AZ

Efir qadağası olanlar niyə kanallardadır?

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bir neçə gündür efir qadağasında adı hallanan müğənnilərin proqramlarda qonaq olması müzakirə yaradıb. Belə ki, ötən gün “Space” TV-də yayımlanan “İbo şou”da Aşıq Namiq Fərhadoğlu ilə müğənni Şəbnəm Tovuzlu yer alıb. Bu gün isə ATV-də ekrana gələn “Rəngarəng”də Talıb Tale ilə Vəfa Şərifova qonaq olub. Bu məsələ sosial media istifadəçiləri tərəfindən etirazla qarşılanıb.Demokrat.az-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Azər Həsrət bildirib ki, əgər Audiovizual Şuranın konkret qərarı və qadağası varsa və televiziya kanalları bu qadağanı nəzərə almadan adıçəkilən şəxsləri efirə çıxarırlarsa, onlara növbəti cəza tətbiq edilməlidir:“Bu cür saymazlıq yolverilməzdir. Ola bilər ki, efir qadağası müəyyən müddət üçün qoyulub. Məsələn, bir həftəlik, bir aylıq və ya bir illik. Bu barədə məndə dəqiq məlumat yoxdur. Mənim bildiyimə görə, bəzi sənət adamlarının davranışları, geyimləri və danışıq tərzləri nəzərə alınaraq efirə çıxmaları məhdudlaşdırılıb. Əgər bu qadağa nəzərə alınmadan həmin şəxslər efirə çıxarılırsa, televiziya kanalları buna görə məsuliyyət daşımalı və cavab verməlidirlər. Həmin şəxsləri birdəfəlik efirdən uzaqlaşdırmaq lazımdır. Onlar üçün müəyyən çərçivə müəyyənləşdirilməli və izah edilməlidir ki, televiziya efirində görünmək istəyirlərsə, davranışları, danışıq tərzləri və geyimləri bu çərçivəyə uyğun olmalıdır. Bu qaydalara əməl edən istənilən sənətçi efirə çıxa bilər”. O vurğulayıb ki, əks halda televiziya kanalı məsuliyyət daşıyır və belə şəxsləri efirə buraxmamalıdır:“Açığını desəm, adıçəkilən şəxsləri efirdə izləməmişəm, əvvəllər də davamlı izlədiyim və yaxından tanıdığım insanlar deyillər, sadəcə adlarını eşitmişəm. Qadağadan sonra da onların efirə çıxması halları baş veribsə, bu zaman televiziya kanalları məsələ ilə bağlı izah verməlidirlər. İlk növbədə bu izah Audiovizual Şuraya təqdim olunmalıdır. Əgər həmin izah ağlabatan və əsaslı olarsa, bundan sonra Audiovizual Şura özü cəmiyyətə açıqlama verməlidir”.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
48
demokrat.az

1Mənbələr