AZ

İki yazıçımıza "İran agenti" damğası - Təbrizdə şəhadət axtaran Həmid Herisçi...

Qəribə tragikomik bir mənzərə yaranıb. Əslən Güney Azərbaycanımızdan olan iki tanınmış şair, yazıçımız Sayman Aruzu və Həmid Herisçini İran agenti çıxarırlar.

O qədər mənasız, məzmunsuz bir işdir ki, adam bu məsələnin gündəmə gəlməsinə belə heyrət edir. Həmid Herisçi postmodernist, avanqard, sözün yaxşı mənasında macəraçı bir yazardır. Onu gah Rusiyada Qarabağ müharibəsinin gərgin vaxtlarında Azərbaycanın mövqeyini müdafiə edən müsəlman filosof Heydər Camalla müsahibədə, gah ateistlərin diş qıcadığı bir vaxtda ölkə ərazisində olan pirlərin tarixini araşdırdırmada, gah meyxananı yıxıb sürüyən, dəridən-qabıqdan çıxıb onun şeirə, sənətə aid olmadığını iddia edən intellektuallarımızın acığına poeziyamızın gələcəyinin əruzda, meyxanada olduğunu iddia edəndə.., indi də göydən raketlərin, bombaların yağdığı Təbrizdə şəhadət axtara-axtara Heminquey kimi "Əlvida silah" tipli müharibəni canlı anlada biəcək bir əsər yazmaq arzusunda görürük. Anladığımız, Həmid hadisələrin mərkəzində olmağı, axına qarşı durmağı, kontrastlar mühitində yaşayıb ilham pərisini qıcıqlandıraraq ehtirasa gətirməkdən zövq alan destruktiv meyilli bir sənət adamıdır.

Onun fonda bir tərəfdən Xamneyinin portreti, digər tərəfdə isə Səttar xanın heykəli olan meydan yaxud küçədə İrandakı intetnet yoxluğundan doğan məlumatsızlıq şəraitində Naxçıvana atılan dronlar haqqında danışması artıq xarakter cizgisi olmuş kontrasta, paradoksallığa, macəraçılığa olan meylinin və eləcə də, vətənpərvərliyinin, belə bir ağır vaxtda vətən üçün mən də nə isə edim düşüncəsinin gündəm yaradan məhsuludur... Sayman Aruz isə artıq əsrin dörddə birinə yaxın bir zamanda Bakıda yaşayan, vətəndaşlıq alan, AYB-də Güney Azərbaycan bölməsini yaradıb ona rəhbərlik etmiş bir şəxsdir. Uzun illər ərzində Azərbaycan dövlət televiziyasında Cənubi Azərbaycanla bağlı veriliş aparır, ölkədə bir çox yaradıcı adamı, tanınmış millət vəkillərini, siyasi şərhçiləri, alimləri özü ilə bərabər Xudafərin körpüsünə aparıb üzü İran tərəfə fars-molla rejiminin qabırğasına deyilə biləcək emosional-intellektual bütün vətənpərvər çıxışları elətdirib.

Hətta mən də onun verilişində "Xəyanət girdabı, cəhalət toru, Sən elə əvvəldən beləsən, İran!" misraları ilə başlayan şeirimi Arazın dərin sularına baxaraq pafosla deklamasiya edib bir neçə saatlıq özümü "azadlıq mücahidi" hiss etmiş və bu duyğuları mənə yaşatdığına görə Saymana minnətdarlığımı bildirmişəm. O, Həmidin küləkli xarakterindən fərqli olaraq daha sakitdir, özünü köhnə klassik kişilər kimi daha ağır və samballı aparmağı xoşlayır, kənardan ona baxanda bir şairdən çox yüksək vəzifəli bir məmur, deputat görünüşünə malik adam təsiri bağışlayır. Yaradıcılığı da klassik ənənələrə əsaslanır. Üslub fərqləri olsa da, bu iki ədəbiyyat afamı ölkənin yaradıcı mühitində öz istedad və intellektlərini təsdiqləmiş şəxslərdir. Cənubi Azərbaycanımızı təmsil edən, xarakter və yaradıcılıq üslubu baxımından bir-birinin ziddi olan bu iki qənimət insan, əslində, bu ziddiyyətlərinin vəhdəti ilə ölkəmizdə Güney Azərbaycanımızın bütövlüyünün mənzərəsidirlər. Azərbaycanı sevən,hərəsi bir istiqamətdə ömürlərini, yaradıcılıqlarını onun bütövlüyünə, mədəniyyətinin, sənətinin inkişafına həsr edən, artıq özlərini ictimai şüurda, ədəbiyyat aləmində təsdiq etmiş bu iki özünəməxsus üslublu, istedadlı, vətənpərvər insanımıza gülünc şəkildə "agent", "xain" damğası yapışdırmaq cəhdinin özü elə mənəviyyata, ədalətə, insan haqlarına xəyanətdir. Hüquqi baxımdan bu əsassız iddiaları darmadağın etmək bir ağıllı vəkilin əlilə su içimi kimi bir şeydir. Amma yaradıcı adamlar zamanlarına, əməklərinə qiymət verib bacardıqları qədər belə məsələlərə baş qoşmurlar. İnşallah, Həmid Herisçi öz yaradıcılq məzuniyyətindən əli dolu döndükdən sonra Sayman Aruzla birgə qol-boyun "Üslubların vəhdəti və mübarizəsi" adına bir şəkil çəkdirər, bu absurd dedi-qodulara, şayiələrə sərf olunan sosial enerjini Azərbaycanımızın bütövlüyü uğrunda yaradıcı, məhsuldar bir məcraya yönəldərlər. Azərbaycan türkünün artıq düşmənlərinin oyununa gələn yox, özünün oyun quran vaxtıdır.


077799ba-87e4-46cd-8b6a-bcb335e0bbe2.jpg
Arzu Əsəd, şair-publisist

Seçilən
79
musavat.com

1Mənbələr