AZ

Enerji təhlükəsizliyində birgə məsuliyyət və Cənub Qaz Dəhlizinin genişlənən coğrafiyası

Yeniazerbaycan saytından alınan məlumata görə, ain.az bildirir.

Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında çıxış edən Prezident İlham Əliyev qlobal enerji gündəliyinin ən aktual məsələlərinə toxundu. O vurğuladı ki, bugünkü mürəkkəb beynəlxalq şəraitdə birlikdə toplaşmaq, açıq dialoq aparmaq və enerji təhlükəsizliyinə dair mühüm məsələləri müzakirə yolu ilə həll etmək əvvəlki dövrlərlə müqayisədə daha böyük əhəmiyyət daşıyır. Son on iki ildə baş verən geosiyasi dəyişikliklər, regional münaqişələr, enerji bazarlarında kəskin dalğalanmalar və təchizat zəncirində yaranan risklər göstərdi ki, enerji təhlükəsizliyi təkcə iqtisadi məsələ deyil, həm də milli təhlükəsizlik və sosial sabitlik amilidir.

Dövlət başçısı qeyd etdi ki, təşəbbüsün başlanmasından artıq on ildən çox vaxt keçir və bu müddət ərzində Cənub Qaz Dəhlizi təkcə infrastruktur layihəsi kimi deyil, həm də çoxtərəfli əməkdaşlıq platforması kimi özünü təsdiqləyib. Hər il keçirilən iclaslarda ötən dövrün nəticələri təhlil olunur, tərəfdaşlıq mexanizmləri təkmilləşdirilir və gələcək addımlar planlaşdırılır. Azərbaycan istehsalçı ölkə kimi, tranzit ölkələr və istehlakçılarla birlikdə qarşılıqlı fayda prinsipinə əsaslanan model formalaşdırıb. Məhz bu model layihənin uzunmüddətli dayanıqlığını təmin edib.

Prezident vurğuladı ki, Azərbaycan qazının ixrac coğrafiyası əhəmiyyətli dərəcədə genişlənib. Əvvəllər 12 ölkəyə qaz tədarük edən Azərbaycan hazırda 16 ölkənin enerji təhlükəsizliyinə töhfə verir. Bu göstərici ölkəni boru kəmərləri vasitəsilə qaz ixrac edən ölkələr arasında ön sıralara çıxarır. Xüsusilə Avropa istiqamətində əməkdaşlıq genişlənib, Almaniya və Avstriya kimi yeni bazarlara çıxış təmin olunub. Hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycan qazından istifadə edir. Bu fakt Azərbaycanın Avropanın enerji bazarında etibarlı tərəfdaş kimi qəbul olunduğunu təsdiqləyir.

Çıxışda diqqət çəkən məqamlardan biri də qaz təchizatının Avropa hüdudlarından kənara çıxması oldu. İlk dəfə olaraq Suriyaya qaz tədarükünə başlanması humanitar və iqtisadi baxımdan əhəmiyyətli addım kimi təqdim edildi. 1,5 milyard kubmetr həcmində qaz ixracı Suriya əhalisinin elektrik enerjisi çatışmazlığının aradan qaldırılmasına, sosial həyatın və biznes fəaliyyətinin canlanmasına xidmət edir. Prezident qeyd etdi ki, qaz təchizatının şaxələndirilməsi təkcə istehlakçılar üçün deyil, istehsalçılar üçün də mühüm əhəmiyyət daşıyır. Azərbaycan həm bazarlarını, həm də nəqliyyat marşrutlarını diversifikasiya etməklə riskləri minimuma endirir.

Eyni zamanda, yeni yataqların işlənməsi və mövcud yataqlarda hasilatın artırılması planları açıqlanıb. “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından hasilatın başlanması, “Abşeron” yatağının tammiqyaslı işlənməsi və “Ümid” yatağının ikinci mərhələsi ölkənin qaz potensialını əhəmiyyətli dərəcədə artıracaq. “Şahdəniz” yatağında isə 2028-ci ildən yeni mərhələnin başlaması gözlənilir. Bütün bu layihələr maksimum istehsal səviyyəsində illik əlavə 10-15 milyard kubmetr qaz hasilatına imkan verə bilər. Lakin bunun üçün mövcud nəqliyyat infrastrukturunun genişləndirilməsi vacibdir. Çünki Cənub Qaz Dəhlizi artıq tam gücü ilə işləyir və artan tələbat əlavə investisiyalar tələb edir.

Prezident İlham Əliyev Azərbaycanın enerji ehtiyatlarının etibarlı tranzit ölkəsi rolunu da xüsusi vurğuladı. Qazaxıstan və Türkmənistan neftinin Azərbaycan üzərindən nəqli artmaqdadır və mövcud infrastruktur Xəzərin şərq sahillərindən daha çox həcm qəbul etməyə imkan verir. Bundan əlavə, Türkiyədə 870 meqavat gücündə elektrik stansiyasının əldə edilməsi və Serbiyada 500 meqavatlıq yeni stansiyanın inşasına dair müqavilənin imzalanması Azərbaycanın regional enerji bazarındakı rolunu daha da gücləndirir. İtaliyada iki böyük neftayırma müəssisəsinin alınması və Egey dənizi sahilindəki mövcud zavodla birlikdə 22 milyon tonluq emal potensialının formalaşması isə ölkənin Aralıq və Egey hövzəsində strateji mövqeyini möhkəmləndirir.

Rövşən Qasımov,

YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
61
1
yeniazerbaycan.com

2Mənbələr