AZ

YENİ KART, FƏRQLİ PAKETLƏR, GÜZƏŞTLƏR VƏ QİYMƏTLƏR... İctimai nəqliyyatda gediş haqqı artacaq, ya azalacaq?

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində növbəti illərdə bir sıra yeniliklərin tətbiqi planlaşdırılır.

"AzPolitika" xəbər verir ki, 2026–2028-ci illər ərzində mərhələli şəkildə brutto müqavilə modelinə keçid həyata keçiriləcək və yeni avtobus kartları istifadəyə veriləcək. Bu sistemdə ödənişlərin məsafəyə görə hesablanması nəzərdə tutulur.

Qeyd edək ki, layihə ilkin mərhələdə Bakı, Sumqayıt, Gəncə, Naxçıvan və Xankəndi şəhərlərində, eləcə də Abşeron rayonu, Ağdam rayonu, Şuşa rayonu və Laçın rayonu ərazilərində tətbiq ediləcək. Yeni model əsasən nağdsız ödəniş sisteminə keçmiş, sıxılmış təbii qaz və elektrik mühərriki ilə işləyən avtobusları əhatə edəcək. Yeni yanaşma çərçivəsində sərnişinlər üçün müxtəlif bilet paketlərinin yaradılması planlaşdırılır. Gündəlik, aylıq və illik bilet paketləri ilə yanaşı, 90 dəqiqə ərzində bir nəqliyyat vasitəsindən digərinə pulsuz keçid imkanı da nəzərdə tutulur. Eyni zamanda tələbələr, təqaüdçülər, müharibə iştirakçıları və digər həssas sosial qruplar üçün güzəştli tariflərin tətbiqi planlaşdırılır.

Mütəxəssislər hesab edirlər ki, brutto müqavilə modelinə keçid ictimai nəqliyyatın daha əlçatan və səmərəli olmasına imkan verəcək. Bu model daşıyıcı şirkətlərin maliyyə sabitliyini artıracaq, çünki onların fəaliyyəti hər kilometrə görə dövlət tərəfindən subsidiyalarla dəstəklənəcək.

Qeyd edək ki, hazırda müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi məsafədən asılı olmayaraq 50 qəpik təşkil edir. 

Müntəzəm şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tarifin yuxarı həddi bir kilometr üçün 3,7 qəpik müəyyən edilib və məsafəyə görə gediş haqqı məbləğ aşağıdakı kimidir:

- 1 km-dən 15 km-dək (15 km daxil olmaqla) 50 qəpik;

- 15 km-dən 30 km-dək (30 km daxil olmaqla) 60 qəpik;

- 30 km-dən 40 km-dək (40 km daxil olmaqla) 70 qəpik;

- 40 km-dən 45 km-dək (45 km daxil olmaqla) 80 qəpik;

- 45 km-dən 50 km-dək (50 km daxil olmaqla) 1 manat;

- 50 km-dən yuxarı 1.10 manat təşkil edir.

Bu barədə nəqliyyat eksperti Raqif Raufoğlu "AzPolitika"-ya şərhində bildirib ki, sistem düzgün icra olunarsa, gözlənilən nəticələri əldə etmək mümkün olacaq. Onun sözlərinə görə, hazırkı şəraitdə bir çox sosial güzəştləri tətbiq etmək çətindir, lakin yeni modeldə bütün hesablamalar dövlət tərəfindən aparıldığı üçün bu imkanlar genişlənə bilər.

Ekspert bildirib ki, gediş haqqının hazırda minimal səviyyədə olduğunu nəzərə alsaq, daha aşağı tarifin tətbiqi real görünmür:"Bununla belə, müəyyən hallarda qiymət artımı baş verərsə, bu artımın digər kateqoriyaların hesabına tənzimlənməsi mümkündür. Sistem həm də rentabelli olmalıdır, çünki subsidiyalar müəyyən həddə qədər davam edə bilər və əsas məqsəd ictimai nəqliyyatın zamanla özünü maliyyələşdirən bir modelə çevrilməsidir".

R. Raufoğlu qeyd edib ki, Avropa ölkələrinin təcrübəsinə baxdıqda fərqli tarif mexanizmlərinin tətbiq olunduğunu görmək mümkündür: "Məsələn, bəzi hallarda qiymətlər turistlər və ya qeyri-pik saatlarda səyahət edən sərnişinlər üçün fərqli ola bilər. Pik saatlar əsasən əhalinin ən həssas təbəqələrinin istifadə etdiyi vaxtdır və həmin dövrdə qiymət artımı tətbiq etmək məqsədəuyğun deyil. Çünki həmin insanlar işə və ya digər vacib istiqamətlərə getmək üçün məhz ictimai nəqliyyatdan istifadə etməyə məcburdurlar".

Ekspert hesab edir ki, günün digər saatlarında isə fərqli tariflər tətbiq oluna bilər:"Məsələn, günorta saatlarında ictimai nəqliyyatdan istifadə edən sərnişinlər fərqli kateqoriyalara aid ola bilər. Bu halda gediş haqqının bir qədər yüksək olması ciddi problem yaratmaya bilər. O qeyd edib ki, məsələn, həmin vaxt ictimai nəqliyyatdan istifadə edən şəxs üçün gediş haqqının 80 qəpik deyil, 1 manat olması böyük təsir göstərməyə bilər. Eyni yanaşma turistlərə də tətbiq oluna bilər. Çünki xarici ölkələrdə də turistlər üçün müxtəlif tariflər mövcuddur və insanlar səyahət zamanı buna çox da ciddi reaksiya vermirlər".

Ekspert bildirib ki, bu yanaşma vasitəsilə əlavə gəlirlər əldə etmək və bunun hesabına digər güzəştləri kompensasiya etmək mümkündür: "Dünya təcrübəsində də oxşar modellər mövcuddur və bu sistemlər məhz bu prinsiplər əsasında işləyir. İctimai nəqliyyatla bağlı əsas gözləntilərdən biri də marşrut şəbəkəsinin genişləndirilməsidir. Onun fikrincə, yeni model tətbiq olunduqdan sonra avtobusların daha çox istiqamətə hərəkət etməsi mümkün olacaq. Məsələn, hazırda Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən Bilgəh istiqamətinə gedən marşrutun daha sonra Pirşağı və Sabunçu istiqamətlərinə qədər uzadılması mümkün ola bilər. Hazırda bu kimi marşrutlar mövcud deyil və bir çox sərnişin təyinat nöqtəsinə çatmaq üçün bir neçə dəfə nəqliyyat dəyişməyə məcbur qalır. Məsələn, Koroğludan Pirşağıya getmək istəyən sərnişin üç müxtəlif marşrutdan istifadə etməli olur. Bu səbəbdən də bəzi insanlar ictimai nəqliyyatdan istifadə etmək əvəzinə şəxsi avtomobillərinə üstünlük verirlər".

Onun sözlərinə görə, hazırkı sistemdə dövlət marşrut sahiblərinə bu cür dəyişiklikləri diktə etmək imkanına malik deyil. Lakin brutto müqavilə modelində maliyyələşmə dövlət tərəfindən həyata keçiriləcəyi üçün marşrutların planlaşdırılması və istiqamətlərin müəyyən edilməsi daha effektiv şəkildə tənzimlənə biləcək. Bu isə ictimai nəqliyyatın daha əlçatan və rahat olmasına şərait yarada bilər.

Qeyd edək ki, belə sistem artıq dünyanın bir çox şəhərlərində tətbiq olunur.

Məsələn, Londonda ictimai nəqliyyatda ödəniş zonalara görə müəyyən edilir. Şəhərin mərkəzində bir zona daxilində avtobus və ya metro ilə tək gedişin qiyməti təxminən 1,75 funt sterlinq civarındadır. Sərnişinlər "Oyster Card" və ya bank kartı ilə ödəniş etdikdə gün ərzində maksimum limit tətbiq olunur. Bu limitə çatdıqdan sonra həmin gün əlavə gedişlər üçün əlavə ödəniş alınmır.

Berlində isə şəhər A, B və C zonalarına bölünüb. Məsələn, A və B zonalarında bir dəfəlik gediş bileti təxminən 3,20 avro təşkil edir. Eyni zamanda aylıq abonement biletləri də mövcuddur və onların qiyməti təxminən 80–90 avro arasında dəyişir.

Stokholmda ictimai nəqliyyatda vahid vaxt sistemi tətbiq olunur. Bir bilet təxminən 42 İsveç kronu (təxminən 3–4 avro) təşkil edir və 75 dəqiqə ərzində avtobus, metro və qatar arasında sərbəst keçid etmək mümkündür.

Sinqapurda da gediş haqqı əsasən məsafəyə görə hesablanır. Qısa məsafələr üçün ödəniş təxminən 1–2 Sinqapur dolları arasında dəyişir və məsafə artdıqca tarif də mərhələli şəkildə artır.

Region ölkələrində də ictimai nəqliyyatda məsafəyə və ya zona sisteminə əsaslanan ödəniş modelləri tətbiq olunur.

Məsələn, İstanbulda ictimai nəqliyyatda vahid kart sistemi – "İstanbulkart" istifadə olunur. Avtobus, metro, tramvay və bərələrdə tək gediş təxminən 15–30 türk lirəsi civarındadır. Bundan əlavə, ilk gedişdən sonra müəyyən vaxt ərzində edilən gedişlər daha ucuz tariflə hesablanır. Tələbələr və sosial qruplar üçün isə xüsusi güzəştli kartlar mövcuddur.

Tbilisidə də vahid kart sistemi tətbiq edilir. Avtobus və metro ilə gediş haqqı təxminən 1 gürcü larisidir. Kartla ödəniş etdikdə 90 dəqiqə ərzində digər nəqliyyat vasitəsinə əlavə ödəniş etmədən keçmək mümkündür.

E. Bəyməmmədli

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
8
azpolitika.info

9Mənbələr