AZ

Mənzili təmirli, yoxsa təmirsiz almaq daha sərfəlidir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Son zamanlarda təmirsiz mənzil satışı təmirli mənzil satışından daha çoxdur. Çoxmərtəbəli binalarda mənzillər adətən təmirsiz satılır. Bəs mənzili təmirsiz, yoxsa təmirli almaq daha sərfəlidir?

Əmlak üzrə ekspert Anar Nəsirov Banco.az-a bildirib ki,hazırkı bazarda təmirsiz mənzillərə tələbat təmirli mənzillərlə müqayisədə daha çoxdur:

"Bunun bir neçə səbəbi var və bu səbəblərdən bəzilərini diqqətinizə çatdırmaq istəyirəm.

1. Zövq məsələsi

İnsanlar düşünür ki, kiminsə hazır təmir etdiyi mənzili alsalar, o mənzil haradasa 90 faiz onların zövqünə uyğun olsa belə, qalan 5–10 faiz uyğun olmayacaq. Bu səbəbdən də çoxları təmirsiz mənzil alaraq onu öz şəxsi vəsaiti hesabına, öz zövqlərinə uyğun şəkildə təmir etdirməyə üstünlük verir.

2. Təmir prosesinə nəzarət imkanı

Təmirsiz mənzil alıb təmir etmək mənzil alanlar üçün daha münasib hesab olunur. Çünki təmir sıfırdan aparıldıqda insan dəqiq bilir ki, harada nə istifadə olunub, hansı materialdan istifadə edilib və hansı işlər görülüb. Məsələn, mətbəxin, dəhlizin və digər otaqların necə hazırlanacağına alıcı özü qərar verir.

Burada dizayn məsələsi də mühüm rol oynayır. Mənzil sıfırdan təmir olunarkən alıcı dizaynı öz istəyinə uyğun seçə və həmin dizayna uyğun təmir etdirə bilir.

3. Tikinti materiallarının keyfiyyəti

Təmir zamanı istifadə olunan materiallar da çox vacib rol oynayır. Məsələn, kafel materiallarını götürsək, onların qiyməti və keyfiyyəti çox fərqlidir. Elə kafel var ki, 12 manata olur, eləsi var 32 manata, 42 manata, 50 manata və hətta 70 manata qədər.

Bu yalnız kafellərlə bağlı deyil. Su boruları, kanalizasiya sistemləri, alçipan və digər tikinti materialları da bu məsələdə mühüm rol oynayır. Yəni bütün materialların həm ucuz, həm də keyfiyyətli variantları var.

Hazır təmirli mənzil aldıqda isə istifadə olunan materialların keyfiyyətini dəqiq müəyyən etmək çətin olur. Məsələn, elektrik sistemi və ya digər texniki işlərdə hansı materiallardan istifadə edildiyini görmək mümkün olmur. Buna görə də vətəndaşlar bu amilləri nəzərə alaraq daha çox təmirsiz mənzil alıb onu öz vəsaitləri hesabına təmir etdirməyə üstünlük verirlər.

4. Maliyyə məsələsi

Digər mühüm səbəblərdən biri də maliyyə məsələsidir. Podmayak mənzil alıb onu öz hesabına təmir etdirmək bir çox hallarda hazır təmirli mənzil almaqdan daha sərfəli hesab olunur.

Hazırda bazarda təmir edib mənzil satan insanlar çoxdur. Bu işlə xüsusi məşğul olan şəxslər var ki, podmayak və ya qara divar mənzilləri alıb təmir edir və satışa çıxarırlar. Onların arasında işi keyfiyyətli görənlər də var, daha ucuz materiallardan istifadə edənlər də.

Bu insanlar mənzili təmir edib satarkən kvadratmetrə görə müəyyən qazanc əldə edirlər. Buna görə də bəzi vətəndaşlar düşünür ki, hazır təmirli mənzil almaqdansa, podmayak mənzil alıb özləri təmir etdirsələr, həmin qazanc özlərinə qalacaq və eyni zamanda mənzili istədikləri şəkildə təmir etdirə biləcəklər".

Ekspert qeyd edib ki, bununla belə, təmirli mənzillərin hamısına eyni yanaşmanı tətbiq etmək doğru olmaz: "İşini düzgün və keyfiyyətli görən insanlar da var. Hətta elə hallar olur ki, bir nəfər mənzili çox keyfiyyətli şəkildə, bahalı tikinti materiallarından istifadə etməklə təmir edir.

Lakin burada başqa bir nüans ortaya çıxır. Təmir edən şəxs mənzili öz zövqünə uyğun hazırlayır. Mənzili alan şəxsin zövqü isə fərqli ola bilər. Bu zaman alıcı bəzi hallarda mənzili yenidən öz zövqünə uyğun dəyişmək məcburiyyətində qalır. Bu dəyişikliklər çox vaxt oboyların seçimi, rəng seçimi, tavanların işlənməsi və ya kafel-metlax kimi elementlərlə bağlı olur. Hətta ən bahalı materiallardan istifadə olunsa belə, rəng və dizayn baxımından alıcının zövqünə uyğun gəlməyə bilər.

Bu səbəbdən də insanlar çox vaxt düşünürlər ki, mənzili əvvəlcədən öz zövqlərinə uyğun şəkildə təmir etdirmək daha məqsədəuyğundur".

"Digər tərəfdən bir haşiyə də qeyd etmək olar. Bəzən insanlar müəyyən qədər köhnə təmirli mənzil alsalar, bu onlar üçün podmayak mənzil alıb təmir etdirməkdən daha ucuz başa gələ bilər.

Hazırda bəzi hallarda təmirli mənzillərin qiyməti təmirsiz mənzillərdən də aşağı ola bilir. Yəni podmayak mənzillər bəzən daha bahalı və əlçatmaz olur.

Bu qiymət fərqləri bir çox amillərdən asılıdır:

  • binanın tikildiyi il,
  • binanın keyfiyyəti,
  • yerləşdiyi ərazi,
  • mənzilin mərtəbəsi və digər xüsusiyyətlər.

Məsələn, bir neçə il əvvəl tikilmiş yeni binalarda məsələn 10 və ya 12 il əvvəl tikilmiş binalarda daha ucuz mənzillər tapmaq mümkündür. Lakin belə mənzillər çox vaxt köhnə təmirli olur.

Əgər həmin təmiri söküb yenidən təmir etmək istəsəniz, burada əlavə xərclər yaranır:

  • köhnə təmirin sökülməsi,
  • tikinti tullantılarının daşınması,
  • yeni təmir işlərinin aparılması.

Bütün bunlar əlavə maliyyə tələb edir", - A. Nəsirov bildirib.

Ekspert son olaraq əlavə edib ki, qısa və konkret desək, hazırkı bazarda tələbat daha çox podmayak mənzillərədir: "Xüsusilə maddi imkanı daha yaxşı olan insanlar təmirsiz mənzil alıb onu öz zövqlərinə uyğun şəkildə təmir etdirməyi daha məqsədəuyğun hesab edirlər.

Maddi imkanları məhdud olan insanlar isə daha çox köhnə binalardan və ya daha əlçatan qiymətli mənzillərdən istifadə etməyə üstünlük verirlər. Çünki podmayak mənzillərin qiyməti çox vaxt təmirli mənzillərdən daha yüksək olur".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
88
1
banco.az

2Mənbələr