Azərbaycanın qlobal diplomatiyada strateji qələbəsi
Müasir Azərbaycanın xarici siyasət strategiyası cənab Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi altında özünün ən qüdrətli və təsirli dövrünü yaşayır. Bu gün rəsmi Bakı təkcə regionun lider dövləti deyil, həm də qlobal miqyasda qərar qəbul edən, beynəlxalq enerji və nəqliyyat təhlükəsizliyinin əsas arxitektoru olan bir paytaxtdır. Martın 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta arasında keçirilən görüş və verilən bəyanatlar ölkəmizin beynəlxalq nüfuzunun, xüsusilə Avropa təsisatları ilə münasibətlərinin keyfiyyətcə yeni, strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini bir daha təsdiqlədi. Bu görüş dövlət başçımızın həyata keçirdiyi çoxşaxəli və milli maraqlara söykənən diplomatik kursun növbəti parlaq təntənəsidir.
Cənab Prezident öz bəyanatında iqtisadi tərəfdaşlığın rəqəmlərlə ifadə olunan möhtəşəm mənzərəsini cızdı. Cari ilin yanvar ayında ticari dövriyyəmizin 50 faizinin məhz Avropa İttifaqı ilə bağlı olması Azərbaycanın Avropa üçün əvəzolunmaz tərəfdaş olduğunun ən bariz göstəricisidir. Dövlətimizin başçısının vurğuladığı kimi, bu gün Azərbaycan Avropa İttifaqının 10 üzvü daxil olmaqla, ümumilikdə 16 ölkəni mavi qazla təchiz edir. Boru kəməri ilə qaz ixracında dünyada bir nömrəli ölkə statusunu qazanmağımız Azərbaycanın "Enerji sahəsində Strateji Tərəfdaşlıq" sənədinə sadiqliyinin və qitənin enerji xəritəsini yenidən formalaşdıran gücünün əyani sübutudur. Bununla yanaşı, yaxın illərdə hasilatın minimum 10 milyard kubmetr artırılması və bərpaolunan enerji potensialının ixracı ilə bağlı qarşıya qoyulan hədəflər Azərbaycanın gələcək onilliklərdə də Avropanın yaşıl enerji keçidində əsas oyunçu olacağını qətiləşdirir.
Lakin bu görüşün ən strateji məqamı regionda yaranmış yeni reallıqların — sülh və əməkdaşlıq mühitinin cənab Prezident tərəfindən dünyaya bəyan edilməsi oldu. Dövlətimizin başçısı Ermənistanla münasibətlərdə əldə olunan irəliləyişləri, xüsusən də son yeddi ayda hökm sürən sülh şəraitini yüksək qiymətləndirərək, Azərbaycanın sülhə sadiqliyini təkcə sözdə deyil, əməldə də sübut etdiyini bildirdi. Ermənistana neft məhsullarının təchizatı və tranzit məhdudiyyətlərinin aradan qaldırılması Azərbaycanın qalib dövlət olaraq bölgədə dayanıqlı rifahın bərqərar olması üçün nümayiş etdirdiyi böyük siyasi iradənin nümunəsidir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, sülhdən yaxşı heç nə ola bilməz və Azərbaycan xalqı müharibənin ağrılarını bildiyi üçün bu sülhü hər kəsdən daha çox dəyərləndirir. Bu diplomatik həmlələr bir daha göstərir ki, Azərbaycanın qüdrəti təkcə onun iqtisadi və hərbi resurslarında deyil, həm də cənab Prezidentin ədalətli, qətiyyətli və uzaqgörən liderliyindədir.
İlqar Kərimov,
YAP Tovuz Rayon Təşkilatının sədr müavini