Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koştanın 2026-cı il 11 mart tarixli birgə mətbuat bəyanatında regional təhlükəsizlik və sülh prosesi xüsusi ilə qeyd olunub. Bəyanatda Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması prosesinin dəstəklənməsi qeyd olunur.
Sual yaranır: Ermənistanla sülh sazişinin imzalanması prosesində Aİ hansı rol oynaya bilər; eləcə də Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işlərinə Avropa şirkətlərinin və institutlarının cəlb edilməsi perspektivi necə qiymətləndirilir və yeni təhlükəsizlik arxitekturasının formalaşmasında Aİ ilə əməkdaşlıq necə inkişaf edə bilər.
Bu istiqamətdə Hafta.az-a açıqlama verən siyasi şərhçi Azər Hüseynov qeyd edib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişaf etdirilməsi ölkənin xarici siyasətinin mühüm istiqamətlərindən biridir.
"Bu siyasətin əsas məqsədlərindən biri Azərbaycanın beynəlxalq əlaqələrini şaxələndirmək və müxtəlif siyasi-iqtisadi mərkəzlərlə balanslı əməkdaşlıq qurmaqdır. Müasir beynəlxalq münasibətlər sistemində gərginliyin artması və enerji təhlükəsizliyi məsələsinin ön plana çıxması fonunda Avropa dövlətləri üçün enerji daşıyıcılarının əhəmiyyəti daha da yüksəlib", ekspert bildirib.
A.Hüseynov hesab edir ki, məhz bu şəraitdə Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkələrdən biri kimi çıxış edir:
“Xəzər regionunun zəngin enerji ehtiyatlarına malik olan Azərbaycan neft və qaz ixracı vasitəsilə Avropa bazarlarının enerji təchizatının şaxələndirilməsinə töhfə verir. Bu səbəbdən Avropa İttifaqının Azərbaycan siyasətində ölkəmizin maraqlarını nəzərə alan və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan yanaşmanın formalaşması xüsusi əhəmiyyət kəsb edir”.
Ekspert vurğulayıb ki, Azərbaycan dövlət rəhbərliyinin son illərdə həyata keçirdiyi xarici siyasət kursunda Avropa istiqaməti mühüm yer tutur. Onun sözlərinə görə, bu siyasətin əsas məqsədlərindən biri həm iqtisadi əməkdaşlığın genişləndirilməsi, həm də Azərbaycanın regional və beynəlxalq təhlükəsizlik sistemində mövqeyinin gücləndirilməsidir. Enerji layihələri, nəqliyyat dəhlizləri və siyasi dialoq platformaları bu əməkdaşlığın əsas sütunlarını təşkil edir.
Ekspert eyni zamanda qeyd edib ki ki, Azərbaycanın təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsi də bu siyasətin mühüm tərkib hissəsidir:
“Regionda davam edən geosiyasi proseslər fonunda Bakı müxtəlif beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirməyə çalışır və bu istiqamətdə Avropa İttifaqı ilə münasibətlər xüsusi əhəmiyyət daşıyır. Ermənistan ilə münasibətlər kontekstində isə Avropa İttifaqının rolu daha çox siyasi və diplomatik dəstək çərçivəsində qiymətləndirilə bilər. Xüsusilə Zəngəzur dəhlizi məsələsinə gəldikdə, Avropa İttifaqının regionda birbaşa iştirak imkanları məhduddur. Bu səbəbdən təşkilat əsasən siyasi təşviq, diplomatik təşəbbüslər və iqtisadi layihələrə dəstək verməklə proseslərə təsir göstərməyə çalışır. Beləliklə, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər həm enerji əməkdaşlığı, həm də regional təhlükəsizlik və iqtisadi inteqrasiya baxımından qarşılıqlı maraqlara əsaslanır. Mövcud geosiyasi şəraitdə bu əməkdaşlığın inkişafı Azərbaycanın balanslaşdırılmış və praqmatik xarici siyasət kursunun mühüm elementlərindən biri kimi çıxış edir”.
Tahirə Qafarlı