davam edir.
Lakin İran raket buraxılış qurğularının 90%-dən çoxunu itirib. Ona görə də əsas gücü sayılan ballistik raket atışları xeyli azalıb. ABŞ və İsrail isə iqtisadi və maliyyə itkilərinə rəğmən hücumları davam etdirirlər.
İqtisadi təsirlər
Müharibə artıq qlobal bazarlara və neft təchizatına, xüsusən də qlobal enerji daşınmaları üçün vacib marşrut olan Hörmüz boğazı ətrafında təsir göstərib.

Dünya neftinin 20 faizinin keçdiyi su yolu olan Hörmüz boğazı müharibənin ikinci günündən bəri kommersiya gəmiçiliyi üçün faktiki olaraq bağlanıb. Tankerlər üçün sığorta tarifləri kəskin şəkildə artıb. Bunun səbəbi təkcə İranın atəş gücü deyil, həm də ucuz dronlarıdır.
Müharibə artıq hər iki tərəfə ağır zərbələr vurub. ABŞ-nin ənənəvi müttəfiqləri olan Körfəz dövlətləri indi İranın cavab hücumlarından qaynaqlanan geniş neft və duzsuzlaşdırma infrastrukturları ilə bağlı getdikcə daha çox narahatdırlar.
Bəlkə də Tramp administrasiyasının hazırda ən böyük problemi müharibənin sonunu müəyyən edə bilməməsidir. Keçmiş Pentaqon rəsmiləri hesab edirlər ki, İranı təslim olmağa məcbur etmək üçün həftələrlə bombardman lazım ola bilər.
Müharibənin fonunda isə "Brent" neftinin qiyməti 100 dolları ötüb və yüksəlməkdə davam edir. Azərbaycan nefti də sürətlə artan tempdədir.
Hərbi Balans: Kimin Üstünlüyü Var?
Hərbi baxımdan ABŞ-İsrail ittifaqı böyük texnoloji və hava gücü üstünlüyünə malikdir. Onlar qabaqcıl hava qüvvələri və gizli təyyarələr, regional hərbi bazalar, uzaqmənzilli raketlər və dəqiq zərbə qabiliyyəti, eləcə də güclü kəşfiyyat və kiber müharibə imkanları ilə artıq İranın əhəmiyyətli raket və hava hücumundan müdafiə infrastrukturunu məhv ediblər.

Lakin İran da güclü tərəflərə malikdir - böyük raket arsenalı, regional müttəfiqlər və proksi qruplar şəbəkəsi, Fars körfəzində neft daşınmasını pozmaq qabiliyyəti. Buna əhalinin xarici hücum zamanı birləşməsi və strateji dərinliyi də əlavə etmək olar. Çünki bu, İranı daha güclü etdi və rejim dəyişikliyinin qarşısını aldı. Ən azından hələlik belədir.
Mümkün nəticələr
Hazırda hər iki tərəf qələbə iddia edir. Üstəlik, heç bir ölkə vasitəçilik etmək niyyətində deyil. Görünür, hər iki güc məsələni öz aralarında həll etməlidir.
Ümumiyyətlə üç əsas ssenarini təsvir etmək olar ki, bunlardan ən çox ehtima olunanı məhdud müharibə və danışıqlar yolu ilə həlldir. Bir çox analitiklər inanırlar ki, münaqişə İranın hərbi imkanları zəiflədikdən bir neçə həftə sonra atəşkəs və ya danışıqlarla razılaşma ilə başa çatacaq.
Bu halda İran hökumətini saxlayacaq, nüvə və raket proqramları yeni məhdudiyyətlərlə üzləşəcək. Lakin bunun müqabilində sanksiyalar qismən ləğv edilə bilər.
Digər bir variant uzunmüddətli regional müharibədir. Qisas şiddətlənərsə, müharibə Yaxın Şərqə yayıla bilər. Livandan "Hizbullah" hücumları, İraq və Suriyada milis hücumları, gəmi marşrutlarına və ABŞ bazalarına hücumlar və s. Bu, aylarla və hətta illərlə davam edən regional münaqişə yarada bilər.
Sonuncu ssenari isə İran hökumətinin süqutudur. Bu, daha az ehtimal olunur. Lakin ciddi hərbi ziyan, daxili etirazlar və ya siyasi süqut, eləcə də İranın hazırkı rəhbərliyinin dəyişdirilməsi fonunda bu prosesləər baş verə bilər.

Bəzi proqnozlar rejimin süqut ehtimalını 30-40% civarında göstərir. Yeni varis Müctəba Xameneinin atası kimi güclü təsirə malik olmayacağı aydındır. Lakin ona beyət edilib və hərbi güc ətrafında birləşib. Onun da öldürülməsi halında inqilabçılar gedə bilər.
Müharibə nə vaxt bitə bilər?
İndiki məqamda İran özünü qisasa kökləyib və Qurban bayramından əvvələ qədər dayanmaq niyyətində deyil. ABŞ isə məsələni kökündən həll etmək istəyir ki, İran illərlə özünə gələ bilməsin.
Əksər hərbi analitiklər eskalasiya nəzarət altında qalarsa, müharibənin gərgin mərhələsinin təxminən 2-4 həftə davam edəcəyini gözləyirlər. Lakin geosiyasi münaqişələr nadir hallarda tez başa çatır. Bombalama tezliklə dayandırılsa belə, regional gərginlik illərlə davam edəcək. Proksi münaqişələr, sanksiyalar və iqtisadi müharibə uzunmüddətli olacaq.
Başqa sözlə, döyüş meydanındakı müharibə tezliklə başa çata bilər, lakin siyasi münaqişə daha uzun müddət davam edə bilər.
Bəs kim qalib gələcək?
Hərbi qələbə: Üstün hərbi gücə görə ABŞ-İsrail ittifaqı ehtimal olunur.
Strateji qələbə: Hələlik qeyri-müəyyəndir. İran hökuməti sağ qalarsa və regionda təsirini saxlayarsa, uğur qazandığını iddia edə bilər.
Nəticədə isə ABŞ-İsrail və İran müharibəsi 13 gündür davam edir. Buna görə dəqiq qalibin proqnozlaşdırılması çətindir. Ən çox ehtimal olunan nəticə hər iki tərəfin tam məğlubiyyəti deyil. Qısa, lakin gərgin bir münaqişənin ardınca danışıqlar istisna edilmir.
Tarix göstərir ki, Yaxın Şərqdəki müharibələr nadir hallarda qəti şəkildə başa çatır. Əksinə, onlar regionun güc balansını gələcək illər üçün yenidən formalaşdırır.
Ağarza Elçinoğlu