Bakı, 12 mart, AZƏRTAC
Qaradağ Regional İdarəsində Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) cari il üçün Tədbirlər Planına uyğun olaraq “Komanda-Qərargah” təlimi keçirilib.
Bu barədə AZƏRTAC-a SOMDA-dan məlumat verilib.
Bildirilib ki, Müdafiə, Daxili İşlər, Fövqaladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, “BP Caspian Sea Exploration ltd” şirkətinin nümayəndələrinin iştirakı ilə keçirilən təlim “Səngəçal Terminalının istismar sahəsində təxribata cəhdin qarşısının alınması” məsələlərinə həsr olunub.
Təlimin məqsədi bu sahədə mümkün risklərin vaxtında müəyyən edilməsi və qarşısının alınması, aidiyyəti dövlət və hüquq mühafizə orqanları ilə birgə fəaliyyətin təkmilləşdirilməsi, əməliyyatların koordinasiyası, həmçinin xidmət zamanı əməkdaşların sayıqlığının artırılması istiqamətində nəzəri-praktiki bilik və bacarıqların inkişaf etdirilməsi olub.