ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Fars körfəzi və Hörmüz boğazında altı ticarət gəmisinə hücum edilib. Bu, hazırda İran ətrafında baş verən hadisələrlə bağlı əsas gündəm xəbəri və mövzusudur. Çünki tankerlərə və neft yataqlarına açıq hücumlar İranla ABŞ-İsrail qüvvələri arasında münaqişənin yeni eskalasiya mərhələsinə çıxması deməkdir.
Dəniz təhlükəsizliyi şirkətlərinin məlumatına görə, partlayıcı maddələrlə silahlanmış İran pilotsuz qayıqları dünən İraq ərazi sularında iki yanacaq tankerinə - Marşal və Malta bayraqlı gəmilərə hücum edib. Hər iki gəmi İraqdan yanacaq daşıyırdı. Hücumlar nəticəsində tankerlərdə yanğın baş verib və bir heyət üzvü həlak olub. 25 dənizçi xilas edilib, digərlərinin axtarışı davam edir.
İraq Dövlət Neft Marketinq Təşkilatı (SOMO) hücumun gəmilər arasında neft köçürmə zonasında baş verdiyini bildirib. Hadisədən sonra İraq neft limanları fəaliyyətini dayandırıb.
İrana qarşı işğalçı hərbi əməliyyatın başlamasından bəri bölgədə ən azı 16 gəmiyə hücum edilib. Nəticədə Fars körfəzində gəmiçilik faktiki olaraq dayandırılıb.
Xatırladaq ki, qlobal neft ticarətinin təxminən 20%-i Hörmüz boğazından keçir və davam edən müharibə fonunda neft qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə yüksəlib.
Daha əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu(SEPAH) bəyan etmişdi ki, İrana hücumlar davam edərsə, ABŞ-yə, İsrailə və ya onların müttəfiqlərinə bölgədən "bir litr də olsun” neft göndərilməsinə icazə verməyəcək.

Donald Tramp isə Vaşinqtonun İrana daha sərt zərbələr endirəcəyi barədə xəbərdarlıq etmişdi. Elə həmin gün SEPAH qüvvələri Hörmüz boğazında Taylandın “Mayuree Naree” adlı yükdaşıyan gəmisinə atəş açıb. Gəmidə yanğın baş verib və üç heyət üzvü itkin düşüb.
Bundan əlavə, SEPAH-ın hücumları nəticəsində daha üç gəmi - iki konteyner gəmisi və bir yükdaşıyan gəmi zədələnib.
ABŞ Hərbi Dəniz Qüvvələri hücum riskini çox yüksək hesab edərək ticarət gəmilərini Hörmüz boğazından keçirməkdən, onları müşayiət etməkdən imtina edir.
Bütün bunlar onu göstərir ki, İran rejimi Hörmüz boğazı ilə bağlı daha çox sözünün üzərində durur, nəinki Tramp administrasiyası. Doğrudur, ABŞ və İsrailin İranın müxtəlif şəhərlərini, hərbi və mülki infrastrukturunu bombardmanları davam edir və şiddətlənir. Lakin bu, rejimi qətiyyən dayandırmır və geri çəkilməyə məcbur edə bilmir.

Əvəzində, SEPAH strateji əhəmiyyətli Hörmüz boğazını və ümumilikdə Fars körfəzini cəhənnəmə çevirə bilir. Özü də bunun üçün onun ABŞ və İsraildən fərqli olaraq, elə də çox və bahalı hərbi resurslara ehtiyacı yoxdur. Bu savaşda İranın coğrafi mövqeyi onun ən böyük müttəfiqidir və bu gedişlə ABŞ-İsrail alyansının Fars körfəzində və Hörmüz boğazında vəziyyəti nəzarətə götürməsi ehtimalı çox azdır.
Əlac yalnız quru əməliyyatına qalır ki, Trampın da buna gedəcəyi olduqca problemli və qeyri-real görünür.
C.Məmmədli
“AzPolitika.info”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.