Bakı, 12 mart, AZƏRTAC
Yaxın Şərqdə münaqişənin eskalasiyasından on gündən çox vaxt keçir və regionda milyonlarla uşaq üçün vəziyyət daha fəlakətli hala gəlir.
AZƏRTAC “Corriere della Sera” qəzetinə istinadla xəbər verir ki, fevralın 28-dən bəri baş verən zorakılıq nəticəsində 1100-dən çox uşaq yaralanıb və ya öldürülüb.
İranda 200, Livanda 91, İsraildə 4 və Küveytdə 1 uşağın həlak olduğu bildirilir. UNICEF-in açıqlamasında deyilir ki, zorakılıq gücləndikcə və yayıldıqca, bu rəqəmlərin daha da artacağı gözlənilir.
UNICEF bildirib: “Təhsil sistemindəki kütləvi pozuntular regionda milyonlarla uşağı təhsilsiz qoyub və yüz minlərlə insan amansız bombardmanlar səbəbindən evlərindən didərgin düşüb. Uşaqların yaşaması üçün zəruri olan xəstəxanalar, məktəblər, su və kanalizasiya sistemləri də daxil olmaqla mülki infrastruktur münaqişə tərəflərinin hücumlarına məruz qalıb, zədələnib və ya dağıdılıb. Azyaşlıların öldürülməsi və şikəst olmasına, yaxud onların asılı olduqları həyati xidmətlərin məhv edilməsinə və pozulmasına heç nə haqq qazandırmır”.