AZ

Azərbaycanda ictimai nəqliyyatda yeni model - “Brutto müqavilə” nəyi dəyişəcək?

Azərbaycanda ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində növbəti illərdə mühüm dəyişikliklər planlaşdırılır. Bu dəyişikliklər çərçivəsində 2026–2028-ci illər ərzində “brutto müqavilə” modelinə mərhələli keçid nəzərdə tutulur. Yeni modelin tətbiqinin ictimai nəqliyyatın idarə olunmasına, xidmət keyfiyyətinə və sərnişin daşımalarının təşkilinə necə təsir edəcəyi isə maraq doğuran əsas məsələlərdən biridir.

Mövzu ilə bağlı Missiya.az-a danışan nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, “brutto müqavilə” modelinin sərnişinlərlə birbaşa əlaqəsi yoxdur. Onun sözlərinə görə, bu model daşıyıcı şirkətlərlə sifarişçi qurum arasında bağlanan müqavilə əsasında fəaliyyət göstərir.

Ekspert qeyd edib ki, əvvəlki sistemdə daşıyıcılar sərnişinlərdən topladıqları vəsait hesabına xərclərini qarşılayır və qazanc əldə edirdilər. Yeni modeldə isə sifarişçi qurum daşıyıcılara qət etdikləri kilometraja uyğun ödəniş edəcək.

“Burada əsas məqsəd ondan ibarətdir ki, bəzi marşrutlar var ki, sərnişin sayı az olduğu və məsafə uzaq olduğu üçün daşıyıcılar həmin istiqamətlərdə işləməyə maraq göstərmirlər. Lakin həmin ərazilərdə də nəqliyyat xidmətinin göstərilməsi vacibdir. Brutto müqaviləsi tətbiq olunanda isə daşıyıcılar kilometraja görə ödəniş aldıqları üçün bu istiqamətlərə getməkdə daha maraqlı olacaqlar”, – deyə o bildirib.

Y.Mustafayevin sözlərinə görə, bu halda daşıyıcılar üçün əsas məqsəd sərnişinlərdən nə qədər vəsait toplamaq deyil, daha çox marşrut üzrə hərəkət edərək kilometraj toplamaq olacaq. Bu isə ümumilikdə sərnişin daşımalarının daha geniş şəkildə təmin edilməsinə və sistemin stimullaşdırılmasına səbəb ola bilər.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
68
8
missiya.az

9Mənbələr