AZ

Asiyadakı azərbaycanlı: "Yaxşı çıxış etsəm, bəlkə də millinin məşqçiləri buna diqqət yetirər" - MÜSAHİBƏ

Qırğızıstan yüksək liqasında iki turdan sonra iki liderdən biri azərbaycanlı futbolçular - Orxan Əliyev, Ramin Əhmədov və İldar Alekperovun formasını geyindiyi "Ozgon"dur. Hər iki turda komandasının qələbəsində pay sahibi olanlardan biri Alekperovdur. Sportal.az saytına müsahibə verən U-21 yığmamızın sabiq üzvü əsas milliyə dəvət edilmək istədiyini də deyib.

- Komandanız mövsümə uğurla başladı və ardıcıl iki matçı qalib başa vurmusunuz....

- Bəli, mövsümə çox yaxşı başlamışıq və bu, əladır. Amma bu, çempionatın yalnız başlanğıcıdır. Ən əsası işləməyə davam etmək və rahatlaşmamaqdır. Qarşıda hələ çox oyun var. Diqqətimizi cəmləməli və oyundan-oyuna performansımızı artırmalıyıq. Komandanın birinci yerdə olmasına çox sevinirəm. Ancaq mövsüm çox uzundur.

- "Ozgon"un çempionluq şanslarını necə dəyərləndirirsən? Səncə, bu mövsüm çempion ola biləcəksiz?

- Düşünürəm ki, komandamızın çempion olmaq üçün yaxşı şansı var. Yaxşı heyətimiz, güclü oyunçularımız və ambisiyamız var. Amma futbolda hər şeyi qabaqlayaraq, qabağa qaçmaq olmaz. Hər növbəti oyun haqqında düşünmək lazımdır. Eyni intizamla işləməyə və yüksək səviyyəni qorumağa davam etsək, çempionluq uğrunda mübarizə apara bilərik.

Bu ay Azərbaycan millisinin toplanışı olacaq, yığmamız "FİFA series" turnirində meydana çıxacaq. Klubundakı uğurlu çıxışına görə, milliyə dəvət ediləcəyinə inanırsan?

Milli komandada oynamaq hər bir futbolçunun arzusudur. Əlbəttə ki, bu şansı qazanmağı həqiqətən çox istəyirəm. Amma hazırda əsas məqsədim “Ozgon” üçün yaxşı oynamaq, komandanın qələbə qazanmasına kömək etmək və ardıcıl oynamaqdır. Yaxşı çıxış etsəm, bəlkə də milli komandanın məşqçilər heyəti buna diqqət yetirər.

- Qırğızıstan çempionatının növbəti turunda rəqibiniz "Alqa"dır. İki turdan sonra maksimum nəticə ilə oynayan digər komanda da onlardır. Vahid lider olmaq baxımından vacib görüşdür....

- Bəli, bu, çox maraqlı və vacib oyun olacaq. Çünki hər iki komanda mövsümə iki qələbə ilə başlayıb. “Alqa” güclü rəqibdir və biz onlara hörmətlə yanaşırıq. Amma ciddi hazırlaşacağıq və üç xal qazanmaq üçün ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq.

- Azərbaycan və Qırğızıstan liqaları arasında fərq çoxdur? Deyəsən, oyunların əksəriyyəti süni örtüklü meydançada keçirilir...

- Fərqlər var. Azərbaycan Premyer Liqa daha taktiki və intensivdir. Qırğızıstanda isə bir çox oyun süni örtüklü meydançada keçirilir və buna öyrəşmək də lazımdır. Amma hər iki liqada yaxşı komandalar və keyfiyyətli oyunçular var. Hər liqa özünəməxsus şəkildə maraqlı və rəqabətlidir.

- Yeri gəlmişkən, sənin üçün doğma sayılan "Sabah" hazırda Premyer Liqada liderdir. Onların "Qarabağ"ı mövsümün sonuna qədər qabaqlayaraq, çempion olacağına inanırsan?

- "Sabah"ın adına çox sevinirəm. Komandada vaxtı ilə paltardəyişmə otağını və meydanı paylaşdığım oyunçular var. Yaxın dostum Aleksey İsayev də oraya geri döndü. Onunla birlikdə komanda yeni görünüşə malikdir və onların yaxşı oynadığını görməkdən məmnunam. Qarşıda hələ çox oyun var, amma stabil oynamağa davam etsələr, çempionluq uğrunda mübarizə aparmaq üçün yaxşı şansları var. Əlbəttə ki, bu nəticəni əldə etsələr, məmnun olaram.

Mirbağırağa

saytlarin hazirlanmasi

Seçilən
80
1
sportal.az

2Mənbələr