AZ

İran müharibəsi Gürcüstan səmasını “qızıla çevirdi”

İran üzərindən beynəlxalq uçuşların dayandırılması səbəbindən aviasiya şirkətləri nəinki İran, həm də onun ətrafındakı bir çox hava məkanını təhlükəli sayaraq istifadədən çıxarıblar. Nəticədə Avropa ilə Asiya arasında səma marşrutları dəyişdirilib və çox sayda reyslər Gürcüstan səması üzərindən yönləndirilməyə başlanıb.

Musavat.com xəbər verir ki, əvvəllər gün ərzində Gürcüstan səmasından təxminən 640 reys həyata keçirilirdisə, hazırda bu rəqəm təxminən 2 minə yaxınlaşaraq rekord səviyyəyə çatıb. Bu isə Gürcüstanın hava məkanının iqtisadi və strateji əhəmiyyətini daha da artırıb. Aviasiya mütəxəssislərinin hesablamalarına görə, hər bir təyyarə uçuş zamanı Gürcüstanın “Sakaeronaviqasiya” şirkətinə orta hesabla təxminən 189 dollar naviqasiya rüsumu ödəyir. Bu məbləğə görə ölkə büdcəsinə gündə təxminən 280-375 min dollar daxil olur ki, bu da bir dəqiqədə təxminən 1000 dollar gəlir deməkdir.

Qeyd edək ki, 2026 cı ilin fevralında bölgədə gərginlik kəskin şəkildə artıb. ABŞ və İsrailin İran ərazisinə yönəlmiş hərbi əməliyyatları sonrası İran hava məkanı tamamilə mülki uçuşlar üçün bağlanıb və digər qonşu ölkələr də hava məkanlarında mülki aviasiya üçün məhdudiyyətlər tətbiq ediblər. Belə ki, İranın öz hava məkanı mülki trafik üçün qapalı elan olunub, bu da beynəlxalq aviaşirkətləri təhlükəsizlik baxımından həmin səmalardan istifadə etməməyə məcbur edib.

Avropa Birliyi və beynəlxalq aviasiya orqanları da İran hava məkanını təhlükəli hesab edərək, bu sahədən kənarda qalmağı tövsiyə edən rəsmi xəbərdarlıqlar yayıblar. Bu addım tədbir məqsədi daşıyır və mülki sərnişinlərin təhlükəsizliyini təmin etməyə yönəlib.

Şahanə Rəhimli
Musavat.com

 

Seçilən
26
musavat.com

1Mənbələr